Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:28

Hərbi Dəniz Qüvvələrinin sabiq qərargah rəisi həbs olunub


Arxiv foto
Arxiv foto
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq qərargah rəisi Yunus Məmmədov həbs olunub. Y. Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu ittihamlar məhkəmə də sübut olunsa, keçmiş qərargah rəisi çox ciddi cəza ala bilər. Cinayət Məcəlləsində həmin ittihamlar üçün cəzanın ən ağır növü əmlakı müsadirə edilməklə 7 ildən 12 ilə qədər müddətə azadlıqdan məhrum etmədir.

Xəbəri Hərbi Prokurorluqdan AzadlıqRadiosuna təsdiqləyiblər. Amma keçmiş rəisin yaxınları, ya da vəkilinin bu ittihamlarla bağlı hər hansı mövqeyi hələ səslənməyib.

APA informasiya agentliyi bir neçə gün əvvəl Azərbaycan HDQ-də Hərbi Prokurorluq və Maliyyə Nazirliyinin iştirakı ilə kompleks yoxlamalar aparılması barədə məlumat yayıb. Yoxlamalar HDQ-nin son 15 ildəki fəaliyyətini əhatə edir.

Yoxlamaları aparan müstəntiqlər və Maliyyə Nazirliyinin nümayəndələri tərəfindən gəmi kapitanlarından ifadələr alınıb. Artıq ilkin araşdırma zamanı sabiq komandan, vitse-admiral Şahin Sultanovun rəhbərliyi dövrdə külli miqdarda vəsaitin mənimsənilməsinə dair faktların ortaya çıxdığı bildirilir.

Eyni zamanda HDQ-nin 6 hərbi qulluqçusu saxlanıb.

Yoxlamalar zamanı gəmilərin təmiri, eləcə də təchizatla bağlı çoxlu sayda nöqsan aşkarlanıb. HDQ-də gəmilərin təmiri üçün ayrılan vəsaitin düzgün istifadə olunmaması, istismar dövrünü başa vuraraq istifadədən çıxarılmış gəmilərin HDQ-nin döyüş sıralarında göstərilərək, saxlanılması üçün büdcədən əlavə vəsaitin götürülməsi aşkar olunub.

Həmçinin gəmilərin rənglənməsi üçün saxta sənədlərlə yüz tonlarla boyanın alınması, təmir işlərinin gəmi kapitanlarının hesabına aparılması, HDQ-yə məxsus bəzi yaşayış və iaşə sahələrinin saxta sənədlərlə ayrı-ayrı adamların adına özəlləşdirilməsi və s. kimi faktlar üzə çıxıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG