Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:49

İran-Azərbaycan mədəni münasibətləri müzakirə olunub


-
İranın Azərbaycandakı səfiri Mohsen Pakaein-lə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev iki ölkə arasında mədəni sahədə münasibətlərin genişləndirilməsi yollarını müzakirə ediblər.

Görüşdə səfir Mohsen Pakaein İranın Bakıdakı Mədəniyyət Mərkəzinin yeni sədri doktor İbrahim İbrahimini təqdim edib. “Səfirliyin Mədəniyyət Mərkəzinin fəaliyyəti və proqramları Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iki ölkə arasında mədəni əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcək”, - səfir qeyd edib.

Xəbəri İranın Azərbaycandakı səfirliyinin saytı yayıb.

Görüşdə bu ilin birinci yarısında İranda Azərbaycan mədəniyyət günlərinin keçirilməsi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin İrana səfəri və iki ölkə arasında 3 il öncə mədəniyyət sahəsində imzalanmış əməkdaşlıq sazişinin vaxtının uzadılması məsələləri müzakirə olunub.

Qərara alınıb ki, mədəniyyət və turizm nazirinin İrana səfəri zamanı bu sazişin vaxtı uzadılsın.

Öz növbəsində nazir müavini Azərbaycanın iki ölkə arasında mədəni fəaliyyətin inkişafı üçün dəstəyini bəyan edib. O, İranla Azərbaycan arasında tarixi, dini və mədəni bağlılıqlara işarə edərək deyib: “Müxtəlif incəsənət sahələrində, o cümlədən kino, teatr, musiqi və digər sahələrdə iki ölkənin əməkdaşlığı üçün böyük potensial var”.

Ə.Vəliyev iki ölkənin turizm potensialının, xüsusilə İranın sərhəd vilayətlərinin, o cümlədən Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Gilan vilayətlərinin turizm potensialının Azərbaycan turistlərinə, eləcə də Azərbaycanın turizm potensialının iranlı turistlərə tanıdılmasının vacibliyini qeyd edib. O, İranın bu sahədə potensialı ilə yaxından tanış olmaq məqsədilə cari ilin iyun ayının əvvəllərində İrana səfərə gedəcəyinə ümid etdiyini bildirib.
XS
SM
MD
LG