Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:04

«Azərbaycan Rusiya ilə nə partnyor, nə də düşməndir» [Video]


-
Politoloqlar Vəfa Quluzadə, Rasim Musabəyov və Azər Qasımlı son hadisələrin fonunda «Azərbaycan-Rusiya münasibətləri necə tənzimlənməlidir» və ya «Azərbaycan hansı siyasəti yürütməlidir» və s. suallara cavab arayırlar.

Mövzu ilə əlaqədar oxu: Azərbaycan. Qərblə Rusiya arasında...

Azər Qasımlı hesab edir ki, Azərbaycan NATO-ya yönəlməlidir:
«Azərbaycana hər zaman Rusiya təhlükəsi olub. Dağlıq Qarabağ Azərbaycandan qoparılanda da Rusiya bu prosesdə aktiv oyunçulardan biri idi. Digər tərəfdən, Rusiya Azərbaycanı özündən uzaqlaşdırmamaq üçün ərazi bütövlüyünü tanıyır. Ancaq Rusiya hər zaman Azərbaycana təzyiqlər göstərib...».

«Azərbaycan 20 ildən çoxdur müstəqildir. Bu müddətdə Azərbaycan Rusiyayla nə partnyor, nə də düşməndir. Azərbaycan bu müddət ərzində öz neytrallığını göstərməyə çalışıb. Avropa Birliyinə elə inteqrasiya edir ki, Rusiyanın maraqlarına toxunmasın. Azərbaycan Rusiyayla danışıqlarda Qarabağ danışıqlarını aktivləşdirmək, Ermənistana təzyiq göstərmək, ərazi bütövlüyünü bərpa etmək məsələlərini önə çəkib. Ancaq Rusiya bir tərəfdən bizə imkan vermir ki, ərazi bütövlüyümüzü bərpa edək, digər tərəfdən Avropaya inteqrasiya etməyimizi mane olur. Azərbaycan NATO-ya doğru seçim etməlidir...».

«AZƏRBAYCAN HƏMİŞƏ RUSİYANIN TƏCAVÜZKAR OLDUĞUNU BİLİB»

Vəfa Quluzadə deyir ki, Rusiya Azərbaycana hücum etsə, Qərbin buradakı marağı ilə toqquşacaq:

«Rusiya Azərbaycanın 20 faiz torpağını işğal edib. Rusiya bunu erməni pərdəsi altında edib. Hər gün atəşkəs pozulur. Rusiya göstərmək istəyir ki, istədiyimiz vaxtı ölkənizi tamamilə işğal edə bilərik. Qərb hesab edirdi ki, Rusiyanı islah edib imperiya mahiyyətini dəyişəcək. Artıq Qərb başa düşür ki, Rusiya özünü toparlayıb meydan oxuyur, imperiya torpaqlarını qaytarmaq istəyir. Azərbaycan həmişə Rusiyanın təcavüzkar olduğunu bilib. Mən həmişə ittiham etmişəm bu məsələdə Rusiyanı. Heydər Əliyev də mənimlə razıydı. Ancaq Azərbaycan Rusiyaya meydan oxuya bilməzdi. Azərbaycanın siyasəti belə oldu ki, elə addım ataq bizə hücum etmək üçün Rusiyanın bəhanəsi olmasın...».

«Azərbaycan müstəqillik qazandıqdan sonra atdığı addımlar, Qərblə bütün əlaqələri Rusiyanı qıcıqlandırıb. Doğrudur, Rusiya Azərbaycana hücum etsə, müdafiə edən olmayacaq. Ancaq Azərbaycan Amerikanın, NATO ölkələrinin maraq dairəsidir. Burada Amerikanın, Qərbin layihələri böyükdür. Rusiya hücum etsə, Amerikanın, NATO-nun maraqlarıyla toqquşacaq. Bu günədək bu səbəbdən Rusiya cəsarət etməyib Azərbaycana hücum etməyə. Azərbaycan özünün milli maraqlarını hər şeydən üstün tutmalı, bu maraqları müdafiə etmək üçün çalışmalıdır...».

«RUSİYAYLA QONŞU ÖLKƏLƏR ÖZ TƏHLÜKƏSİZLİYİNİ DÜŞÜNMƏLİDİR»

Rasim Musabəyov hesab edir ki, Rusiyanı qıcıqlandırmaq lazım deyil:
«Azərbaycanın NATO ilə əməkdaşlığı mücərrəd xarakter daşıyır. Moldova və Gürcüstan NATO ilə əməkdaşlıqda daha irəli gedib. Ancaq rastlaşdığı təhlükələrdə heç bir fayda verməyib bu əməkdaşlıq. Azərbaycan bunu görür. Ona görə də Türkiyə ilə əməkdaşlığa meyl edir. Ancaq Rusiyanın hərbi müdaxiləsi üçün coğrafi baxımdan əlverişli şərait var. Azərbaycan bütün bunları nəzərə almalıdır. Rusiyayla qonşu olan bütün ölkələr təhlükəsizliyini düşünməlidir...».

«Azərbaycana Türkiyəylə hərbi müqavilənin şərtlərini genişləndirmək və ABŞ-ın dəstəyini almaq lazımdır. Bir tərəfdən Rusiyanı süni şəkildə qıcıqlandırmaq lazım deyil, digər tərəfdən daxildə Rusiyanın heç bir müdaxiləsi üçün imkan verilməməlidir. Bu siyasi xətt tutulmalıdır...».

Şərhləri göstər

XS
SM
MD
LG