Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:49

Avroparlamentin “qara siyahısı”na azərbaycanlının düşmə səbəbləri


-
Aprelin 4-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

“Yeni Müsavat” qəzeti Avropa Parlamentinin 32 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq ediləcək “Maqnitski siyahısı”ndakı azərbaycanlı, “Motrosskaya tişina” təcridxanasının keçmiş rəisi azərbaycanlı Fikrət Tağıyevdən yazır. “Yeni Müsavat”ın məlumatına görə, F.Tağıyev artıq bir ildən çoxdur ki, Rusiyanın baş naziri Dmitri Medvedyevin əmri ilə işdən uzaqlaşdırılıb. Avropa Parlamentinin rəsmi sənədində də təcridxananın indiki rəhbəri İvan Prokepenko göstərilib. Bəs ötən il konqresin qərarı ilə “Maqnitski siyahısı”nda adı olan və ABŞ-a getməsi yasaqlanan F.Tağıyev kimdir?

Fikrət Tağıyevin adı ilk dəfə mətbuatda 2005-ci ildə bu təcridxanada saxlanılan, Kremlin qatı düşmənləri kimi qandallanan iş adamları Platon Lebedev və Mixail Xodorkovski ilə bağlı qalmaqalda hallanıb. (Ötən ilin dekabrında Putin Xodorkovskini əfv edib, Platon Lebedev də vaxtından əvvəl azadlığa buraxılıb). Rusiyanın tanınmış iş adamları təcridxana rəhbərini onlara qarşı qərəzli münasibətdə suçlayaraq məhkəməyə müraciət etmişdilər. Amma məhkəmə məhbusların şikayətlərini əsassız hesab etmişdi.

“NURÇU”LAR AZƏRBAYCAN İQTİDARININ ÖZ PROBLEMİDİR”
Turqut Ər
Turqut Ər
Türk diplomatı, “Azadlıqdan tiranlığa” kitabının müəllifi Turqut Ər “Azadlıq” qəzetinə müsahibəsində deyib:“Türkiyədə də siyasi hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ankara Azərbaycanla bağlı yürüdülən dövlət siyasətinə diqqət yetirməlidir. Türkiyə hazırda Azərbaycanın problemlərinin nədən ibarət olduğunu gözəl görür və anlayır. Problem də Azərbaycanın Rusiyadan, Irandan, Ermənistandan təhdid almasıdır. Ona görə Türkiyənin Azərbaycana belə bir qayğı nümayiş etdirməsi normal qarşılanmalıdır. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi təhlükə altına düşməməlidir. Ona görə də Ərdoğanın səfərinə də bu kontekstdən baxmağın tərəfdarıyam. Maraqlıdır ki, mənim müşahidələrim göstərir ki, hazırda həssas olan bir məqamda Azərbaycanın daxilində Rusiya meyilli qüvvələr baş qaldırıblar. Bu qüvvələri mən Azərbaycana xəyanət etməyə hazır olan güclər kimi dəyərləndirirəm. Məqsəd köhnə idarəçilik rejimini yenidən gündəmə gətirərək, Azərbaycanı Rusiyanın təsiri altına salmaqdır. Bu cür təhlükəli məqamlar gündəmdə olduğu bir zamanda Türkiyə sakit qala bilməz. Düzdür, Türkiyə ilə Azərbaycan arasında bir sıra problemlər mövcuddur. Amma bunlar həlli mümkün olan, qardaş məsələləridir. Türk vətəndaşlarının Azərbaycanda üzləşdiyi problemlər, neft və qaz satışı ilə bağlı layihələr də Türkiyə baş nazirinin səfəri zamanı müzakirə edilə bilər”.

AC-YALAVACLARIN, HARIN-QUDURĞANLARIN ÖLKƏSİ

“Azadlıq” qəzetində Qənimət Zahid yazır: Adını çəkmək istəmədiyim bir deputat (mən onlara millət vəkili kimi baxmıram) Bakı şəhərinin korlanması haqqında danışıb (və ya yazıb) və paytaxtın simasının korlanmasında “ac-yalavac, mədəniyyətsiz, psixoz qaçqınları” ittiham edib. Bu, əlbəttə deqradasiyadır. Təkcə həmin deputatın deyil, onun təmsil etdiyi düşərgənin deqradasiyasıdır. Və bu deqradasiya həmin deputatın bu eyforik ifadəni işlətməsində görünmür, onun parlament kürsüsünə çıxarılmasında, həm də məhz, yaxşı söyüş söyə bildiyinə görə çıxarılmasında görünür. Onun deputat mandatında hər hansı başqa məziyyətin rolu olduğunu kimsə iddia edə bilməz...

Qaçqınları paytaxtın simasını korlamaqda ittiham edən deputat bu ovqatı ilə tək deyil. Adamın bəlli bir çevrəsi, oturub-durduğu, müzakirələr apardığı əhatəsi var və o da bu çevrənin baxışlarını ifadə edib. Hərçənd, bu çevrədə neçə faizin sosial baxımdan həmin qaçqın kateqoriyasına aid olduğunu söyləmək çətin deyil. Hətta mənim bildiyimə görə məzkur elementin özü də bir zamanlar hansısa qaçqın köçünün daxilində Şəmkir rayonuna pənah gətirənlərdəndir. Amma bu, əsas deyil. Əsas olan öz düşərgəsinin etiraflarını səsləndirən deputatın öz düşərgəsinin və o düşərgənin liderinin fərsizliyini etiraf etməsidir. Qaçqınların hələ də öz yurdlarına qayıtmaması onların günahı deyil. Azərbaycan bir dövlətdir. Ordusu, polisi, əhalisi, hətta prezidenti və parlamenti var. Prezident Ana Yasaya görə ali baş komandandır və zatən özü də bunu tez-tez “lazım gəlsə” şəklində təkrar etməkdən xoşlanır. Cənab İlham Əliyevin özünü ali baş komandan kimi cəmiyyətə təqdim etməsinin başqa heç bir şəkli yoxdur, buna görə də tez-tez “lazım gəlsə, hərb yolu ilə...” sözlərini əhalinin gözlərinə və qulaqlarına soxmaqla onu demək istəyir ki, o, ali baş komandandır, sərəncamında böyük bir ordu var və ondan qorxmaq lazımdır. Və tamam, əhali də buna görə qorxmağa başlayıb. Yoxsa, həmin əhali bu sayaq təfəkkürün sahiblərinin parlamentdə oturmasını və “mən sizin vəkilinizəm” iddiasını həzm edə bilməzdi. Yalnızca da bu deyil. “Mən sizin babanızam” iddiasını həzm etdirənlərin yerində elə belələri at oynatmalı idi.

MÜBARİZ QURBANLI MİNSK QRUPUNDA ABŞ HƏMSƏDRİ HAQDA

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı yap.org.az saytına müsahibə verib. O, Dağlıq Qarabağ münaqişəsinə dair həmsədrlərin görüşləri barədə sualı belə cavablandırıb:

ATƏT-in Minsk qrupu ilə görüş
ATƏT-in Minsk qrupu ilə görüş
“ABŞ-ı təmsil edən həmsədr tez-tez münaqişənin həlli ilə bağlı sosial şəbəkələrdə fikirlərini paylaşır. Amma ATƏT-in Minsk qrupu sülh prosesinin sürətlənməsinə və konkret nəticələrin əldə olunmasına təsir göstərməlidir. Bunun üçün Ermənistana təzyiq göstərilməli və Ermənistanın təcavüzkar dövlət kimi işğal etdiyi torpaqlardan çıxması təkidlə tələb olunmalıdır. Azərbaycan tərəfi münaqişənin tezliklə beynəlxalq hüquq normalarına uyğun və ədalətli şəkildə həllinin tərəfdarıdır. Münaqişənin hələ də həll olunmaması və beynəlxalq birlik tərəfindən səylərin güclənməməsi Azərbaycan cəmiyyətində narazılıqla qarşılanır. Buna görə də, həmsədrlər keçirdikləri görüşlərdə münaqişənin ədalətli həlli üçün ciddi səy göstərməli və konkret mövqe nümayiş etdirməlidirlər”.

ELDAR HƏSƏNOVUN JİRİNOVSKİYƏ TÖVSİYƏSİ

Azərbaycanın Serbiya, Bosniya və Herseqovina, Monteneqrodakı səfiri Eldar Həsənov “Hafta.az” saytına müsahibə verib.

– Rusiya Dövlət Dumasının üzvü Jirinovskinin “Dağlıq Qarabağ Rusiyaya birləşdirilməlidir” iddiası ölkədə böyük narahatlığa səbəb oldu. Sizcə, bu iddianın əsasında nə dayanır?

- Jirinovskinin çıxışlarına hansısa bir qatı milliyyətçinin, şovinistin və ya təlxəyin fikri kimi yanaşmaq sadəlövhlük olardı. Ehtimal etmək olar ki, o, millətçi, separatçı lobbisinin fəaliyyəti ilə yanaşı, eyni zamanda erməni separatizminin başında dayanan Zori Balayanların, Ara Abramyanların və yumşaq desək, Azərbaycanı sevməyənlərin də istəyini dilə gətirir. Bütün bunlarla yanaşı, mən Jirinovskinin diqqətinə onu çatdırardım ki, 1997-ci ildə “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq, dostluq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə” imzalanıb. Həmin müqavilənin 1-ci maddəsinə əsasən, tərəflər öz üzərilərinə bir-birilərinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına hörmət etmək öhdəliyini götürüblər. Və Jirinovskinin o zaman da təmsil olunduğu Dövlət Duması həmin müqaviləni ratifikasiya edib.

UKRAYNANIN VƏ BİR QARABAĞLININ TALEYİNƏ SÖZARDI

Media Forum saytında Oqtay Qorçu yazır:

Vladimir Putin dünyanı çalxalayır, aləmi vurub bir-birinə. Ərazisinə görə əhalisi elə də çox olmayan o boyda Rusiyadan doymayan Putinin niyə Krımı seçdiyi isə məlumdur. Rusiya öz hədəfini müəyyənləşdirir. Krım münaqişəsi həm də Putinin Ukraynadan ABŞ-a, Avropaya savaşçı mesajıdır. Rusiya meydan oxuyur hamıya, xüsusilə də Avropaya.

Bütün baş verənlərin fonunda dünya hələ də sakit görükür, amma bəzi analitiklər prosesə çox diqqətlə yanaşmağın tərəfdarıdırlar, baş verənlərin tək Ukrayna, Krım konflikti ilə bitməyəcəyini söyləyirlər. Hətta bəziləri 1933-39-cu illərdə Almaniyadan baş qaldıran yeni işğal dalğası tarixini də xatırladırlar. Soyuqqanlı və ehtiyatlı davranmağı belə bir məqamda geriyə saymaq kimi qiymətləndirənlər zamanında Hitlerin Almaniyada populist çıxışlarına etinasız yanaşanların səhvinin nəyə gətirib çıxartdığını dönə-dönə Avropa və Amerikanın yadına salmaqdan yorulmurlar. Bir vaxt Hitlerə də lağ edər, onun söylədiklərini sərsəmlik adlandırardılar. Faşist diktator milyonlarla insanın qətlinə fərman verəndə onu təlxək hesab edənlər necə yanıldıqlarını anladılar, amma artıq gec idi.

“LOVE ME, LOVE ME NOT”

AzərTAc: Aprelin 3-də Heydər Əliyev Mərkəzində “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı və dəstəyi ilə Azərbaycanın və qonşu ölkələrin müasir incəsənətini əks etdirən “Love Me, Love Me Not” adlı sərgi təqdim olunub.

“YARAT” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova deyib ki, bu sərgidə bir araya gələn ən müxtəlif mədəniyyətləri təmsil edən çox nüfuzlu rəssamların işləri nümayiş olunur. Qeyri-kommersiya təşkilatı olaraq, yerli icmalarda böyük işlər görmüşük və beləliklə, Venesiya- “YARAT” və onun böyük komandasının nələr təşkil etdiyini göstərmək üçün beynəlxalq auditoriya qarşısında bir araya gəlmişik. “YARAT” Müasir İncəsənət Məkanının qarşıdakı illərdə həyata keçirəcəyi çoxsaylı layihələrdən söz açan Aida Mahmudova demişdir ki, 2015-ci ilin yazında məkanın yeni sərgi zalını sənətsevərlərin ixtiyarına vermək niyyətindədirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG