Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:17

Anar Məmmədli ev dustaqlığına buraxılmadı


Anar Məmmədli
Anar Məmmədli
-
Aprelin 8-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbs-qəti imkan tədbirinin ev dustaqlığı və girovla əvəz olunması ilə bağlı vəsatəti təmin olunmayıb.

Vəsatətə Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Bu haqda AzadlıqRadiosuna Anar Məmmədlinin vəkili Elçin Sadıqov məlumat verib.
Aprelin 7-də isə Anar Məmmədlinin, onun rəhbərlik etdiyi təşkilatın icraçı direktoru Bəşir Süleymanlının və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi məhkəməyə göndərilib.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. İşə hansı hakimin baxacağı, məhkəmənin nə vaxt keçiriləcəyi məlum deyil.

Vəkil deyir ki, istintaq cinayət işini özünün lazım bildiyi qədər araşdırdığını hesab edir. “Ancaq cinayət işinin özü hüquq normalarına zidd bir formadadır. Orada hər hansı bir hüquqi prosedura əməl olunmayıb. Hesab edirik ki, məhkəmə ədalətli olsa, Anar Məmmədliyə bəraət verməli, istintaqı aparan orqan haqqında xüsusi qərar qəbul etməlidir”.

Anar Məmmədli 2013-cü ilin dekabrında həbs olunub. O, külli miqdarda mənimsəmə və ya israf etmə, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, ağır nəticələrə səbəb olan və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında ittiham olunur.
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi ölkəni tərk etməmək iltizamı vermiş Bəşir Süleymanlı və Elnur Məmmədova külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı ittihamları irəli sürüb.
XS
SM
MD
LG