Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:47
-
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Azərbaycan Yazıçılar Birliyinin ayb.az saytına Xalq yazıçısı İsa Muğanna ilə bağlı fikirlərini bölüşüb.
AYB sədri açıqlamasında İsa Hüseynovun ölümünün ədəbiyyat üçün çox böyük itki saydığını bildirib:
«İsa Hüseynovun vəfatı ədəbiyyatımız üçün çox böyük itkidir... Şəxsən mənim üçün çox böyük itkidir... Mən İsanı bizim ədəbiyyatda Mirzə Cəlillə bərabər öz ustadım sayırdım».

Anar İsa Muğannanı Azərbaycanda yeni nəsrin yaradıcılarından və öncüllərindən biri kimi dəyərləndirib:
«Hər kəsin örnək saydığı bir yazıçı idi. İnsan kimi də son dərəcə nəcib, saf və gözütox bir insan idi».

Yazıçılar Birliyinin sədri Muğannanın xatirəsinin onun üçün hər zaman əziz olacağını vurğulayıb:
«Onun xatirəsi mənim üçün hər zaman əziz olacaq. Mən İsanın yaradıcılığı haqqında bir neçə iri məqalə yazmışam. Bu kədərli gündə isə, qısa da olsa, öz hisslərimizi bildirməyə ehtiyac duyuram…».

İsa Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində doğulub.

Atası Mustafa məktəb müəllimi olub.

Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945), 4 ay sonra kəndə qayıdıb.

Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub.
Burada 4 illik təhsilini başa vurub və Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub.

Bakıya qayıtdıqdan sonra bir sıra vəzifələrdə çalışıb.

Ədəbi fəaliyyətə 1949-cu ildə «İnqilab və Mədəniyyət» qəzetində çap edilən «Ana dil oxuyan yerdə» yazısı ilə başlayıb.

1950-ci illərdən etibarən kitabları nəşr olunub.

Ssenariləri əsasında («26 Bakı Komissarı», «Nəsimi», «Ulduzlar sönmür» və s.) filmlər çəkilib, əsərləri xarici dillərə tərcümə olunub.

«26 Bakı Komissarı» filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını alıb.

2012-ci ildə AYB-nin təsis etdiyi «Nəsimi» mükafatına layiq görülüb.
Ruhu şad olsun!

Günün bütün mövzuları

XS
SM
MD
LG