Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:54

Yerli sahibkarlar bazara niyə girə bilmir? [Video]


-
«İşdən sonra» verilişində ekspert Vahid Məhərrəmov və regionlarda çalışan sahibkarlar üzləşdikləri problemləri və bunların həlli yollarını müzakirə ediblər.

«QAZANCIMIZ ÇOX AŞAĞIDIR»


Gədəbəyli fermer Elduzə Abbasova deyir ki, əkib-becərdikləri kartofun satışından ildə cəmi 250-300 manat qazanc götürürlər:

«Əziyyət çəkib kartof əkib-becəririk. Ancaq məhsulu satmaqda çətinlik çəkirik. 25 sot torpağımız var. Xərcimiz 250 manat olursa, 500-700 manat götürürük. Məhsulu gəlib qapıdan alırlar. Ən çox bu il -1200 manat götürmüşük. Çünki bu il 60 qəpikdən satdıq kartofu...».

«NEÇƏYƏ İSTƏSƏLƏR MƏHSULUMUZU SATIRIQ Kİ, TƏKİ ƏLİMİZDƏ QALMASIN»

Samux rayonundan fermer Nəriman Ələkbərov məhsulu aşağı qiymətə satmalı olduqlarını deyir:
«Problem məhsulun satışındadır. Taxıl, üzüm əkib-becərirəm. Özüm sata bilmirəm. Gəlib qapıdan alırlar, ancaq qiymət ürəkaçan deyil. Neçəyə istəsələr satırıq ki, təki əlimizdə qalmasın. Buğdanın qiyməti çox ucuzdur. Anbarlar yoxdur deyə, məcbur olub ucuz satırıq...».
«Məhsulu özüm satışa çıxara bilmirəm. Çünki buna vaxt lazımdır. Təsərrüfatla məşğul olmaqdan vaxt tapa bilmirəm. Ancaq əhalinin gur olduğu yerlərdə satış təşkil olunsa, yaxşı olar. Biz də bazardan ucuz qiymətə satarıq məhsulumuzu...».

«TOPDAN SATIŞLA MƏŞĞUL OLANLAR DAHA ÇOX QAZANIRLAR»

Ekspert Vahid Məhərrəmov deyir ki, problemlərdən biri kəndlinin pay torpaqlarının kəndin müxtəlif hissələrində olmasıdır:
«Regionlarda kənd təsərrüfatı məhsulunun bazara çıxarılmasında bir sıra problemlər var. Kəndlinin pay torpağı bir neçə hissəyə bölünür. Kəndin fərqli hissələrində əkib-becərmək çətinləşir. Belə halda kəndli yalnız bir-iki hissədə olan pay torpağından istifadə edir. Məhsulu az olduğu üçün maşın tutub şəhərə gətirmək kəndliyə sərf etmir...».

Vahid Məhərrəmovun fikrincə, məhsulun satışının təşkilində də problemlər var:
«Digər bir problem məhsulun Bakıda satışını təşkil etməkdir. Tədarükçü fermerdən məhsulu 60 qəpiyə alırsa, Bakıya gətirincəyə qədər 10 qəpik də əlavə xərc çəkir. Bakıda mövcud olan bazarlar isə tutulub. Tədarükçülər gətirdiyi məhsulu bu bazarlardakı adamlara, topdansatış mərkəzlərinə təklif edirlər. Topdansatışla məşğul olanlar daha çox gəlir qazanırlar, çünki onlar məhsulu alarkən öz maraqlarını güdürlər...».

«Sovet hökuməti dövründə bazarlar dövlətə məxsus idi. Kəndlilər özləri gətirib kolxoz bazarlarında məhsullarını rahat sata bilirdilər. İndi isə bazarlar xüsusi mülkiyyətdədir. Həmin bazarlar da tutulub. Satıcılar bazar sahibinə daimi vəsait ödəyirlər. Gündəlik ödənişin 50 qəpik-1 manat olduğu bazarlar var. Ədalətsizliyi aradan qaldırmaq üçün kəndlilərə imkan yaradılmalıdır ki, əkib-becərdiyi məhsulu özləri birbaşa istehlakçıya satsın. Kəndlilər qabaqcadan tədarükçülərlə müqavilə bağlaya bilərlər ki, məhsulu bazar qiymətindən neçə faiz aşağı satacaqlar. Satışı həyata keçirən ticarətçilər, supermarket sahibləri də özləri fermerlərlə əlaqə yaradıb onlarla müqavilə bağlaya bilərlər ki, fermerlər məhsulu gətirib supermarketlərə versinlər...».
XS
SM
MD
LG