Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:13
-
Aprelin 8-də Azərbaycan Dövlət Musiqili Teatrında Xalq artisti, Dövlət Mükafatı laureatı Lütfəli Abdullayevin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.

Yubiley gecəsini tanınmış rejissor, əməkdar incəsənət xadimi Cahangir Novruzov aparıb.

Gecədə çıxış edən Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev yubilyarı Azərbaycan mədəniyyətinin, teatr sənətinin ən parlaq və ləyaqətli korifey nümayəndələrindən, Azərbaycan gülüş sənətinin yaradıcılarından biri kimi qiymətləndirib.

Nazir müavini bildirib ki, Lütfəli Abdullayev çox qısa, lakin son dərəcə zəngin bir ömür yolu keçib. Nəsibə Zeynalova, Bəşir Səfəroğlu kimi sənətkarlarla bir səhnəni bölüşüb: «Bu üçlük teatr sənətimizdə komediya janrına sanki bir canlılıq gətirmişdi. Onların səhnədəki hər oyunu minlərlə tamaşaçı üçün sağlam gülüş, əsl sənət və yaradıcılıq qaynağı olmuşdu. Bu sənətkarlar xalqla xalq dilində danışmış, onları güldürmüş, səhnədə göstərilənlərdən nəticələr çıxarmağa şərait yaratmışlar».

Gecədə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad BədəlbəyliCahangir Novruzov sənətkarla bağlı xatirələrini bölüşüb, Lütfəli Abdullayevi gözəl insan, yaxşı ailə başçısı, humanist bir vətəndaş kimi tanıdıblar.

Gecədə görkəmli sənətkarın oynadığı film və tamaşalardan fraqmentlər göstərilib.

Bakı teatrlarının kollektivləri xüsusi olaraq yubiley gecəsi üçün hazırladıqları səhnəciklərlə çıxış ediblər.

Teatrın foyesində Lütfəli Abdullayevin fotoşəkillərindən ibarət sərgi də nümayiş olunub.

Lütfəli Abdullayevin 100 illik yubileyinin keçirilməsi haqqında Prezident Sərəncamına əsasən, paytaxtda və ölkənin bütün bölgələrində ilboyu gülüş gecələri, çoxlu sayda sərgilər, xatirə gecələri, filmlərin nümayişi və tədbirlər təşkil ediləcək.

Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı tədbirlər planı sırasına sentyabrın 19-da Şəkidə Lütfəli Abdullayevin xatirəsinə həsr olunmuş birinci böyük gülüş bayramı və tədbir də daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG