Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:19

8 il əvvəlki müəmmalı ölüm...


Nizgan Fətəliyeva
Nizgan Fətəliyeva
“Oğlum döyülən gün həyat yoldaşı İradə Fətəliyeva bunu məndən gizlətdi. Dedi ki, guya Rahim xəstədir. Fikirləşdim ki, yəqin gün vurub. Gəlinə tapşırdım ki, türkəçarələrlə sağaltsın. Heç nə demədi, çıxıb getdi. Aradan bir az keçmiş hazırlaşırdım ki, oğluma baş çəkməyə gedim. Ev telefonuna zəng gəldi. Gəlinim İradə idi. Dedi ki, Rahimi xəstəxanaya yerləşdirib, vəziyyəti pisdir”.

"BU CİNAYƏTİN ÜSTÜNÜ QƏSDƏN AÇMIRLAR"

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə İsmayıllı rayonunun Mican kənd sakini, 78 yaşlı Nizgan Fətəliyeva danışır. O, oğlu Rahim Fətəliyevin 8 il əvvəl baş vermiş ölümünə işıq salınmasını tələb edir. Deyir, 8 ildir ki, istintaq orqanlarının yollarında qalıb. Nə sirrdirsə, övladının ölümünün üstü açılmır.

Nizgan Fətəliyevanın sözlərinə görə, 2006-cı il, avqustun 6-da axşam saatlarında Rahim möhkəm döyülüb. Aldığı xəsarətlərdən bir gün sonra rayon xəstəxanasında keçinib. Oğlunun ölümündə gəlini İradə Fətəliyevadan və sonuncunun yaxın qohumlarından şübhələnir:

“Mən xəstəxanaya çatanda oğlum huşsuz vəziyyətdə idi. Bu hadisə mənimçün çox qaranlıq qalıb. Ancaq şübhəm var ki, oğlum gəlinimin yaxın qohumu üçün ev tikəndə oradakı söz-söhbət üstündə öldürülüb. Bu işdə gəlinimin qohumunun dostlarının da əli olmasından şübhələnirəm. Mən bir neçə dəfə Baş Prokuroluğun Ağır Cinayətlərə Dair İstintaq idarəsində olmuşam. Baş prokuror Zakir Qaralov Ağsuda, İsmayıllıda vətəndaşların qəbulunu keçirəndə mən də gedib görüşmüşəm, ancaq hələ də oğlumun ölüm işi bağlı qalıb. Bu cinayətin üstünü qəsdən açmırlar”.

“CİNAYƏTİN ÜSTÜ AÇILAN GÜNƏ QURBAN DEMİŞƏM”


Mərhum Rahim Fətəliyevin həyat yoldaşı İradə Fətəliyeva qayınanasının şübhələri ilə razılaşmır:

“Rahimi xəstəxanaya mən çatdırmışam, axıra kimi də yanında olmuşam. Mənə şər atırlar, dəfələrlə demişəm ki, yoldaşımı öldürən şəxsi tanımıram. Gəncədə 3 ay həbsdə saxladılar məni, bilsəydim, onda deyərdim. Kim olursa olsun, əgər yoldaşımın qatilidirsə, özüm həbsini tələb edərəm. Övladlarım hələ də soruşurlar ki, atamızı kim öldürdü? Artıq belə böhtanları eşitməkdən bezmişəm. Mən də istəyirəm ki, bu qətlin üstü açılsın, düşmənimizi tanıyaq. Həmin günə qurban demişəm”.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsindən bildiriblər ki, Rahim Fətəliyevə ağır ağır xəsarət yetirilməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı əvvəlcə İsmayıllı rayon Prokurorluğunda aparılıb. Sonradan iş Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə həvalə edilib. İstintaq zamanı cinayəti törədən şəxsin müəyyən edilməsi üçün mümkün olan bütün prosessual hərəkətlər yerinə yetirilib. Nizgan Fətəliyevanın şübhələri dəfələrlə yoxlanılıb və təsdiqini tapmayıb. Cinayəti törədən şəxs müəyyən edilmədiyindən işin icraatı dayandırılıb.
XS
SM
MD
LG