Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:31
-
Babək rayon sakini Qadir Quliyev Naxçıvan Muxtar Respublikası Qaz İstismar İdarəsindən şikayətçidir. O deyir ki, oğluna tikdiyi evə qaz xətti çəkilməsi üçün ondan rüşvət tələb olunub:
«Oğlum yeni evlənib. Güc-bəla ilə torpaq alıb ev tikmişəm ki, köçüb ailəlikcə yaşasınlar. Evi hazırlamışıq, indi gəlib qaz çəkmək istəmirlər. Babək rayon Qaz İstismarı İdarəsinə müraciət etdim, ordan dedilər ki, qaz çəkilişini bizim əlimizdən alıb, muxtar respublika idarəsinə veriblər. Zəng elədim ora. Dedilər gəl, protokola imza at, gəlib xətti çəkək. Getdim, dedilər ki, protokol-zad lazım deyil, bir yük maşını kirayələ, bir də taksi. Dedilər, avadanlıqları və işçiləri aparmağa maşın yoxdur. Mən etiraz etdim. Dedim ki, bəs idarədəki maşınlar nəyə görədir? Dedilər, onların benzini yoxdur. Qayıtdım evə, zəng etdim idarəyə. Oradan da dedilər ki, heç olmazsa, maşınların benzinini al, gəlib çəksinlər».

«TƏSDİQLƏDİLƏR Kİ, BU RÜŞVƏT HALIDIR...»

Qadir Quliyev deyir ki, bundan sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin «qaynar xətti»nə zəng edib:

«Zəng etdim, təsdiqlədilər ki, bu rüşvət halıdır və şikayətimi də qəbul etdilər. Üstündən azı bir ay keçsə də, bir cavab ala bilməmişəm. Söhbət ondan getmir ki, mən 45-50 manat verib, benzin alıb işimi gördürə bilərəm. Ancaq niyə belə olmalıdır? Niyə onların görməli olduğu işi rüşvət verib elətdirməliyəm. Mən özümə söz vermişəm ki, heç vaxt rüşvət verməyəcəyəm. Ona görə də haqqımı tələb edirəm».

«BELƏ ADAM MÜRACİƏT ETMƏYİB»

Naxçıvan Muxtar Respublikası Qaz İstismar İdarəsindən Qadir Quliyevin iddialarını əsassız sayırlar:
«Yalan söhbətdir. Belə adam müraciət etməyib. Gəlib qaz çəkdirmək istəyirsə, sənədlərini təqdim etsin. Pulsuz çəkirik qazı. Mümkün deyil ki, kimdənsə pul istəyək. Müraciət edər, baxarıq».

Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən bildirdilər ki, qeydə alınan bütün şikayətlər araşdırılır və müvafiq addımlar atılır:
«Biz müraciətlərə 20 gün ərzində baxırıq. Əgər həqiqətən də onun müraciətindən 1 aydan artıq vaxt keçibsə, artıq baxılıb. Problem olarsa, təkrar bizimlə əlaqə saxlaya bilər».

Şərhləri göstər

XS
SM
MD
LG