Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:24

İranın keçmiş səfiri: «Altdan-altdan hansısa işlər görülməməlidir»


Əfşar Süleymani

Əfşar Süleymani

-
2003-2006-cı illərdə İranın Azərbaycanda səfiri olmuş Əfşar Süleymani Azərbaycan prezidentinin İrana səfərini AzadlıqRadiosuna şərh edir.

- Əfşar bəy, keçmiş səfir kimi, prezident İlham Əliyevin İrana səfərini necə dəyərləndirirsiniz?

- Hesab edirəm bu önəmli səfərdir. Son 7-8 ildə iki ölkə arasında bəzi məsələlər ortaya çıxıb. İndi o məsələlərin aradan qaldırılması üçün müzakirələr aparılmalıdır.

- Bəlkə sadalayasınız, iki ölkə arasında hansı problemlər var?

- Bilirsiniz, ölü diriltmək yaxşı deyil, ölüyə rəhmət oxumaq lazımdır. İndiki İran prezidenti xarici siyasətdə önəmli istiqamət götürüb. Bu istiqamət də beynəlxalq aləmdə bütün ölkələrlə, ö cümlədən region ölkələri ilə əlaqələrin dərinləşməsindən ibarətdir. Təbii ki, bu əlaqələr müştərək mənafelər, qarşılıqlı inam üzərində qurulmalıdır. Sözdə desək də, tarixi ənənələrdən gələn əlaqələrdən hələ də lazımınca bəhrələnə bilməmişik. Cənab Ruhaninin yeni siyasəti ilə yaxşı addımlar atıla bilər və bu baxımdan İlham Əliyevin İrana səfəri önəm daşıyır. Bu görüşdən sonra iki ölkə arasında iqtisadi və mədəni sahədə yeni imkanlar yarana bilər.

- İranla Azərbaycan arasında hansı problemlər mövcuddur?

- Hatəminin prezidentliyi dövründə, onun yürütdüyü xarici siyasət nəticəsində iki ölkə arasında əlaqələr yaxşı idi. İlham Əliyevin İrana ilk səfəri də onun prezidentliyi dövrünə təsadüf edib. Onda mən səfir idim. Xəzər Zirvə Toplantısını çıxmaqla, 8 ildə İlham Əliyev İrana iki dəfə rəsmi səfərə gedib. O vaxt iki ölkə arasında 14 sahə üzrə sənəd imzalanmışdı. Əhmədinejad dövründə bəzi problemlər oldu...

- Söhbət hansı problemlərdən gedir?

- Məsələn, Azərbaycanda bəzi yerlərdə yığıncaqlar oldu. Düzdür, bu toplantıları dövlət keçirmədi, hər halda İran istəmirdi ki, onlar olsun. Bundan başqa İranda bəzi məsələlər oldu ki, onu da Azərbaycan istəmirdi. İranda və Azərbaycanda bəzi adamlar həbs olundu. Söhbətlər getdi ki, guya İran Azərbaycan əleyhinə altdan-altdan hansısa işlər görür və ya İran deyir ki, Azərbaycan İrana qarşı nəsə iş görür. Belə məsələlər münasibətləri soyutdu. Bu baxımdan hesab edirəm ki, iki ölkə arasında münasibətlər, əlaqələr tam şəffaf olmalıdır.

- Sizin fikrinizcə, hansı ən ciddi problem aradan qaldırılsa, iki ölkə arasında münasibətlər daha da yaxşılaşar?


- İki ölkə bir-birinin daxili işlərinə qarışmamalıdırlar. Yəni nə Azərbaycan İranın, nə də İran Azərbaycanın iç məsələlərinə qarışmamalıdır. Bu həll olunsa və qarşılıqlı inam yaradılsa, bütün məsələlər həllini tapar. Misal üçün, Azərbaycanda adamları həbs edib deyirlər ki, bunlar İrana işləyirlər... İran da deyir ki, İsrail vasitəsi ilə Azərbaycandan kimlərsə terror törətmək üçün İrana göndərilib. Yəni belə şeylər... Misal üçün, Azərbaycandan şairlər gedib İrana və orda şübhə yaranıb ki, bunlar başqa məqsədlə gəliblər. Məncə, belə məsələlər problem yaratdığı qədər də tez bir zamanda həll olunası məsələlərdir. Heç kim bir-birinin işinə şübhə etməməlidir. Yəni qardaşvari davranmaq lazımdır. Hər ölkənin önəmli məsələsi var. Azərbaycanın 20 faiz torpağı işğal olunub, o torpaqlar qaytarılmalıdır və biz də həmişə bunu dəstəkləyirik. Bu məsələ bizim də ürəyimizi yandırır. Yəni Azərbaycan qonşu ölkədir, bunun torpaqları da, insanları da qorunmalıdır. Amma bir də görürsən ki, hansısa oteldə oturub İranın taleyini həll eləmək istəyirlər. Azərbaycan məsələsini qoyurlar, İran elə gəldi, belə getdi deyirlər. Düzdür, bunu dövlət eləmir, amma hər halda İranın Azərbaycandan gözləntisi odur ki, bu kimi hallar olmasın. Başqa ölkələrlə hansı əlaqələri qurub-qurmamaq hər ölkənin öz işidir, heç kim buna qarışa bilməz.

- Elə bu söylədiklərinizdir problem, yoxsa başqa məsələlər də var?

- Yox, başqa məsələ yoxdur, ola da bilməz. İki ölkə arasında açıq danışılmalıdır. İran Azərbaycanla viza rejimini ləğv edib, amma Azərbaycan etməyib. İran bundan narahat olmamalıdır. Biz deyə bilmərik ki, niyə sən ləğv etmirsən. Birdən İran yenidən vizanı tətbiq etsə, Azərbaycan da deyə bilməz ki, niyə yenidən bərpa eləyir.

- Xarici siyasəti Siz müəyyənləşdirsəydiniz, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsini nədən başlardınız?

- Ən çox iki ölkə arasında iqtisadi əlaqələrə diqqət yönəldərdim. Paralel olaraq mədəni əlaqələri gücləndirərdim. Qeyri-şəffaf məsələlərlə bağlı Azərbaycana deyərdim ki, kənara dur, biz iqtisadi əlaqələrimizi gücləndirək, xalqlarımız daha yaxın olsun, üçüncü barmaqlar bizə mane olmasın.

- Sizcə, İranla Azərbaycan arasında iqtisadi əlaqələr yetərli deyil?


- Təbii ki, yetərli deyil. İki ölkə arasında qurulmalı olan yüz faizlik iqtisadi əlaqə potensialının cəmi 20 faizindən istifadə olunur, yəni iki ölkə arasında iqtisadi əlaqələr 80 faiz geridir. İki ölkədə sərmayə qoyuluşu, sərhədyanı iqtisadi əlaqələr, enerji baxımından bu qədər imkanlar ola-ola, həmin imkanlardan istifadə edilmir. İlham Əliyevin səfərindən gözləntilərimiz odur ki, bütün bu məsələlər həllini tapar.

- Deyirsiniz ki, 2003-cü ildə İranla Azərbaycan arasında 14 sahə üzrə saziş imzalanıb. Həmin sazişdə əks olunan məsələlər gerçəkləşibmi?

- Hesab edirəm onların çoxu həll olunub, amma Əhmədinejad gələndən sonra vəziyyət dəyişdi və əlaqələr bir az zəiflədi.

- İlham Əliyev o vaxtdan indiyədək Azərbaycanda hakimiyyətdədirsə, belə çıxır ki, əlaqələrin soyumasında İranın keçmiş prezidenti Əhmədinejadın daha çox payı var?

- Elə deməzdim. Amma fakt odur ki, həmin dövrdə ölkələr arasında əlaqələr zəifləyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG