Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:00

İcra başçısı: «Xaçmazlılar məni, mən də onları çox istəyirəm»


(Sağda) Xaçmazın icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev

(Sağda) Xaçmazın icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev

-
Aprelin 4-də prezident İlham Əliyev Xaçmazın icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevi “Şərəf ordeni” ilə təltif edib. Başçı AzadlıqRadiosunun suallarını cavablandırıb.

- Sözün düzü çox həyəcanlıyam, bundan yüksək nə ola bilər insan üçün? Prezidentə öz minnətdarlığımı bildirirəm, Sağ olsun ki, fəaliyyətimi belə dəyərləndirdi. Böyük bir məsuliyyətdir, gərək altından çıxmağı bacarasan.

- Neçə ildir Xaçmaza başçılıq edirsiniz?

- 2004-cü ilin oktyabr ayının 23-də möhtərəm prezidentimiz məni Xaçmaza başçı təyin edib. Fəaliyyətim dövründə burada o qədər tikintilər olub ki... 3 mərtəbəli Tarix və Diyarşünaslıq Muzeyi... mayın 10-da da aşağı mərtəbəsində - 1050 kv metr sahədə də Şəkil Qalereyasının açılışı olacaq. Rayonda idman kompleksi tikilib. Hesab edirəm ki, bu da xaçmazlılara böyük hədiyyədir. Prezident şəxsən özü 4 ən böyük 11 illik məktəb tikdirib. Hərəsi də 1126 yerlik... Üçü Xaçmazda, biri də Xudatda... Biz özümüz dövlət vəsaiti ilə 36 məktəb, iki uşaq bağçası, 11 muzey tikmişik. Açıq səma altında 2 hektar sahədə Şəxsiyyətlər Muzeyi yaratmışıq, 7 park, 4 körpü salmışıq. Koroğlunun, Babəkin, Xətainin at üstündə abidələrini qoymuşuq. Mayın 10-da isə Cavanşirin abidəsinin açılışı olacaq. O da at üstündədir. Həmin gün 60 yerlik uşaq bağçasının da açılışı olacaq. Xaçmazın girişində bir qoşaqapı var, indi də Xaçmazdan Xudata və Nabrana gedən yolda ikinci qoşaqapını tikdirmişəm. Onun da açılışı mayın 10-da olacaq. Deməyim odur ki, bu işlər hamısı mənim fəaliyyətim dövrünə təsadüf edir.

- Hansı işinizi xaçmazlılar üçün mühüm töhfə hesab edirsiniz?

- Ulu öndərin adına olan park, bir də onun abidəsini... Ora mənim üçün ən doğma yerdir.
Xaçmazın kəndlərindən biri

Xaçmazın kəndlərindən biri

- Xaçmaz şəhərinə baxılır, kəndlərdən isə şəraitsizlikdən şikayətlər gəlir...

- Niyə ki? Təkcə keçən il prezidentin sərəncamı ilə 20 kəndi əhatə edən 21 kilometr uzunluğunda asfalt çəkmişik. Sentyabrın 15-də kəndlərdə 6 məktəbin açılışı olacaq. Kəndlərdə başqa məktəb tikintilərinə də başlanılacaq. Xudatda da böyük işlər gedir. Asfalt salınır, məktəb və mərkəzi park təmir olunur. Şəhərin 80 faizi qazlaşdırılıb. İndi də kanalizasiya-su çəkilişinə hazırlaşırlar. Şəhər 24 saat ərzində su ilə təmin olunacaq. Hazırda Mədəniyyət və Turizm İdarəsinin inzibati binasını da tikirik. İyunun 15-də - “Qurtuluş” günündə açılışı olacaq. Şəhərin özündə daha bir uşaq bağçası tikməyə hazırlaşırıq.

- Ümumiyyətlə, xaçmazlılarla necə dolanırsınız?

- (Gülür). Xaçmazlılar məni, mən də onları çox istəyirəm. Xaçmaza gələndə buralar kəndi xatırladırdı. İndi təsəvvür edin, burada 7 park var. Küçələr işıqlı... 2 hektar sahədə bir şəxsiyyətlər muzeyi tikmişəm ki... 51 nəfərin abidəsini qoydurmuşam. Şair, bəstəkar, yazıçı, şair, müğənni, aktyor... Nüfuzlu insanların heykəlləri... Bunlar hamısı xaçmazlılar üçün qalacaq.

- Deyirlər, çox sadə insansınız...

- Allah təala necə yaradıb elə də varıq (gülür)...

- Bir də deyirlər, əhali arasında çox görünürsünüz...

- Deyim də sizə... Mən saat 1-də kabinetə girirəm, saat 2-dək evdən gəlmiş bir loxma yeməyi yeyib yenə kabinetdən çıxıram. Günüm tikinti yerlərində keçir. İllər öncə Ordubadda rayon icra komitəsinin sədri, Naxçıvanın baş naziri olanda da belə edirdim. Yeməyim evdən gələrdi, nahar vaxtı kənara çıxmazdım. Allahın yetirdiyindən kabinetdə yeyib çıxıram. Məsələn, bu gün iki saat Xudatda olmuşam. Küçələri gəzmişəm, yerlərə baxmışam, görüm. nə edim, necə edim ki, camaatımız narazı qalmasın.

- Bəs əhali tərəfdən özünüzə münasibəti necə görürsünüz?

- Dediyim kimi, əhali arasında çox oluram. Hamı da çəkinmədən, sərbəst yaxınlaşırlar, dərdlərini deyirlər, mən də onları doğmam kimi qarşılayıram, problemləri varsa imkanlarım daxilində həll edirəm. Dilə gətirmək yaxşı çıxmır, ancaq elə xaçmazlılar özləri də deyə bilərlər, qarşıma çıxan o qədər imkansız insana əl tutmuşam ki...

- Abadlıq işlərindən danışırsınız. Bəs işsizlik? Xaçmazda işsizliyin aradan qaldırılması üçün necə, çalışırsınızmı?

- Xaçmazda işsizlik azalıb. Hətta indi Salyandan, Ağsudan da Xaçmaza iş üçün gələnlər var. Yəni ətrafdan da gəlirlər. Hazırda Salyandan 75-80 nəfər gəlib, burada işləyir.

- Yəqin ki, tikinti sahələrində işləyirlər...


- Bəli, ancaq tikinti sahələrində...

- Tikintidə fəhləlik mövsümi iş hesab olunur. Bəs yerli işsizlərin daimi işlə təmin olunması necədir?

- Bacardığımız qədər çalışırıq ki, işsizlik ümumiyyətlə aradan qaldırılsın.

- Və sonuncu sual. Bu gün çox sevindiyiniz hiss olunur. Hər halda özünüz üçün əlamətdar hadisə hesab edirsiniz. Necə qeyd edəcəksiniz?

- (Gülür)... Gedəcəm evə, uşaqlar da Bakıdadır, bir yoldaşımdır, bir də özüm. Nə bişiribsə, Allahın yetirdiyindən yeyib, sonra da yoldaşımla çay süfrəsi arxasında qəşəng bir çay içəcəyik...

Şəmsəddin Xanbabayev 5 il əvvəl "Şöhrət ordeni" ilə təltif olunmuşdu.

Şərhləri göstər

XS
SM
MD
LG