Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:02

"Ezamiyyət pullarımızı ödəsinlər, bizi işə bərpa etsinlər"


Arxiv-foto
Arxiv-foto
“Ezamiyyət pullarımız ödənilsin, bizi işimizə bərpa etsinlər. Mən 4 uşaq atasıyam. Uzun illər dəmiryolu sahəsində çalışmışam, bu sahədə ixtisaslaşmışam. Bundan sonra gedib harada iş axtaracam?”

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə bu yaxınlarda ixtisara düşmüş dəmiryolçu Elxan Abbasov deyir. O, əmək hüquqlarının pozulmasından şikayətlənir:

"SƏFİRLİKLƏRƏ GEDƏCƏYİK"

“Xeyli müddətdir ki, əmək hüquqlarımızın bərpası üçün ayaq döymədiyimiz qurum qalmayıb. Hətta Prezident Administrasiyasının qarşısına da getmişik”.

Keçmiş dəmiryol işçisi kişi bələdçilərin qadınlarla əvəz edilməsini haqsızlıq adlandırıb. Deyir, əmək hüquqları bərpa olunmasa, xarici səfirliklərə müraciət edəcək.

Sərnişin Daşıma İstehsalat Birliyinin rəisi Elyar Muradov isə keçmiş dəmiryolçunun iradlarını qəbul etmir:

“Dəmiryolçuların müraciətinə baxılaraq onlara cavab verilib. Onlar bildirirlər ki, biz vaqon bələdçisi işləmişik və ezamiyyət pulu almalıyıq. Onlara ezamiyyət pulu düşmür. Bununla bağlı məhkəməyə də müraciət olunub. Hazırda da məhkəmə baxışı gedir. Bu adam ezamiyyətə getməyibsə, ona necə ezamiyyət pulu verilə bilər? Onlar hesab edirlər ki, qatarın Bakıdan Ağstafaya və yaxud Bakıdan Xarkova getməsi ezamiyyət hesab olunur. Bu, ezamiyyət deyil, işdir. Bu adamların iş yeri vaqondur. Səyyari xarakterli işdir, buna görə də əlavə ödənişlərini alırlar”.

"MƏHKƏMƏ NƏ DESƏ, O DA OLACAQ"

Elxan Abbasovun vaqonlarda qadın bələdçilərə işçi kimi üstünlük verilməsinə isə Elyar Muradov belə münasibət bildirdi:

“Kişilər asan yol axtarır ki, qadın vaqonu təmizləsin, özləri isə əli cibində səyahət etsinlər. Bu, elə bir müzakirə mövzusu deyil. Bu insanlar vaqon bələdçisidir və hara getməsindən asılı olmayaraq eyni əmək haqqını alır, eyni saata da işləyir”.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov isə bildirib ki, keçmiş dəmiryolçular eyni iddialarla məhkəməyə müraciət ediblər. Məhkəmə nə qərar çıxarsa, idarə də onu icra edəcək.
XS
SM
MD
LG