Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:54

Sevəcəklər rəsmimi... (Seçmə şeirlərdən)


Gülər Abbasova
Gülər Abbasova
-

Son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilir.​


Gülər Abbasova


Simfoniya

Un kimi ələnir qar
Ağlımda simfoniya,
Ürəyimdə arzular
Barokko ya qotika..

Çılpaq olsam nə olar?!
Utanma,
yarat sən də..
Sevəcəklər rəsmimi
Məni sevməsələr də..

Pəncərədən görürəm
Böyük adamlar gəlir,
Qapını bağlamışam..
onların böyük sözü
Ürəyimə yerləşmir..

Ad günümə hədiyyə
Bir ovucuna sığar
Şamları üfürmədən
Onu mənə bəxş elə.

Ağlımda simfoniya
Barokko ya qotika..
Böyük adamlar kimi
Əynimi geyinim qoy.
Un kimi ələnir qar
Sevəcəklər rəsmimi
Məni sevməsələr də.

31 yanvar 2014


Kralın yuxusu

Kral sarayında şənlikdir indi
Təlxəklər, rəqqaslar masa üstündə
Yeməklər ayaq altda
Əllərdə şərab
Qurulmuş burada kef məclisi...

Hanı zadəganlar, əsilzadələr?
Hanı çox hörmətli o saray əhli?
Kralın əmrinə tabe olanlar
İndi qədəhləri göyə qaldırır
"Əlvida taxt-tac, əlvida saray....
Yaşasın yeni, ən yeni Kral!"

Kilsə zənglərinin küyündən qorxub
Gözlərini açdı, baxdı ətrafa..

Gecə ibadəti.. qızılgül ətri...
Nəhayət, nəhayət çox xoşbəxt idi.
Sevinci qəlbində saraylar qurub,
Şirin yuxuları gətirəcəkdi.

30 yanvar 2014
XS
SM
MD
LG