Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:42
-
«R.Wagner-in Azərbaycan dilinə tərcümə olunan «Mənim həyatım» kitabı yalnız avtobioqrafik deyil, həmçinin XIX əsrin kaleydoskopudur».

Bu sözləri Almaniyanın Azərbaycandakı səfiri Heidrun Tempel Richard Wagner-in (1813-1883) «Mənim həyatım» kitabının Azərbaycan dilində nəşrinin təqdimat mərasimində söyləyib.

Heydər Əliyev Mərkəzinin yaydığı xəbərə görə, cənab səfir fonda və Heydər Əliyev Mərkəzinə bu tədbirin təşkilinə görə təşəkkürünü bildirib:

«Richard Wagner-in gözəl və mürəkkəb əsərinin Azərbaycan dilinə tərcümə olunması əla ideyadır. Richard Wagner-in sağlığında bu əsərin cəmi 25 nüsxəsi mövcud idi. Ondan bizə çox gözəl miras-musiqiləri, yaradıcılığı, gözəl əsərləri qalıb».

Cənab səfir qeyd edib ki, XX əsrin əvvəllərində Wagner-ə məhəbbət çox böyük idi:

«Bilirəm ki, o dövrdə Azərbaycanda da ona məhəbbət çox yüksək idi. 1920-ci ildə Bakıda onun operaları təqdim olunmuşdu. Wagner alman idi, ancaq o, dünya mədəniyyətinin dahisidir. Çox şadam ki, bu kitabla bir çox azərbaycanlı tanış olacaq».

«Mənim həyatım» kitabının tərcüməsi Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində gerçəkləşib.

Nəfis nəşr müəllifin üç hissədən ibarət memuarlarını əhatə edir. Oxucular kitabda böyük bəstəkar, opera sənəti islahatçısı, yazıçı və mütəfəkkir Richard Wagner-in keşməkeşli ömür yolu ilə tanış ola biləcəklər.

«Mənim həyatım»da müəllifin uşaqlığı, sənətə, musiqiyə olan sevgisinin formalaşma prosesi, gənclik macəraları, Franz Liszt, Berlioz, Mendelssohn, Spontini kimi bir çox böyük bəstəkar və musiqiçilərlə dostluğu, münasibətləri, sonradan ona ölməzlik qazandıran yaradıcı, bəzən ziddiyyətli fikirləri, «Loenqrin», «Uçan hollandiyalı» kimi klassik musiqi şedevrlərinin tarixçələri əksini tapıb.

Kitabın redaktoru, Azad Azərbaycan Teleradio Kompaniyasının prezidenti Vüqar Qaradağlıdır.

Ötən il dünya dahi alman bəstəkarı Richard Wagner-in 200 illiyini qeyd edib.
2013-cü il UNESCO tərəfindən «Wagner ili» elan olunmuşdu.

Təqdimat mərasimində Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Wagner-in əsərlərindən parçalar da ifa edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG