Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:08
“Cəmilin valideynləri boşanandan sonra onu qəyyumluğa götürdük. Nənə-baba çalışdıq ki, nəvəmizi layiqli böyüdək. Uşaq vaxtlarından bizə mal-qara, həyət-baca işlərində kömək edirdi. Onunla bu evin dadı-duzu da getdi”.

AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edən Lerik rayonunun Züfüc kənd sakini Gülbəstə Almasova 13 yaşlı nəvəsi Cəmilin bu ilin yanvar ayında qətlə yetirildiyini deyir. Nənə hadisə barədə az-çox bildiklərini bölüşür:

ÖRÜŞ YERİNDƏ MÜƏMMALI ÖLÜM

“Yanvarın 4-də səhər mal-qaranı örüşə çıxartdı. Günorta saat 1 olardı ki, qayıtdı. Bir saata yaxın dincini alıb yenə örüşə getdi. 1 saat da keçdi, zəng gəldi ki, Cəmili örüş yerində öldürüblər”.

Nənə deyir, örüş yerinə çatanda Cəmili hərəkətsiz və qolları bağlanmış vəziyyətdə kolluqdan tapıblar:

“Uşağı boğub öldürmüşdülər, qollarını arxasında çarpazlayıb qayalıqdakı kolluğa atmışdılar. Boğazını o qədər sıxmışdılar ki, balamın hulqumu qırılmışdı. (Ağlayır).

Polisə xəbər verilir, tezliklə yerli polis və prokurorluq əməkdaşları hadisə yerinə gəlir. Örüşün ərazisinə baxış keçirilir, ekspertlər işləyir. Cəmilin meyiti tibbi ekspertizaya göndərilir.

ÖLÜMƏ SƏBƏB BOĞULMA OLUB, AMMA...

Nənə deyir, hadisə vaxtı örüş yerində bir neçə kənd sakini də öz mal-qaralarını otarırmış. Ancaq onlar hadisədən xəbərsiz olduqlarını bildiriblər.

Lerik rayon Prokurorluğundan bildirilib ki, ölüm faktı üzrə Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb. Ekspertiza rəyi alınıb və rəydə 13 yaşlı Cəmil Əliyevin boyun-boğaz nahiyəsindən iplə boğulduğu təsdiqlənib. Hər gün örüşdə mal-qara otaran kənd sakinləri dəvət olunaraq dindirilib. Bütün şübhələr araşdırılıb. Ancaq hadisədə qətl izi aşkar edilməyib. Buna görə də azyaşlının özünü asması ehtimal olunub. Martın 27-də cinayət işinə elə beləcə də xitam verilib.

Gülbəstə Almasova isə istintaq orqanı ilə razılaşmır. O, azyaşlı nəvəsinin ölümünün əsl səbəblərinin üzə çıxarılmasını tələb edir:

QOLLARI BAĞLI VƏZİYYƏTDƏ, HƏM DƏ KOLDAN ÖZÜNÜ NECƏ ASA BİLƏRDİ?

"13 yaşlı oğlanın özünü öldürməsi üçün səbəb yox idi. Prokurorluq da, polis də cinayətin üstünün açılmasına maraq göstərmir. Birinin dükanından 5-10 ədə kontur oğurlananda bütün Leriki ayağa qaldırırlar. Necə olur ki, mənim nəvəmin isə qətlini ört-basdır edirlər. Sanki insan yox, toyuq boğub öldürüblər".

Ailənin nümayəndəsi, cənub bölgəsində insan haqları müdafiəsi ilə məşğul olan Elxan Babazadə cinayət işinin xitamı üçün göstərilən səbəbi gülünc adlandırır:

"Yazıblar ki, koldan özünü asıb. Əvvəla, qolları bağlı uşaq (hətta böyük adam olsa belə) özünü necə asa bilərdi? Axı özləri də qeyd edirlər ki, meyit qolları bağlı vəziyyətdə tapılıb. İkincisi, 48 kilo çəkisi, 1.40 cm. boyu olan adam özünü 40 santimetrlik kol-kos bitkisindən necə asa bilərdi?"

Hüquq müdafiəçisi deyir, zərərçəkmişlər işin ibtidai istintaqa qaytarılması tələbi ilə Baş Prokurorluğa müraciət ediblər. Onlar 13 yaşlı Cəmilin ölmündə şübhələndikləri adamların siyahısını da Baş Prokurorluğa göndəriblər. Hesab edirlər ki, istintaq onları səthi dindirib və yenidən dindirmə keçirilməsini tələb edirlər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG