Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:43

«Hesablama Palatası ... müstəqil və qərəzsiz audit iqtidarında deyil»


Foto: Arxiv
Foto: Arxiv
-
«Azərbaycan post-sovet məkanında ali audit institutu təsis edən sonuncu ölkə olaraq özünün Hesablama Palatasını 2001-ci ildə yaradıb. Qanunvericilik Hesablama Palatasına nisbətən yüksək səviyyədə müstəqillik versə də, təcrübədə o, qanunvericiliyə görə öz başlıca funksiyasını – büdcə xərclərinin müstəqil və qərəzsiz auditini həyata keçirmək iqtidarında deyil».

«Şəffaflıq Azərbaycan» İB tərəfindən həyata keçirilən «Milli Davranış Sisteminin qiymətləndirilməsi» layihəsi çərçivəsində Ali Audit İnstitutuna dair aparılan araşdırmada belə deyilir.

Araşdırmada deyilir ki, Hesablama Palatasının səlahiyyətləri Dövlət Neft Fonduna (Azərbaycanın neft gəlirlərinin toplandığı başlıca fonda) və Satınalmalar üzrə Dövlət Agentliyinə şamil olunmur. O, büdcədənkənar fondlara və yoxsulluğun azaldılmasına yönəlmiş xüsusi vəsaitlərə nəzarət hüququndan tam istifadə edə bilmir. Eyni zamanda, hesabatlara əsasən ali audit institutunun şəffaflığı aşağı səviyyədədir. Digər audit institutu – Azərbaycan Respublikasının Auditorlar Palatası qeyri-dövlət fondlarının auditi ilə məşğul olan audit institutlarının işinə nəzarət edir.

Hesablama Palatası dövlət institutları və bələdiyyələrdə auditlərin, o cümlədən daxili auditlərin təşkili və həyata keçirilməsi qaydalarını tənzimləyən əlavə hüquqi aktlar qəbul edir. Bu aktların yerinə yetirilməsinə nəzarət edir.

1996-cı ildə əsası qoyulmuş digər audit institutu da mövcuddur – Azərbaycan Respublikasının Auditorlar Palatası. Bu institut ölkədə audit xidmətinin dövlət tənzimlənməsini həyata keçirən müstəqil orqanıdır. Auditorlar Palatasının funksiyalarına auditorların (auditor təşkilatlarının) öz audit fəaliyyətləri zamanı müvafiq qanunvericiliyin tələblərinə əməl etməsinə nəzarət daxildir. Auditorlar Palatasının üzvləri dövlət büdcəsindən maliyyələşməyən təsərrüfat subyektlərində icbari audit yoxlamalarını həyata keçirir. Lakin dövlət orqanları da Hesablama Palatasının planlaşdırılmış auditlərindən əlavə olaraq könüllü əsaslarda Auditorlar Palatasının üzvlərinin xidmətlərindən istifadə edə bilərlər.

AUDİT İNSTİTUTU ÖZ HƏDƏFLƏRİNƏ ÇATMASI ÜÇÜN TƏCRÜBƏDƏ ADEKVAT RESURSLARA NƏ DƏRƏCƏDƏ SAHİBDİR?

Hesablama Palatası üçün nəzərdə tutulmuş məhdud büdcə bu institutun funksiyalarının normal icrası qabiliyyətinə öz təsirini göstərir. Bununla belə, hətta bu məhdud büdcə də qeyri-bərabər formada xərclənir. Əgər 2013-cü ilin 3.55 milyon manatlıq büdcəsində əməkdaşların məvacibləri nəzərdə tutulan xərclərin 14.5%-ini (və ya 514 min AZN) təşkil edirsə, Palatanın hesabatına görə, 2013-cü ilin birinci rübündə əmək haqları bütün xərclərin 55.8%-ini təşkil edib. Bu da əməliyyat xərcləri üçün ayrılan vəsaitlərin əsasən xərclənməməsi deməkdir.

Hesablama Palatasının auditorları Azərbaycanda hazırlanmış, yerli şəraiti nəzərə alaraq korrupsiya və dələduzluq hallarının aşkarlanmasına yönəlmiş təlim proqramlarında iştirak etmirlər.

Qanuna əsasən, Hesablama Palatasının sədri elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla digər haqqı ödənilən fəaliyyətlə məşğul ola bilməz. Eləcə də bu vəzifəyə namizədliyi irəli sürülən şəxs aşağıdakı yüksəkrütbəli məmurların birbaşa qohumu ola bilməz: Milli Məclisin sədri, Baş nazir, Maliyyə naziri, Baş prokuror, Ali Məhkəmənin sədri, İqtisad Məhkəməsinin sədri və Mərkəzi Bankın İdarə Heyətinin sədri. Digər tələblərə dövlət işində və dövlət nəzarətində, iqtisadi və maliyyə sahəsində minimum 5 illik iş təcrübəsi, ali təhsil və Azərbaycan Respublikasının vətəndaşı olmaq aiddir.

Qanuna əsasən, Hesablama Palatasının sədri, sədr müavini və auditorları səlahiyyət müddəti ərzində toxunulmazlıq hüququna sahibdir, Milli Məclisinin razılığı olmadan tutula, həbsə alına, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Onlar barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

AUDİT İNSTİTUTU ÖZ İŞİNİ YERİNƏ YETİRƏRKƏN KƏNAR MÜDAXİLƏLƏRDƏN TƏCRÜBƏDƏ NƏ DƏRƏCƏDƏ AZADDIR?

2013-cü ilin aprelində Hesablama Palatasının keçmiş sədri Heydər Əsədov Milli Məclisdə 2012-ci ilin hesabatını təqdim edərkən demişdi ki, Hesablama Palatası öz fəaliyyəti zamanı heç bir təzyiqlə qarşılaşmayıb.
Prezident İlham Əliyev Hesablama Palatasının yeni binasının istifadəyə verilməsi mərasimində - 21 dekabr 2009
Prezident İlham Əliyev Hesablama Palatasının yeni binasının istifadəyə verilməsi mərasimində - 21 dekabr 2009
Lakin Hesablama Palatasının icra hakimiyyətindən asılı olması və bir çox hallarda audit yoxlamalarını hökumətin tapşırığı əsasında aparması barəsində ciddi şübhələr var. Beynəlxalq dəyərləndirmələr də dolayısıyla bu iddiaları təsdiq edir. Açıq Büdcə İndeksinə uyğun olaraq, Hesablama Palatasının təsir gücü 100 baldan 20 balla, yəni aşağı dəyərləndirilib.

AUDİT İNSTİTUTUNUN FƏALİYYƏTİNDƏ VƏ QƏRARLARINDA ŞƏFFAFLIQ TƏCRÜBƏDƏ NƏ DƏRƏCƏDƏ MÖVCUDDUR?

Hesablama Palatasının illik fəaliyyətini əks etdirən və Kollegiyanın təsdiq etdiyi hesabatın Milli Məclisə təqdimatından sonra həmin hesabatın tam mətni qanunvericiliyin tələbinə əsasən «Azərbaycan Respublikasının Milli Məclisinin Məlumatı»nda dərc edilməlidir. Rüblük hesabatlar Milli Məclisə təqdim olunsa da, tam mətnləri mətbuatda dərc edilmir. Bu hesabatlar beynəlxalq müşahidəçilərin də təsdiq etdiyi kimi dövlət büdcəsinin icrası ilə bağlı müstəqil dəyərləndirmələri ehtiva edir.

Hesablama Palatası müxtəlif informasiya agentliklərinin və mətbuat qurumlarının suallarına və informasiya sorğularına vaxtında və dəqiq cavab verir. Hesablama Palatasının şəffaflığını təmin edən digər mexanizm isə ictimaiyyəti onun fəaliyyəti barədə məlumatlandıran İnternet saytıdır. Hesablama Palatasının öz fəaliyyəti haqqında saytlarında verdiyi informasiya çox ümumidir. Büdcənin icrası ilə bağlı rüblük hesabatdakı məlumatlar da icmal xarakteri daşıyır, fraqmentardır, aşkar edilmiş pozuntular barəsində konkret nəticələr çıxarmağa imkan vermir. Çox maraqlıdır ki, Azərbaycan vətəndaş cəmiyyətinin onlayn şəffaflıq hesabatı dövlət orqanlarının 24.36%-lik göstəricisi fonunda Hesablama Palatasını 42.29% balla dəyərləndirir və onu onlayn şəffaflıq üzrə liderlərdən hesab edir. 2012-ci ilin Açıq Büdcə İndeksi də Hesablama Palatasına təqribən eyni balı verməklə (100 baldan 43) onu kifayət qədər qeyri-şəffaf hesab edir.

Hesablama Palatasının qavranılması və onun haqqında məlumatlılıq səviyyəsinin öyrənilməsi məqsədilə vətəndaşlar arasında aparılan sorğunun nəticəsinə görə, respondentlərin cəmi 23%-i Hesablama Palatasının mövcudluğundan xəbərdardır. Sorğu iştirakçılarının cəmi 11.6%-i isə Hesablama Palatasının hansı məqsədə xidmət etdiyi haqqında məlumatlıdır. Sorğunun nəticələrindən məlum olur ki, əhali arasında Hesablama Palatası haqqında məlumatlılıq dərəcəsi çox aşağıdır.

Hesablama Palatasının hesabatları hərtərəflidir və bütün hüquqi tələblərə cavab verir, lakin müstəqil mənbələrin dəyərləndirmələrinə görə, onların büdcə icrasına dair təhlilləri kifayət qədər səthidir. Milli Məclisin İqtisadi siyasət komitəsi bu hesabatları qəbul edir, dəyərləndirir və Milli Məclisin müzakirəsinə təqdim edir.

Hesablama Palatasının başlıca problemi öz fəaliyyətini özünün dəyərləndirməsidir. Hesablama Palatasının işini monitorinq edəcək digər dövlət orqanı mövcud deyil.

Qüvvədə olan etik davranış qaydaları Hesablama Palatasının yüksəkvəzifəli məmurlarına şamil edilmir. Əməkdaşlar təlim proqramlarında iştirak edirlər. Etik davranış qaydalarına əməl edilməsinə nəzarəti Hesablama Palatasının sədri və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya həyata keçirir. Hələlik heç bir pozuntu qeydə alınmayıb.

Hesablama Palatası barəsində ictimaiyyətin məlumatlılıq dərəcəsi və ya onun fəaliyyətinə maraq Azərbaycanda məhdud səviyyədədir, informasiyanın azlığı kənar audit institutunun dürüstlüyünü dəyərləndirməyə imkan vermir.

TÖVSİYƏLƏR:

Müvafiq qanunvericilik aktlarında Hesablama Palatasının müstəqilliyini aydın formada təsbit etmək;

Hesablama Palatasına ibtidai istintaq aparma səlahiyyəti vermək (Türkiyə modelində olduğu kimi);

Ali audit institutu haqqında geniş ictimaiyyəti maarifləndirmək;

Auditi aparılan dövlət orqanları barəsində audit institutunun verdiyi tövsiyələr və bu tövsiyələrə cavab olaraq müvafiq icra orqanlarının gördüyü tədbirlər haqqında ictimaiyyəti məlumatlandırmaq.
Faiq Nəcəfov
Faiq Nəcəfov


«Şəffaflıq Azərbaycan» İB tərəfindən həyata keçirilən «Milli Davranış Sisteminin qiymətləndirilməsi» layihəsi çərçivəsində Ali Audit İnstitutuna dair aparılan araşdırma barədə Hesablama Palatasının mövqeyini öyrənmək istəsək də, cəhdlərimiz uğursuzluqla nəticələndi.

Bir müddət əvvəl Palatanın rəsmisi Faiq Nəcəfov Hesablama Palatasının işi ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırmışdır. Faiq Nəcəfov deyir ki, Hesablama Palatasının müstəqilliyinin Konstitusiyada təsbit edilməsi əsas təkliflərdən biridir. Bununla bağlı onların da məsələ qaldırdığını deyir, amma Konstitusiyaya dəyişiklik üçün referendum keçirilməsi gərəkdiyini vurğulayır. O, zamanla bu məsələnin çözüləcəyini bildirir. Hesablama Palatasının müstəqil olub-olmamasına gəlincə, Faiq Nəcəfovun dediyinə görə, bu qurum yetərincə müstəqildir və gərəkli səlahiyyətləri də var:

«Hesablama Palatası öz rəy və tövsiyələrində kifayət qədər ciddi məsələləri qaldırır. Hökumət əksər hallarda bu təklifləri nəzərə alır. O ki qaldı bu rəy və tövsiyələrin ictimaiyyətə açıqlanmasına, bu tövsiyələr bir çox ölkədə ictimaiyyətə açıq deyil. Burada Almaniya, ABŞ və digər ölkələrin hesablama palatalarından nümunələr gətirilir. Bir məsələni vurğulamaq istəyirəm ki, Azərbaycanda Hesablama Palatası yeni yaranıb və formalaşmaqdadır. Amma bu o demək deyil ki, biz Almaniya, Türkiyə və digər ölkələrin təcrübəsini Azərbaycana köçürməliyik. Biz dünya təcrübəsini öyrənir, Azərbaycana gərəkli olanları tətbiq edirik».

Faiq Nəcəfov deyir ki, Hesablama Palatasının əməkdaşları mediada yazılanları izləyir, ciddi korrupsiya faktları olduqda həmin qurumlarda yoxlama aparılmasını gələcək planlarına daxil edirlər.
XS
SM
MD
LG