Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:06
-
Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə 7 alim AMEA-nın görkəmli alim və mütəfəkkirlərin adına təsis edilmiş mükafatlarla təltif olunub.

Bir müddət əvvəl AMEA Rəyasət Heyəti alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, eləcə də Azərbaycanın bir sıra görkəmli alim və mütəfəkkirlərinin xatirəsini əbədiləşdirmək məqsədilə «Azərbaycanın görkəmli alimlərinin adına AMEA-nın mükafatlarının təsis edilməsi haqqında» qərar qəbul etmişdi.

AMEA-nın yaydığı xəbərə görə, akademiyanın elmi bölmələri mükafatlara təqdim olunmaq üçün namizədlər irəli sürüb və bu məsələ AMEA mükafatları üzrə Ekspert Komissiyasında müzakirə olunub.

Ekspert Komissiyasının namizədlər haqqında rəylərini nəzərə alan AMEA Rəyasət Heyəti aprelin 8-də keçirilən iclasında 7 alimin mükafatlandırılmasına dair qərar qəbul edib.

Qərara əsasən:

- akademik Çingiz Qacar biratomlu spirtlərin və törəmələrinin trans- və qoş-konformerlərinin fırlanma spektrlərinin identifikasiya edilməsi sahəsindəki fundamental tədqiqatları və mühüm nailiyyətlərinə görə AMEA-nın Nəsrəddin Tusi adına mükafatı ilə;

- akademik Ömər Eldarov Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə AMEA-nın akademik Üzeyir Hacıbəyli adına mükafatı ilə;

- akademik Cəlal Əliyev Azərbaycanda kənd təsərrüfatı bitkilərinin fiziki-kimyəvi biologiyası sahəsində fundamental tədqiqatları və əldə etdiyi nailiyyətlərinə görə AMEA-nın Həsən bəy Zərdabi adına mükafatı ilə;

- akademik Məhərrəm Məmmədyarov xüsusi texnika üçün vacib olan sintetik yağların yaradılması və kimya sahəsində əldə etdiyi nailiyyətlərə görə AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatı ilə;

- akademik Böyükkişi Ağayev Azərbaycanda səhiyyənin və tibb elminin fundamental və tətbiqi sahələrinin inkişafındakı çoxillik xidmətləri və əldə etdiyi nailiyyətlərə görə AMEA-nın akademik Mirəsədulla Mirqasımov adına mükafatı ilə;

- AMEA-nın müxbir üzvü İradə Hüseynova kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və əldə etdiyi nailiyyətlərinə görə AMEA-nın Həsən bəy Zərdabi adına mükafatı ilə;

- geologiya-mineralogiya elmləri doktoru, professor Fərid Dadaşov Azərbaycan geologiya elmi sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasındakı mühüm xidmətlərinə görə AMEA-nın akademik Musa Əliyev adına mükafatı ilə təltif olunublar.

Alimlərə mükafatlar AMEA-nın aprelin 18-də keçiriləcək illik Ümumi yığıncağında təqdim olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG