Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:09
-
«Mənim pay torpağım Kür çayının düz «qulağının» dibində - 50 metrliyindədir. Amma beş aydır ki, taxıl əkdiyim sahəyə suvarma suyu çıxara bilmirəm. Bu günlər qanımızın arasına qar, yağış girdi. Suvarma suyu bir həftə də geciksə, bu ilin məhsulu batacaq».

İmişli rayonunun Əlyetməzli kəndində yaşayan fermer Akif Əliyev narahatlığını AzadlıqRadiosu ilə bölüşüb. Bu kənddə yaşayanlar cari ilin məhsulu üçün 150 hektardan çox sahədə taxıl bitkiləri əkiblər. Akif Əliyev iddia edir ki, fermerlərin əksəriyyəti səpindən bəri hələ bir dəfə olsun əkini suvara bilməyib:
«Kənddə Suvarma Sistemləri İdarəsinin 2 nasosu var, biri səyyar, digəri isə stasionar fəaliyyət göstərir. Birincisinə daha çox ehtiyac olur - hansı sahə suvarılmalıdırsa, nasos elə onun yaxınlığında Kür çayından su qəbul edir. Amma bu nasosu işlədən adam camaatın əsəblərini tarıma çəkib. Gündə bir bəhanə ilə nasosu işlətmir. 2 ayda cəmi 30 hektar sahəni suvarıb. İnsafən bu il suvarma kanalları lildən, kol-kosdan təmizlənib. Amma bəndbərkitmə işi aparan bir traktor vardı, onu da buradan apardılar».

«SUVARMA İŞİNİ YAXŞILAŞDIRMAQ ÜÇÜN XEYLİ İŞ GÖRÜLÜB»

Məmmədli və Əlyetməzli kəndləri üzrə icra nümayəndəsi Nəcəf Əliyev suvarma suyu ilə bağlı problemin 2010-cu ildə baş verən təbii fəlakətə görə yarandığını deyir:
«O vaxt pay və həyətyanı torpaqlar su altında qalmışdı, kanallar sıradan çıxmışdı. Dağılmış təsərrüfatı bərpa etmək, torpağı əvvəlki münbitliyinə qaytarmaq, suvarma işini yaxşılaşdırmaq üçün xeyli iş görülüb. Bu il fermerlər 2000-ci ildən bəri istifadə etmədikləri sahələrdə də əkin aparıblar. Əkinlərin çoxu suvarılıb, çox az yer var ki, ora su çıxarmaqda çətinlik var, onu da yaxın vaxtda həll edəcəyik».

«NASOSA BAXAN ADAMIN İŞİNDƏN NARAZILIQ VARSA...»


İmişli rayon Suvarma Sistemləri İdarəsinin rəisi Mütəllim Bədirov Əlyetməzli kəndində olub fermerlərlə görüşdüyünü deyir:

«Nasoslarımızın hər ikisi işlək vəziyyətdədir. İdarə onları yanacaq, sürtgü materialı ilə vaxtlı-vaxtında təchiz edir. Bu yaxında mən kənddə olub əkin aparılmış sahələrə də baxdım, camaatı dinlədim. Orada da demişdim, indi sizin vasitənizlə bir daha onlara çatdırıram: nasosa baxan adamın işindən narazılıq varsa, camaat öz aralarından inandıqları bir nəfəri seçsinlər, bu işi ona tapşıraq».
XS
SM
MD
LG