Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:21

Copyright mədəniyyəti necə boğur


-

ABŞ-ın İllinois Universitetinin alimi Paul J. Heald Amazon internet mağazasındakı kitab çeşidlərini tədqiq edib və qəribə bir fakt aşkarlayıb.

Sən demə bu internet mağazasında 1910-cu illərə və 2000-ci illərə aid kitabların sayı təqribən bərabər imiş.

Hələ 1850-ci illərə aid kitablar 1950-ci illərə aid kitablardan iki dəfə çoxdur.

Bəs görəsən bunun səbəbi nədir?

1923-cü ildən sonra yazılı əsərlərə qoyulan müəlliflik haqqı - copyright XX əsrin ortalarında kitab bazarını darmadağın etdi, birdən-birə yüzlərlə, minlərlə kitab rəflərdən yığışdırıldı, oxucuların üzünə bağlandı.

Heald öz araşdırmasında bu qənaətə gəlir ki, “Copyrigh kitabların daha çox yayılmasındansa, onların hiss olunan ölçüdə bazardan yoxa çıxmasına səbəb oldu. Əsər yaradılıb, müəllif hüquqları təyin edildikdən dərhal sonra oxucuların ona çıxışı məhdudlaşdırılır və ortalıqda ancaq copyright müddəti bitmiş kitablar qalır. ”


Araşdırma göstərir ki, bu gün 1910-cu illərə aid kitabların yeni nəşrləri 2000-ci illərə aid kitablarınkına nisbətən satışa xeyli çox çıxır.

Copyright-a görə yenidən çap olunmasına çoxlu haqq tələb olunan, bəzənsə yenidən çapına icazə verilməyən və bu üzdən də nəşriyyatların maraq göstərmədiyi kitabların miqdarı bütövlükdə 19-cu əsrin birinci yarısında ortaya çıxmış kitablar qədərdir.

Copyright qaydalarından daha çox son onilliklərə aid, xüsusilə 1980-90-cı illərdə kitab bazarında tələbin təklifi ötdüyü dövrlərdə çap olunan kitablar əziyyət çəkir.

Heald deyir:

“Nəşriyyatlar kitablarının Amazonda satışda bir neçə ildən çox qalmasını istəmirlər. Nəşriyyat biznesinin indiki modeli kitabların bir çoxunun çap olunduqdan bir müddət sonra yoxa çıxmasına gətirib çıxarır və oxucuların çoxunun həmin kitabdan xəbəri belə olmur. Həmçinin copyright qüvvədə olduğu müddətdə kitabın yenidən çapına imkan vermir”.

Son 200 ildə yeni kitabların illər üzrə miqdarı dəqiq bilinmir. Heald bunu öyrənmək üçün dünya üzrə 72-min kitabxananın birləşdiyi WorldCat – kitabxana kataloquna baş vurur.

WorldCatın məlumatlarına görə, 1980-cı illərdə 1880-ci illərə nisbətən səkkiz dəfə çox kitab çap olunub, lakin Amazonda həmin onilliklərə aid kitabların sayı təqribən üst-üstə düşür. Bu o deməkdir ki, 1880-ci illərdə yazılmış bir kitabın yenidən çap olunma şansı 1980-ci illərə aid bir kitaba nisbətən qat-qat çoxdur.

Copyright-in müdafiəçiləri uzun illər ictimaiyyəti müəllif hüquqlarına sahib olan şəxsin öz intellektual mülkiyyətindən qazanc götürə biləcəyinə inandırıblar və güya bu həm də kitabların oxucular üçün əlçatan olmasına, sərbəst yayılmasına imkan yaradacaq.

Lakin Heald öz araşdırmasında göstərir ki, hər şey tam əksinədir: copyright “kitabların bazardan yoxa çıxmasına səbəb olur”, kitabların yenidən həyata qayıtması üçün yalnız və yalnız copyright müddətinin bitməsi gərəkdir.

Rebecca J. Rosen
“The Atlantic” dərgisi

Çevirdi: Namiq Hüseynli
XS
SM
MD
LG