Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:19

Sənə tərəf gəlirəm... (Seçmə şeirlərdən)


Fərid Həsənzadə
Fərid Həsənzadə
-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilib çap edilir. Əsərlər münsifə imzasız göndərilib.


Fərid Həsənzadə


Sənə tərəf gəlirəm

Gör nə qədər sevgi qalıb
Ayrılığın dibində?
Sənə tərəf gəlirəm
İki əlim cibimdə

Bir ara hörmət var idi
Sonralar gözdən itdi
Sənə tərəf gəlirəm
Geyimim qeyri-ciddi

Sağlam ürək qalıb ki heç?
Hamısı qırıq-qırıq
Sənə tərəf gəlirəm
Saçım-başım dağınıq

Gözlərinə xəbər göndər
Yollarıma dikilsin
Sənə tərəf gəlirəm
Ərinə de, çəkilsin


Soyuq

Büzüşüb oturmuşam
Dinməz, sakit, kirimiş
Belə soyuq havada
Sənsiz qalmaq var imiş

Əvvəl hərdən gələrdi
Üstümə, gəlmir divar
Gör hansı gündəyəm ki,
Əlimdə əlcəyim var

Damağımda siqaret
Ötürürəm hər anı
Qorxudan çölə çıxmır
Tüstü görüb havanı

Yerişindən bilinir
Tüstünün çox qorxduğu
Hər biri sənsizliyin
Yoxluğun alt çoxluğu

Divarda şəklin də var
Gülür şəkildəki qız
Vallah çox darıxmışıq
Səndən ötrü hamımız

Ordan biri başlayır
Susdurmamış birini
Tüstü səni soruşur
Əlcəyim əllərini

Yerin elə görünür
Bu balaca yuvada
Adamı tərk etməzlər
Belə soyuq havada...


Həna

Nə vaxtsa biri olub
Həyatımda sən adda
Eşitdim evlənirsən
Nişanlanmısan hətta

Düzü bir az pis oldum
Birinci eşidəndə
Sonra keçdi və getdi
İz buraxmadı məndə

Aksesuar sevirdin
Buna da yol tapmısan
Barmağında üzük var
Girməyə qol tapmısan

Nişanlını görmüşəm
Bir sümük, bir dəridir
Sabah xınayaxdın var
Heç hənanın yeridir?
XS
SM
MD
LG