Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:32

İlqar Məmmədovla görüşə yenə icazə verilmədi


-
Şəki həbsxanasında saxlanılan REAL Hərəkatının lideri İlqar Məmmədovla görüşə yenə icazə verilməyib.

Bunu AzadlıqRadiosuna İlqar Məmmədovla görüşə gedən hərəkat üzvü Natiq Cəfərli deyib:

“Dedilər ki, görüş üçün yoldaşından, ailə üzvlərindən etibarnamə olmalıdır. Ötən dəfə belə bir problemlə üzləşdiyimizə görə bu dəfə etibarnamə götürmüşdük. Sonra dedilər gedin prokurorluqdan razılıq alın. Getdik, prokurorluqdan dedilər ki, istintaq bitib və bu məsələ bizlik deyil, məhkəmədən icazə alın. Məhkəmədən sənədi götürdülər və bir saat gözləyəndən sonra hakim gəldi, o da dedi ki, ailə üzvləri özü burda olmalıdır. Biz bu dəfə ümidlə gəlmişdik ki, görüşəcəyik, amma yenə alınmadı”.

İlqar Məmmədov apellyasiya şikayətinə baxılandan sonra Bakıdakı həbsxanalardan birinə köçürüləcək. Natiq Cəfərlinin dediyinə görə, apellyasiya şikayəti verilsə də, prosesin nə vaxt başlayacağı hələ məlum deyil:

“Hələ bir vaxt deyilmir. Yəqin apellyasiya işi də bir-iki ay çəkəcək, sonra Bakıya köçürülmə məsələsi olacaq”.

Martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində “İsmayıllı işi” ilə bağlı təqsirləndirilən şəxslərə hökm oxunub.

REAL hərəkatının rəhbəri İlqar Məmmədov 7, Müsavat partiyası başqanının müavini və jurnalist Tofiq Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham olunanlardan 8 nəfəri şərti cəza ilə məhkəmə zalından azad ediliblər.

Bu işdə ittiham olunan digər şəxslər 2 il yarımdan 8 ilə qədər azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG