Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:55

Ərçivanın Yanar Bulağı bərpa olunacaq [Video]


-
Astaranın Ərçivan kəndində kükürdlü bulaq var. Adına «Yanar Bulaq» deyirlər. Kibriti suya vurursan, əməlli-başlı alov qalxır. Yanmağının səbəbi də elə suyun tərkibində kükürdün olmasıdır.
Su 60-65 metr dərinlikdən çıxır

Yeraltı çay olduğundan 1974-cü ildə sahələri suvarmaq məqsədilə ərazi 60-65 metr dərinliyində qazılıb. Bir il sonra – 1975-ci ildə burdan qaz çıxdığı müəyyənləşib. O vaxtdan adı «Yanar Bulaq» qalıb. 1982-ci ildə 2-ci Dünya müharibəsi veteranı Əsədulla İmaməliyevin xatirəsinə bu bulağın üstü tikilib. Yerli sakinlər qəsəbədəki daha bir neçə həyətdə bənzər bulaqlar olduğunu bildirirlər.


Ətraf kəndlərin sakinləri bu bulağın suyundan içir, məişətdə istifadə edirlər. Ərçivan sakini Əsəd Məmmədov deyir ki, bu şəfalı sudan həmişə evinə də aparır:
«Tərkibində kükürd var. Bilirik ki, çox faydalıdır. Öz quyumuzun suyu ağırdır. Ancaq bu su çox yüngüldür».

«HƏYƏTLƏRDƏKİ SULAR... İÇMƏYƏ YARARLI DEYİL»

Camaat deyir ki, bu bulaq kiçik bir rayon üçün çox əhəmiyyətlidir. Axı Ərçivan qəsəbəsində içməli su problemi də var. Bunu qəsəbə bələdiyyəsinin sədri İradə Rzayeva da təsdiqləyir:
«Biz belə bir təkliflə çıxış etmişdik ki, bu bulaqdan həyətlərə su çəkilsin. Lakin bu il Ərçivan qəsəbəsinə yuxarı dağ kəndlərindəki bulaqlardan içməli su çəkiləcək. Demişdik ki, o çəkilməkdənsə, bizim bulağın suyu çəkilsin. Məsələn, hər məhəllənin ağzına çəkilə bilərdi. Amma bildirdilər ki, 2014-cü ildə qəsəbənin sosial-inkişaf planında var və bu il başa çatdırılacaq. Ona görə bunun çəkilməsi məsləhət bilinmədi. Həyətlərdəki sular, əsasən, texniki sulardır və içməyə yararlı deyil. Bizim tərəfin adamları o üzdən böyrək problemindən, daşlaşmadan əziyyət çəkirlər».

Bura gələnlər mütləq bulağın yanında ayaq saxlayır, ən azı, suyun yanmasını maraqla izləyirlər. Suyun tərkibi və müalicəvi əhəmiyyəti təsdiqlənib. Bulağın yan-yörəsi sahmana salınsa da, ətrafda tullantılar da gözə dəyir.

BAŞ MEMAR DEYİR Kİ...

Astara rayon İcra Hakimiyyətinin memarlıq-tikinti şöbəsinin müdiri, baş memar Rəhmətulla Rufullayev deyir ki, memarlıq abidəsi sayılmasa da, bulağın bərpası planlaşdırılır:

«Suyun tərkibi bir neçə dəfə yoxlanılıb. Tərkibində kükürd var. İçməyə yararlı olduğu üçün bu sudan bütün rayon istifadə edir. Həm içməli sudur, həm də yanır. Öd qovucudur, həzmi yüngülləşdirir. Öd problemləri olan adamlara müsbət təsir edir. Kənardan gələnlərin marağına səbəb olur. Əvvəl bu bulaq çox köhnə qaydada tikilmişdi. Biz 3-4 il əvvəl rekonstruksiya etdik. Vaxtaşırı təmizləyirik. Bu yaxınlarda başçı bir memar da dəvət etmişdi. Bərpa işləri proqramda da nəzərdə tutulub».

Şərhləri göstər

XS
SM
MD
LG