Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:38

Xudatlı körpələrin bağça arzusuna vurulan qıfıl...


Bağçasız qalan balacalar
Bağçasız qalan balacalar
- Bağça olsa, yazıb-pozmağı öyrənərlər, məktəbə hazırlıqlı gedərlər...

- Oynamağa yerləri də yoxdur. Uşaq nə qədər zibillikdə, toz-torpaqda eşələnsin?..

- Alanda dedilər ki, işlədəcəyik... Sonra da qapısından qıfıl asdılar...

OYNAMAĞA YER, MƏKTƏBƏ HAZIRLAŞMAĞA MASA TAPMAYAN BALACALAR...

Oynamağa yer, məktəbə hazırlaşmağa masa tapmayanlar Xaçmaz rayonu, Xudatdakı konserv zavodu yaşayış massivinin balacalarıdır. Sakinlər 3 ildir ki, yaxınlıqdakı uşaq bağçasının qapısından asılmış qıfılın açılmasını, uşaqlarının bağçaya qəbulunu istəyirlər. Deyirlər bağça təmir adıyla bağlanıb. Sonradan onlara məlum olub ki, bağça qapısının üstündəki qıfılın açarı iş adamı Əbülfət Məmmədovun cibindədir:

“Dedilər, təmir edək, işlədəcəyik, o bağlanan bağlandı. Sonra da dedilər ki, özəlləşdiriblər, açılsa pullu olacaq”.

Ərazidə 100-dən çox ailə yaşayır. Hər ailədə də məktəbəqədər hazırlığa ehtiyacı olan azı 1-2 uşaq var. Bir sözlə, bu tərəflərdə gözünü bağçanın qapısındakı qıfıla dikənlər çoxdur. Çünki uşaqları başqa bağçaya aparmaq üçün xeyli əziyyət tələb edir.
Həqiqət Salmanova
Həqiqət Salmanova
Sakin Həqiqət Salmanova:

“Bu bağça yaxınlığımızdadır, uşaqları aparıb-gətirmək rahatdır. İndi uzağa aparmaq məcburiyyətindəyik. Dəmiryolunu keçməliyik, xeyli yol getməliyik. Bunun şaxtalı qışı, qızmar yayı var... Əl boyda uşaq üçün zülmdür vallah..."

İş orasındadır ki, bu ərazinin azyaşlılarına heç kənar bağçalar da sahib çıxmır. “Yer yoxdur” deyib qapıdan geri qaytarırlar.

BAĞÇANI KİM ÖZƏLLƏŞDİRİB?

Sakinlərin deməsinə görə, 3 il əvvəl bağçanı deputatlığa keçmiş namizəd Əbülfət Məmmədov özəlləşdirib. O gün-bu gün, bağçanın qapısı kilidlənib.

Əbülfət Məmmədov xaçmazlı iş adamıdır. 2005-ci il parlament seçkilərində 56 saylı Xaçmaz kənd seçki dairəsindən namizədliyini irəli sürsə də mandat qazana bilməyib.. Adının uşaq bağçasının özəlləşməsi ilə əlaqələndirilməsini qəbul etmir. Deyir, heç bir sənəddə onun adına özəlləşmiş bağça qeydə alınmayıb. Ancaq bununla belə sakinlərin iddialarını da cavablandırır:

“Xaçmazdanam və burada hər yerə aidiyyətim var. Onlar çox söz deyirlər... Real şeylərdən danışmalıyıq. Xudatda bağça işlətmək üçün azı 10 nəfər işçi götürülməlidir. Bunun aşpazı, tərbiyəçisi var, müdiri var... Minimum 300 manat əmək haqqı ödəmək lazımdır, bu da 10 işçiyə 3 min manat edir. Vergisi-filanı, təkcə maaşın xərcləri gəlib çıxır 4-5 min manata... Bu bağçanın istilik sistemi, başqa kommunal xərcləri var. Xudatdan 100 uşağa görə hər ailə 100 manat ödəməlidir ki, bağça rentabelli işləsin. Pul verə bilərlərmi?”

Balacaların üzünə bağlanmış bağça
Balacaların üzünə bağlanmış bağça
BAĞÇA ÇATIŞMAZLIĞI VƏ DAVAM EDƏN ÖZƏLLƏŞMƏ SİYASƏTİ...

Sakinlər də o fikirdədilər ki, özəl bağçaya uşaq yollamaq onların cibinə uyğun deyil. Maisə Babayeva:


“Bizim özəl bağçaya uşaq qoymağa pulumuz nə gəzir? Qarnımıza yeməyə çörək tapmırıq, güclə dolanırıq”.

Təhsil Nazirliyinin məlumatına görə, ölkədə 1700 uşaq bağçası var. Bunun 1637-si dövlətə məxsusdur. Məktəbəqədər müəssisələrdə 111 min uşaq (cəmi 1-5 yaşlı uşaqların 15 faizi) tərbiyə alır - yəni hər 7-ci uşaq I sinfə hazırdır. Deməli, 1-5 yaşlı uşaqların 85 faizi - 746 min nəfəri orta uşaq bağçasının xidmətlərindən məhrumdur, ilkin hazırlıq olmadan birbaşa orta məktəbə daxil olurlar.

Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi məlumatına görə, indiyədək 82 uşaq bağçası və körpələr evi özəlləşdirilib. Bu, 2006-cı ildə özəlləşdirməyə açılan məktəbəqədər təhsil müəssisəsinin üçdə biridir. Dövlət Komitəsinin 1996-2013-cü illərdə kiçik özəlləşdirmə hesabatına əsasən, 2007-ci ildə özəlləşdirməyə açılan məktəbəqədər təhsil müəssisəsinin 240-dan 63-ü özəlləşdirilib.

Hökumət məktəbəqədər təhsil müəssisəsinin kəskin çatışmazlığını etiraf etsə də, uşaq bağçalarının özəlləşdirilməsi siyasəti davam etdirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG