Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:09

İlham Əliyev: “Naxçıvanın enerji təminatı tam həll olunub”


İlham Əliyev Naxçıvanda

İlham Əliyev Naxçıvanda

-
Aprelin 7-də Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının işə salınması mərasimində iştirak edib. Sonra dövlət başçısı Naxçıvan Muxtar Respublikası ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

AzərTAc-ın məlumatına görə, görüşdə çıxış edən Azərbaycan prezidenti bu hadisəni Naxçıvanın inamla, uğurla inkişaf etdiyinin göstəricisi kimi qiymətləndirib: “Bu gün səhər mən Naxçıvanda müxtəlif obyektlərin açılışında iştirak etmişəm. Bütün bu açılışlar ölkəmizin gücünü göstərir və Naxçıvanda görülən işlər ən yüksək səviyyədədir”.

Naxçıvanın enerji təminatı məsələlərinin ön planda olduğunu vurğulayan İ. Əliyev vaxtilə Naxçıvanı elektrik enerjisi ilə təmin etmək üçün çox böyük problemlərin olduğunu xatırlayıb: “Biz hamımız yaxşı xatırlayırıq ki, Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyi məsələlərinin həllinə start verildi və bu gün biz bu siyasəti uğurla davam etdiririk. Son illərdə Naxçıvanda 5 elektrik stansiyası tikilib. Demək olar ki, Naxçıvanda enerji təhlükəsizliyi məsələləri tam şəkildə öz həllini tapıb”.

Son illərdə “Vayxır”, “Biləv” su elektrik stansiyalarının açılışlarını qeyd edən dövlət başçısı bu gün Naxçıvanın enerji ilə təminatı su elektrik stansiyalarının xətti ilə icra edildiyini bildirib: “Bu gün Naxçıvanın reallıqları belədir ki, su elektrik stansiyalarının fəaliyyəti sayəsində Naxçıvanın tam enerji təminatı həll edilib. Bu gün Naxçıvanın enerji potensialı 220 meqavata yaxındır və bu da imkan verir ki, eyni zamanda, Naxçıvanın ixrac potensialı da artsın”.

Vaxtilə başqa ölkələrdən elektrik enerjisini almaq üçün səylər göstərən Azərbaycanın bu gün Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixrac etdiyini deyən prezident bu ixracın getdikcə artacağını bildirib.

İ.Əliyev həmçinin qeyd edib ki, “Arpaçay” su elektrik stansiyalarının tikintisi Azərbaycanın gücünü göstərir.

İlham Əliyen Naxçıvana aprelin 7-də iki günlük səfərə gedib.

Yerli sakinlərin sözlərinə görə, səfər öncəsi yollar bağlanıb, polis gücləndirilmiş iş rejiminə keçib.

AzadlıqRadiosuna verilən məlumata görə, prezidentlə görüşmək istəyən bəzi vətəndaşlara maneələr yaradılıb.
XS
SM
MD
LG