Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:59
-

«Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda əlahiddə ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Yəni, bundan sonrakı illərdə də Naxçıvanın hərbi gücünün artırılması üçün əlavə tədbirlər görüləcək».

Aprelin 8-i Naxçıvan MR-nın 90 illik yubileyinə həsr olunan mərasimdə çıxış edən prezident İlham Əliyev belə deyib.

DÜNYADA ÇOX NADİR MÜŞAHİDƏ EDİLƏN MƏNZƏRƏ - NAXÇIVANDA

«Bu gün Naxçıvan nəinki özünü enerji ilə tam şəkildə təmin edir, hətta ixrac edir. Ən önəmlisi ondan ibarətdir ki, Naxçıvanın daxili təminatı 100 faiz bərpa olunan enerji növləri hesabına ödənilir. Bu da deyə bilərəm ki, dünyada çox nadir hallarda müşahidə edilən bir mənzərədir».

Dövlət başçısı qeyd edib ki, Naxçıvan 100 faiz qazlaşdırılıb, eyni zamanda elektrik enerjisi ilə təchizat baxımından öz enerji təhlükəsizliyini tam şəkildə təmin edə bilib.

NAXÇIVANIN İXRAC POTENSİALI

İlham Əliyev onu da bildirib ki, Naxçıvanın artıq 100 milyon dollar səviyyəsində ixrac potensialı yaranıb:

«Dünən mən maraqlanırdım, soruşurdum ki, vəziyyət necədir? Mənə Vasif Talıbov məlumat verdi ki, Naxçıvanın əsas ərzaq məhsulları ilə təminatı tam şəkildə təşkil edilibdir. Bu da böyük nailiyyətdir, böyük uğurdur».

«BİZ UĞURLU DÖVLƏTİK»

Prezident qeyd edib ki, Azərbaycan sözün əsl mənasında müstəqil dövlət kimi öz siyasətini aparır: «Müstəqillik ən böyük sərvətimizdir. Hətta inkişafımız olmasa idi, hətta ağır vəziyyətdə yaşasaydıq belə, yenə də azadlıq, müstəqillik hər şeydən üstündür. Ancaq biz nəinki müstəqil dövlətik, nəinki öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparırıq, biz uğurlu dövlətik. Biz böyük uğurlara imza atmışıq. Son on ilin nəticələri göz qabağındadır. Bu, statistikadır, bu, tarixdir, bu, reallıqdır. Son 10 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb».

AZƏRBAYCAN O DÖVLƏTDİR Kİ...

Azərbaycanda azad cəmiyyətin formalaşmasından danışan prezident əlavə edib ki:

«Azərbaycan o dövlətdir ki, bu dövlətin inkişafını xalq müəyyən edir. Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür. Hər bir məsələ ilə bağlı bizim prinsipial mövqeyimiz var. Azərbaycan hər bir beynəlxalq hadisə ilə bağlı öz prinsipial mövqeyini ifadə edir».

Sonda İlham Əliyev bildirib ki, bu mövqe prinsiplər üzərində qurulub:

«Beynəlxalq hüquq və ədalət - bu iki prinsip hər bir ölkə üçün ən əsas prinsip olmalıdır. Bizim üçün bu, belədir. Bu gün Azərbaycanın dünyada artan hörməti, eyni zamanda, bizim prinsipial mövqeyimizdən qaynaqlanır. Bizim tərəfdaşlarımız bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır. Bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG