Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:49

Bir ölkənin portreti... (Seçmə şeirlərdən)


Rüfət Əhmədzadə
Rüfət Əhmədzadə
-

Son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilir.


Rüfət Əhmədzadə


Bir ölkənin portreti

Təsəvvür edin ki,
Sizin ölkənizin ən alçaq bir adamı
“İlin vətənpərvəri” seçilibdir...
Ya da zəhmət çəkməyin,
Heç təsəvvür etməyin...
Bir saytı açıb baxın...
Gördünüzmü?
Nə hiss etdiniz bu an?
Bilirəm, hiss edirəm...
Bu ölkədən getməyə
Bütün səbəblər varkən,
Bir bəhanə çatışmır.
Təsəvvür edin ki,
Sizin ölkənizdə yazıçılar kirələrdə sürünür,
Amma adını yaza bilməyənlər
Gündə maşın dəyişir...
Ya da zəhmət çəkməyin,
Beyninizi yormayın...
Televizoru qoşub kanallara göz atın.
Həyatınıza nifrət etdinizmi?
Ölmək üçün bütün səbəblər varkən,
Bir öldürən çatışmır.
Bir nağıl da uydurun:
Guya hər şey yaxşıdır,
Qanun şahlar üçün də baş tacıdır,
İnsanlara mövqeyinə görə yox,
Cinayətə görə cəza kəsilir...
Hakim sifarişlə yox,
ədalətlə işləyir...
Polis rütbə üçün yox,
Vicdan üçün çalışır...
Və gözəl xanımlar da,
Kişilərə kişiliyə görə ərə gedirlər.
Başınızmı gicəldi?
Yıxılmaq üçün çox səbəb var ikən,
Basdırılmaq üçün torpaq çatışmır.


Atasız qalmaqdan qorxduğum günlər

Atam əməliyyat olunmalıydı,
Başımıza yığılmışdı kredit və sələmlər...
Anamın qızıl adına heç nəyi qalmamışdı
- hamısı lombardda.
Müəllimə bacım isə firmadan mal götürüb
Qonşulara kosmetika satmaqda.
Yəni vəziyyətimiz belə idi...
Yaşamayıb, anlamazlar
– Ağız büzən, gülənlər.
Pis yoldan başqa hər yol işıqlı görünürdü...
Bircə ailəmiz başsız qalmasın.

Əzizlərimin ümidi tək mənə bağlanmışdı
Borcları ödəməyə aylıq maaş gətirən tək oğula.
Dünyanın daşı-kəsəyi, hətta otu-qalağı
Belimə qalanmışdı.
Bu ölkə bir ayaqyolu kabinəsi kimiydi, daralmışdı
– Arabir buraxdığı “quşlar”ın ucbatından
Hər an işdən qovulmağı gözləyən bir fağıra.

Dişimi-dişimə sıxıb dözürdüm.
Dözə-dözə vurnuxurdum ora-bura, sağa-sola...
Aman tanrım!
Təcili pul tapmalıyam...
Həkim deyir, gec olar!

Ötüşdürdüm,
Bacardım...
Atam “xərçəng”in əlindən sağ çıxdı...
Bir az keçdi,
İş yerləri dəyişə-dəyişə
Döyüş öyrəndim.
Rüşvət verə bilərdim:
- Ali məktəbdə dərs götürmək üçün.
Ya da ayrı, babat işə girməkçün.
Yaltaq ola bilərdim...
Qabağa getmək üçün.

Getdim, amma mərdliyimlə...
Hələ də getməkdəyəm.
Çox söz deyən olur, amma...
Məqsəd var, dözməliyəm!
O gün bir nəfər tənqidi bir yazımın
Altında şərh yazdı ki:
“Bir zamanlar qorxurdun”...
O zamanlar yada düşdü,
Ona haqq qazandırdım:
Niyə qorxmalıydım ki?!

Dövlət mənim,
Hörmət mənim,
Rüşvət mənim...
Dərd mənim!

Biz işsiz yox...
Atasız,
Anasız,
Ailəsiz...
Övladsız qalmağa qorxarıq bəzən!

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG