Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:26
-

Əli Şirin Şükürlü


İntellektual şeirlər


auditoriya - insan mənzərələri

mühazirə oxuyur. danışır həvəslə.
bəzən bilərəkdən göz gəzdirir auditoriyaya,
bəzən qeyri-ixtiyari.

kimi diqqətlə qulaq asır ona
ayırmadan baxışlarını,
kimi heyranlıqla.

biri üzündə təbəssüm;
nəsə keçir ağlından, deyəsən.

başqa biri qurcalanır yerində,
sual verməyə hazırlaşır,
işarə edir əliylə.

kimi etinasız. fikri başqa yerdə -
baxışlarından bilinir.

biri gözünü dikib aşağı,
telefonla məşğuldu. ismarıc
yazır, sözsüz.

biri darıxır. dözmür, tərk edir
auditoriyanı nəhayət.

o isə - mühazirəçi yəni, elə hey danışır
gözü auditoriyada, seyr edə-edə dinləyiciləri
və dinləməyənləri.
danışır gah həvəslə, gah da duruxur hərdən.

bitir mühazirə. hamı azaddır indi;
dinləyən, dinləməyən, mühazirəçi.
tədricən boşalır mühazirə otağı.
kimi elə o an unudur hər şeyi,
kimi unutmur çox şeyi.

mühazirəçi isə düşünür
seyr edərək boşalan otağı indi:
həqiqət axtarırıq – nədir o həqiqət.
hər kəsin öz həqiqəti var axı, deyəsən.
görünür, hələ çox şey öyrənməliyəm
cürbəcür insan mənzərələrindən.

səhər mətbuatda bir məlumat dəymişdi
mühazirəçinin gözünə:
ömürlük həbsə məhkum qatil
sevgi barədə roman yazıb
müsabiqədə iştirak etmək üçün.

... – 15.01.2014


dayandı – gedirdi

gözləyirdi səbirsizliklə:
nə vaxt gələr, görəsən?

o isə
gəlirəm – dedi. elə bilirdi gəlir.
gedirdi amma.

keçirəm, gözlə - çığırırdı. yolu keçməyə
hazırlaşırdı. keçirdi. elə bilirdi yol keçir.
öz-özündən keçirdi – fərqində deyildi sadəcə.

çatıram da çatıram, görmürsən - əli ilə işarə eləyirdi
bir az əsəbi. hə, çatdım, bu da mən. dayanıb, nəfəs dərdi
yorğun, hüzünlü.
dayandı. gedirdi amma, xəbəri yoxdu, deyəsən.

elə bildi çatıb. çatdığı özü idi – bilmirdi hələ.
çaşqınlıq içində boylandı ətrafa:
hardayam. azalmaqdansa çoxalıb məsafə.
geriyə gəlmişəm ki.

nə baş verdiyini bilən bilirdi. mən də bilirəm:
çatmaq üçün gözləyənə yolun yarısını getməliydi əvvəlcə.
amma əvvəlcə yolun yarısının yarısını. ondan da əvvəl
yarısının yarısının yarısını…
beləcə, sayacaqdı yerində gedə-gedə. sayacaqdı yerində,
gedəcəkdi amma, elə hey gedəcəkdi.

gözləyən
düşünürdü gözləyə-gözləyə:
bu gəlişlə
“itiayaq Axilles də çata bilməz tısbağaya”.


… - 14.03.2014


əlahiddə bacarıq

əlahiddə bir qabiliyyət var məndə - inanın;
qorxudur məni hərdən. nə barədə düşünürəm
tez-gec keçir həyata.

belə ki,
bu bacarıq sayəsində
pozula bilər tarazlığı kainatın.
heç nə elə-belə yaranmayıb ki.

məsələn:
böyük bir evdir. azca aralı zibil qutuları.
açılır geniş həyət darvazası evin
və bir gözəl qadın
gözündə iri çərçivəli qara eynək
çıxır küçəyə. ürəyimdən keçir ki,
bu gözəl qadınla
zibil qutusunda eşələnən o adamın
ulduzları barışsın.

ya da
o kişi saxlayıb bahalı avtomobilini
salam versin
hər gün laqeyd-laqeyd ötüb keçdiyi küçəni
süpürən üzü örpəkli qadına.

beləliklə,
zibil qutusunda eşələnən o adam
tezliklə çevrilir yaraşıqlı kişiyə,
küçə süpürən qadın
qara eynək taxmağı sevən gözəl xanıma.

amma
bir məsələ var burda –
onu demək istəyirdim bayaqdan;
bu çevrilmədə, görən,
pozula bilərmi tarazlığı kainatın.
bir səadət öldürərmi başqa birini.

axı
heç nə elə-belə yaranmayıb ki.

bir həqiqət var
qoy onu da deyim:
həyata keçən hər arzu qatildi əslində.

... – 26.03.2014

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG