Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:22

«Türkiyəni itirən kimdir?» sualının cavabı


Ankarada AKP tərəfdarları seçkidə qələbəni bayram edirlər - 30 mart 2014

Ankarada AKP tərəfdarları seçkidə qələbəni bayram edirlər - 30 mart 2014

-
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası – AKP bələdiyyə seçkilərində səslərin 45 faizdən çoxunu qazanıb. Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası isə 28 faizə yaxın səs toplayıb.

Bələdiyyə seçkiləri 2002-ci ildən hakimiyyətdə olan baş nazir Recep Tayyip Erdoğan üçün bir sınaq, onun idarəçiliyinə dair bir referendum sayılırdı.

Erdoğan onu korrupsiyada və dövlət sirlərini yaymaqda suçlayanların məhz rəhbərlik etdiyi partiyanı hədəf götürdüyünü söyləyir, özəlliklə ABŞ-da yaşayan Fetullah Gülen-i polisdəki tərəfdarlarından yararlanaraq ona qarşı çirkin kampaniya aparmaqda suçlayırdı.

Artıq seçki savaşı bitib və təbii bir sual ortaya çıxıb: AKP-nin qələbəsi Türkiyə üçün nə deməkdir?

İKİ DAHA MÜHÜM SEÇKİ

«Türkiyədəki seçki heç də ölkədəki qarışıqlıqla bağlı son söz demək deyil. Ölkə daha dumanlı bir dönəmə qədəm qoyur, çünki iki, həm də daha önəmli seçki ilə üz-üzədir. Yayda prezident, gələn il isə parlament seçkiləri keçiriləcək. Türkiyə Erdoğan-ın öz siyasi gələcəyinə dair qərarını da gözləyir». Bunu «New York Times» yazır.

«Hansı əks iddialar irəli sürülsə də, AKP aydın və mübahisəsiz qələbə qazandı. Bu rəqəmlərdən sonra cənab Erdoğan-ın prezidentliyə namizədliyi və seçilməsi artıq təmin olunub», – Ankaradakı «MetroPoll» sorğu mərkəzinin direktoru Özer Sencar belə deyib. Novruz Məmmədov

Novruz Məmmədov



«New York Times» yazır ki, Türkiyədə rəqiblərin barışması üçün məkan dardır. Bir tərəfdə ölkənin təxminən yarısını təmsil edən dindar mühafizəkarların dəstəklədiyi islamçı baş nazir, digər tərəfdə ona müxtəlif təbəqələr – şəhər intellektualları, dünyəvi baxışlı türklər və millətçilər var. Erdoğan-a qarşı müxalifətdə olmaq onları birləşdirir.

Azərbaycan Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov martın 30-da öz «twitter» səhifəsində Türkiyədə keçirilmiş bələdiyyə seçkilərini «möhtəşəm» adlandırıb: «Ötən gecə Türkiyədəki seçkilərlə bağlı prosesləri izləmişəm. Möhtəşəm seçkilər... Türkiyə seçimini etdi».

XARİCİ GÜCLƏR ÜZƏRİNDƏ QƏLƏBƏ

Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Orucun sözlərinə görə, AKP-nin səkkizinci qələbəsinin reallaşması xalqın ötən illərdə yürüdülən siyasətə ayıq, mütəşəkkil və gerçəkçi münasibətini göstərir. Deputatın fikrincə, Türkiyədəki seçicilərin iradəsini yönləndirən metodlar, siyasi texnologiyalar nəticə verməyib və insanlar siyasi çarpışmanı münsif kimi dəyərləndirərək ən yaxşı hakim olduqlarını göstəriblər: Zahid Oruc

Zahid Oruc


«Bu referendum səciyyəli tədbirin daha üst qatında – xarici güclərin uzun illər ərzində Türkiyə içərisində idarəçiliyə dair əldə etdikləri mexanizmləri itirmələri fonunda Türkiyə sanki həm də xarici cəbhələrdə müxtəlif dairələrlə savaşırdı. Bu seçkilərin sonucunda onların da məğlub olduğunu söyləyə bilərik».

Deputat düşünür ki, Türkiyənin Erdoğan-lı dönəmdə irəliləyişi bu ölkənin gücünü artıracaq:
«AKP-nin Türkiyənin həyatında növbəti dönəm üçün uğur qazanması hər kəsi yerinə qoydu. Qafqazda, daha geniş regional arxitekturada Türkiyənin gücü sarsılmaz oldu. Bu, Azərbaycanın xeyrinə işləyir. Məncə, dünənki gün həm də Azərbaycan üçün önəmli idi».

«AKP-NİN QƏLƏBƏSİ ÖLKƏNİN PARÇALANMASI DEMƏKDİR»

İstanbulda yaşayan azərbaycanlı Xaqani Abbasəli Türkiyədəki seçkilərin heç də Azərbaycandakından az pozuntuyla keçmədiyini iddia edir. O, MHP tərəfdarıdır və bu partiyanın qələbəsini azərbaycanlılar üçün daha sərfəli sayır və AKP-nin üstünlük qazanmasının Azərbaycan hakimiyyətinə sərfəli olduğunu düşünür: R.T.Erdoğan İstanbulda tərəfdarları qarşısında çıxış edir - 23 mart 2014

R.T.Erdoğan İstanbulda tərəfdarları qarşısında çıxış edir - 23 mart 2014


«AKP-nin qələbəsi Türkiyənin çıxılmaz bir duruma düşməsi, ölkənin yaxın gələcəkdə parçalanması, bölünməsi, iflas edən Yunanıstanın durumuna düşməsi deməkdir. Ölkədə çoxlu qarşıdurmalar var. Baxarsınız, seçkilərdən sonra burada çaxnaşmalar, ölümlər olacaq. AKP-nin son 6-7 ildəki layihəsi Türkiyənin parçalanmasına gətirib çıxarır».

GÜLEN- ERDOĞAN SAVAŞI QIZIŞACAQ

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu buna diqqət çəkir ki, AKP rüşvət qalmaqalı ilə üzləşsə də, 2009-cu illə müqayisədə MHP və CHP-nin toplam səsindən daha çox səs toplayıb:

«Bələdiyyə seçkilərində partiyada konkret şəxslərə səs verilsə də, AKP səs çoxluğu qazanıb. Demək, vətəndaşları rüşvət qalmaqalından çox Erdoğan-ın işləri də maraqlandırır. Bu illər ərzində iqtisadiyyat normallaşıb, gəlirlər artıb, yollar, xəstəxanalar, hava limanları tikilib. Erdoğan həm güclü natiqdir, həm də xarizmatikdir».
Elxan Şahinoğlu

Elxan Şahinoğlu

Elxan Şahinoğlu Erdoğan-ın Gülen-in dəstəyi ilə hakimiyyətdə qalması barədə nağılın da bitdiyini düşünür. Axı 2009-cu ildə həmin dəstəklə 39 faiz səs toplayan Erdoğan-ın dəstəyi indi daha çox artıb. Şərhçi seçkidən sonra siyasi gərginliyin azalmayacağını düşünür. Baş nazirin yumşaldıcı bəyanatlarının Gülen hərəkatına aid olmaması bunun əlaməti sayıla bilər:

«Gülen hərəkatına bağlı işadamları məsuliyyətə cəlb oluna bilər. Gülen-in məktəb və universitetlərinin problemlərlə üzləşməsi mümkündür. Onun mediasına da bəlli təzyiqlər ola bilər. Çünki Erdoğan Gülen hərəkatını boş buraxsa, radikal nurçular onun sonunu yaxınlaşdırarlar. Erdoğan üçün Gülen hərəkatı müxalifətdən və vaxtilə onu devirməyə çalışan generallardan daha təhlükəlidir. Ona görə Gülen hərəkatı ilə Erdoğan arasında savaş daha da qızışacaq».

«PİRR QƏLƏBƏSİ»

«Recep Tayyip Erdoğan-ın bazar günü seçkilərində qələbəsi «Pirr qələbəsi» olacaq. Onun Ədalət və İnkişaf Partiyası, yəqin ki, bələdiyyələrin çoxluğunu qazanacaq, amma bütövlükdə Türkiyə beynəlxalq oyunçu kimi itirib», – bunu «New York Times»da dərc olunmuş başqa bir məqalədə oxuyuruq. R.T.Erdoğan Kosovoda məscidin açılışını edir - 2010

R.T.Erdoğan Kosovoda məscidin açılışını edir - 2010

Müəllif Erdoğan-ın daha çox düşmənlərinə hücum etmək üçün ambisiyalı xarici siyasətdən əl çəkdiyini vurğulayır:

«Baş nazir öz siyasi qurtuluşuna o qədər cəlb olunub ki, bu yaxınlarda ölkə ərazisində «twitter»i də bağlayıb».

Müəllifin fikrincə, bəzilərinə neo-Osmanlılıq – Osmanlı İmperiyasının bərpası cəhdi kimi görünsə də, Türkiyə Amerika və Avropa liderlərinin gözlərində əsas siyasi oyunçuya çevrilə bildi. Ancaq yerli problemlər xarici siyasətə təsirini göstərdi. Məsələn, Krım problemində Erdoğan mədəni və dini qardaşlarının köməyinə gəlməyərək, təəssüfünü bildirməklə kifayətləndi. Erdoğan-ın taktikası ölkəni təcrid edib:

«Bir müddət əvvəl Qərb dövlətlərində belə bir sual soruşulardı ki, «Türkiyəni itirən kimdir?». Çox barmaqlar Brüssel və Vaşinqtona tuşlanardı. Ancaq bu gün baş nazir ölkəni düşmənçilik və repressiyaya doğru apararkən, o barmaqlar elə cənab Erdoğan-ın özünə yönəlir».

Şərhləri göstər

XS
SM
MD
LG