Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:57
-
Aprelin 10-da saat 19.00-da Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Respublikanın Xalq Artisti Mustafa Mərdanovun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Teatrdan AzadlıqRadiosuna verilən xəbərə görə, yubiley tədbirində ünlü aktyor yad ediləcək, onun teatr və kino fəaliyyətini əks etdirən videoçarx, eləcə də, iştirak etdiyi tamaşalardan və filmlərdən parçalar nümayiş olunacaq.

MƏRƏNDDƏ DOĞULDU, TİFLİSDƏ TEATR ÇIXARDI...

Mustafa Mərdanov 1894-cü ildə Mərənd şəhərində anadan olub.

Uşaqlıq və gənclik dövrü Qafqazın mədəniyyət mərkəzi sayılan Tiflisdə keçib.

Uşaq yaşlarından teatr sənətinə maraq göstərən M.Mərdanov Tiflisdəki müsəlman dram dərnəklərində çıxış edib, 1921-1922-ci illərdə Tiflis Azərbaycan Dövlət Dram Teatrının direktoru çalışıb.

HƏYATININ SON—BAKI DÖVRÜ

1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirib Bakıya gələn M.Mərdanov və Azərbaycan Dövlət Dram Teatrında teatr fəaliyyətini davam etdirib.

Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov kimi böyük sənətkarlarla bir yaradıcı mühitdə işləməsi onun zəngin təcrübə toplamasına və bir aktyor kimi püxtələşməsinə yardımçı olub.

XLESTAKOVUN MAHİR İFAÇISI SAYILIB

Onun Milli Dram Teatrının səhnəsində ifa etdiyi rollar arasında Xlestakov («Müfəttiş»), İmamverdi («Sevil»), Luka («Həyatın dibində»), Şmaqa («Günahsız Müqəssirlər»), Əbdül («Solğun çiçəklər»), Poloni («Hamlet»), Montekki («Romeo və Cülyetta»), Sadıq Sadıqov («Atayevlər ailəsi») xüsusilə böyük maraqla qarşılanıb. Ən çox da aktyorun Xlestakov obrazı çox yüksək qiymətləndirilib.

KİNO FƏALİYYƏTİ

Aktyorun kinoda ifa etdiyi ilk rol A.M.Şərifzadənin 1925-ci ildə çəkdiyi «Bismillah» filmində Muzdur Qulu rolu olub.

Növbəti ildə Aleksandr Litanovun «Müxtəlif sahillərdə» («Əlbəyaxa») filmində Abbas roluna çəkilib.

M.Mərdanovun kino fəaliyyətində dönüş nöqtəsi onun ifa etdiyi Kərəməli rolu hesab olunur.

A.M.Şərifzadənin çəkdiyi «Hacı Qara» (1929) filmində ifa etdiyi bu rol tamaşaçılar və mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb və aktyor dalbadal filmlərə dəvət almağa başlayıb.

«O OLMASIN-BU OLSUN»DAKI HƏSƏN BƏY

Daha sonra «Sevil»də Atakişi, «26 komissar»da Menşevik, «Kəndlilər»də Təhməz, «Yeni horizont»da Trest müdiri, «Səbuhi»də Akademiya rəisi, «Görüş»də Kolxozçu, «Qara daşlar»da Dəmirov, «O olmasın, bu olsun»da Həsən bəy, «Əhməd haradadır»da Məhəmməd kişi, «Qanun naminə» filmində Murtuzov rollarını ifa edib.

YARIM ƏSRLİK XATİRƏLƏR

M.Mərdanov həm də iki kitabın müəllifidir. 1959-cu ildə nəşr olunan «50 il Azərbaycan səhnəsində xatirələrim» və ölümündən sonra – 1973-cü ildə işıq üzü görən «Mənim müasirlərim» xatirə kitabları dövrün teatr prosesini əks etdirən dəyərli kitablardır.

ƏN BÖYÜK MÜKAFAT...

Xəbərdə vurğulanır ki, 1968-ci ildə dünyasını dəyişən əfsanəvi aktyorun qazandığı ən böyük mükafat tamaşaçı sevgisi, xalqın məhəbbətidir.

Elə o üzdən görkəmli sənətkarın Azərbaycan xalqı üçün qoyub getdiyi zəngin mədəni irs onun xatirəsini əbədi olaraq yaşadır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG