Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:57

Erdoğan: «Artıq köhnə Türkiyə yoxdur»


Tayyip Erdogan ailəsi ilə birgə seçkinin nəticələrini qeyd edir
Tayyip Erdogan ailəsi ilə birgə seçkinin nəticələrini qeyd edir
-
Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkisi səbirsizliklə gözlənilirdi. «Gezi» etirazları, 17 dekabr korrupsiya əməliyyatı, durmadan yayılan gizli səs yazıları, baş nazirlə tərəfdarları sürən gərginlik Türkiyədə siyasi qütbləşmənin xeyli dərinləşdiyini göstərirdi.

Bu siyasi mənzərənin seçki qutusunda da əksini tapacağı, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yerli idarəçilikdə öz hakimiyyətini zəiflədəcəyi ehtimal edilirdi. Amma bu gözləntilər real vəziyyəti ciddi şəkildə dəyişmədi.

Ölkə seçicilərinin 87 faizinin qatıldığı seçkidə AKP 44-46 faiz səslə irəlidədir. Ondan sonrakı yeri 28 faiz səslə Cümhuriyyət Xalq Partiyası (CHP) tutur. Bundan əvvəlki bələdiyyə seçkisində - 2009-cu ildə bu iki partiya arasında səs bölgüsü belə idi: AKP-38%, CHP-23 %.

Rəqəmlər bir yana, ölkənin hər yerində seçki zamanı gərginlik yaşandı. Ayrı-ayrı bölgələrdə nəticələrə baxsaq, bəzi yerlərdə namizədlərin 1-2 faiz və hətta bir səs fərqi ilə önə çıxdığını görə bilərik.

Özəlliklə Ankara və İstanbulda, elə İzmirin özündə də bələdiyyə başqalığı uğrunda iqtidarla müxalifətin seçki savaşı gedirdi. Ankaranın bələdiyyə başqanı Melih Gökçek 20, İstanbulun bələdiyyə başqanı Kadir Topbaş 10 ildir bu vəzifədədir. Seçki nəticələrinə görə, onlar bu vəzifədə daha 5 il qalacaqlar.

«QAÇANLAR QAÇDI. BUNUN HESABINI ÖDƏYƏCƏKLƏR...».

Ölkənin siyasi gündəmində ard-arda baş verən hadisələr bələdiyyə seçkisini baş nazir Erdoğan-ın «qalsın-getsin» referendumuymuş kimi göstərdi. Belə bir fikrin formalaşmasında elə baş nazirin öz çıxışları, mitinqlərdə səsləndirdiyi fikirlər də az rol oynamadı.
R.T.Erdoğan Ankarada tərəfdarları qarşısında, 30 mart 2014
R.T.Erdoğan Ankarada tərəfdarları qarşısında, 30 mart 2014
Dünən – martın 30-da səslərin hələ 50 faizi sayılıb açıqlanmışdı ki, baş nazir qələbəni elan edərək tərəfdarları ilə görüşdü və öz rəqiblərinə, xüsusən keçmiş tərəfdaşı Fetullah Gülen-e mesajlarını çatdırdı:

«Xalq bu gün seçki qutusunda Türkiyə və dünyaya bir mesaj verdi: Biz burdayıq… Millət «bu ölkənin sahibiyik» – dedi, «millət əyilməz, Türkiyə yenilməz» – dedi. Biz Türkiyə Respublikasını küçədən tapmamışıq. Şəhidlərin qanı ilə yoğrulmuş bu torpaqları biz Pensilvaniyaya və ya onun burdakı davamçılarına əsla təslim etməyəcəyik. Qaçanlar qaçdı. Bunun hesabını ödəyəcəklər».

Erdoğan deyib ki, «Güclənərək gəlirik, daha güclü demokratiyanı gətirəcəyik. Qərbin həsrətini çəkdiyi demokratiya artıq bizdə var. Artıq köhnə Türkiyə yoxdur, yeni Türkiyə var».

MÜXALİFƏT SEÇKİNİN TƏMİZ KEÇMƏDİYİNİ DEYİR

CHP-nin İstanbul bələdiyyə başqanı namizədi olaraq seçkiyə qatılan Mustafa Sarıgül nəticələrlə bağlı açıqlama verib ki, «Heç nəyə baxmayaraq, CHP olaraq İstanbulda bu günədək ən yüksək səsimizi aldıq. Düzdür, bu bizim üçün təsəlli ola bilməz. Sabahdan etibarən daha çox çalışacağıq».
Mustafa Sarıgül
Mustafa Sarıgül


Sarıgül seçkiöncəsi təzyiqlərdən, seçki kampaniyası dönəmində yaşanan çətinliklərdən söz açaraq, səsvermənin böyük pozuntularla müşayiət edildiyini də vurğulayıb:

«Seçki məntəqələrində elektrikin kəsilməsi, ortalıqda gəzən səs torbaları və buna bənzər olaylar bu seçkinin siyasət tariximizə təmiz keçməsinə əngəl olmuşdur».

Müşahidəçi və adi seçicilərin yaratdığı onlayn platformalarda da seçki saxtakarlığı barədə rəylər əksini tapıb. Video-foto materiallar toplanıb. Ankarada vəkillərin yaratdığı Seçki Təhlükəsizliyi və Hüququ Mərkəzi seçicilərdən gələn şikayətləri araşdırır, gərəkli hüquqi addımlar üçün fəaliyyət göstərir. Siyasi partiyalar da kütləvi pozuntularla bağlı məhkəməyə müraciət edəcəklərini açıqlayıblar.

Melih Gökçek Ankarada qələbəsini elan edərkən CHP-nin namizədi Mansur Yavaş bu nəticələrə etirazını bildirərək işə hiylə qatıldığını deyib.
XS
SM
MD
LG