Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:05

Fərid Hüseyndən yeni hekayə


Fərid Hüseyn
Fərid Hüseyn
-

– Əlinin yox e... dalının üstünə də adın yazsan o qızı sənə alan döyüləm...


Fərid Hüseyn


CAVİD

(Hekayə)
Bu sətrin yerində sizin sözləriniz epiqraf ola bilər.
Reklam şirkəti


Arxın bəri döşündəki birinci ev sevgilimin əmisinindi. İyirmi ildən yuxarıdı, o evə baxa-baxa bu çayırlıqda qoyun otarıram. İyirmi üç il bundan irəli kəndə toya gəlmişdi, yazığa göz vermişdim, işıq verməmişdim. Toydan evə tez getsin deyə yüz hoqqa durquzmuşdum, axırda anası gəlib yaxamı haqlamışdı:

- Qız nə qədər ki, dədəsinin xarabasındadı, xozeyinlik eləmə. Hələ al apar, ondan sonra!

Sonra da min bir bəla yeli əsdi, institutu yarımçıq atıb qayıtdım ata məhləmizə, valideynləri qızlarını dərsini başa vura bilməyən birinə, özü də kəndə ərə vermək istəmədilər. Bu darmacalda tərcümeyi-halımı danışmaq fikrində deyiləm, sözümün canı nədir, burda qoyun otarmağımın səbəbini nağıl eləyirəm: O qıza (indi yaşlı qadındı) görə burda otururam ki, birdən gələr əmisigilə, heç olmasa hündür pilləkənlərə qalxıb ayaqqabılarını çıxaranda görsəm bəsimdi. Düzdür, gecə-gündüz, hər vaxt burda gözləmək müşkül işdir, ancaq nə qədər ki, qoyun otarıram, çalışıram o evi gözdən qoymayam.


***

Cavid heç kəsə yovuşmur, hələ belə uşaq görməmişəm. Elə bir qurd böyüdüb tifili. Səba yeli dağılmamış, göydən ayın işığı çəkilməmiş qarğı atını minib, “Ya Allah” deyib düşür kəndin ağına, zalım uşağı elə bir civədi, bir yerdə durmaqla arası yoxdu. Belənçidə deyiblər: “Atan sarımsaq, anan soğan, sən hardan oldun gülməşəkər?”

Bunun bir atası var idi, o, bir kilo pambıq yığanacan biz çuvalımızı yarı eləyərdik. Deyəndə ki, ay Səftər, əldən yeyin ol:

- Yığıram da, neynirəm... – halsız-halsız dediyi sözlərinin gerisini anlamaq olmazdı, elə bil dişləri ilə sözləri doğrayıb pambıqlığa tökərdi, iki-üç kəlməsindən sonra narazılıqdan dodaqları çürümüş rezin kimi əyilərdi, o əyri dodaqlardansa bircə anlaşıqlı, salamat söz çıxmazdı. Rəhmətlik ilan kimi adam idi, quyruğunu tapdalasan – yoluna bənd salsan – vurardı, – yox sataşmasan ondan asan yola gələn kimsə yox idi. Şeytan qulağına xəbər aparmasın.

Söz-sözü çəkir deyə yada salıram: Cavidin atasının ölümü xatirimə gəlir arabir, ölüm nədir ki, heç nə, nəfəsdi, getdi, gəlmədi. Cavidgilin aralıdan qoşa yal kimi görünən geniş pəncərəli evləri o vaxt təzə-təzə tikilməyə başlamışdı, on kərpic qaldırmışdılar. Səftər çağırmışdı deyə kömək edirdim, gün boynumu elə qaraltmışdı ki, uzaqdan baxan olsaydı, elə bilərdi, yanmış ağac gövdəsiyəm.

Günortaya yaxın kərpic hörən ustanın köməkçisi səhərdən yerini elədiyi bəhanəsini axır ki, yeritdi. Dedi mənim rayondan bacanaqlarım gələcək, bəlkə də gəliblər, gətməliyəm. Sözünü qüvvətləndirmək üçün zarafatından da qalmadı: “Öz qohumlarım cəhənnəm, bunlar arvadın qohumlarıdı, getməsəm bir həftə üzü divara yatacaq”.

Üzünün suyu tökülmüş bu cavan üst-başını çırpa-çırpa aradan çıxdı. Usta üzümüzə baxıb əldən yeyin olduğuma görə məni özünə köməkçi seçdi, Səftər qalaqlanmış kərpicləri arabayla yanıma gətirdikcə yerə yığıb sonra ustaya ötürürdüm. Saat altıya qədər işlədik, dayanmaq istəyəndə Səftər ustaya yavaş səslə dedi: “bu cərgəni də hör, yarımçıq qalmasın, sən allah”.

Usta sözə kəndir salan adam deyildi deyə, əlini saxlamadı, dodaqları arasındakı siqareti alnını turşudaraq daha möhkəm sümürə-sümürə işinə davam elədi. Başımız işə qarışanda gördük ki, Səftər bircə dəfə “ay ana, öldüm” deyib yerə sərildi.

Əlimdəki kərpici yerə tullayıb qaçanda, arxamca usta da yüyürdü. Səftər iki dəqiqənin içində şişmişdi, rəngi də göm-göy idi, elə bil üzü buludlarda güzgülənirdi. Ağzından daşan köpükdən başa düşdüm ki, ilan çalıb onu, tez qoluna baxdım, koramalın adətidir, qoldan çalır, çalanda. Əlimi atıb cib bıçağımı çıxardıb ilan vuran yeri yardım, zivədən asılmış paltarlardan birini yüyrək gətirib qolunu sıxdım. Arvadı pəncərədən görüb qaçaraq özünü yetirəndə üstünə qışqırıb “qatığ gətir” dedim. Evə qayıdıb sonra əlində qatıq bizə sarı gələndə gördüm ki, Səftərin gözləri tərpənmir. Usta, Səftərin bərəlmiş və bir nöqtəyə zillənmiş gözlərin görən kimi dedi:

- Sənə dedim axı, ay Səftər, ilan yuvası olan torpaqdan kərpic kəsməzlər, torpağın iyinə gəlib kərpiclərin arasında yatacaqlar.

Səftərin arvadı Zivər yanımıza çatıb ərinin bərələ qalan gözlərini görən kimi qatıq olan stəkan əlindən düşdü, dizini yerə atıb göynər səslə ağlamağa başladı. Kənd yerində gəlin gərək ərini dil deyib, oxşayıb ağlamaya, yoxsa deyərlər ki, alışıb-yanır, bihəyadır, ona görə də Zivər sözləri içinə, göz yaşlarını yanağına axıda-axıda ağlayırdı. Hamilə idi Zivər. Dörd ay sonra Cavid anadan oldu.

Sonralar Zivər ərə getmədi, saçının birini ağ, birini qara hörüb Cavidi böyütdü. Cavid də nə Cavid, bir sözü canından kəlbətinlə çıxarırsan, ancaq gəl bunun işdəklərinə bax. Kimsə bostandan, ya taxıl yerindən qayıdıb bir hovur dincəlmək üçün günorta evinə gəlir, atın noxtasını da bərkidir yerə. Cavid elə bil it kimi iy bilir, o dəqiqə gəlib həmin adamın atını tapır, “Ya Allah” deyib elə qamçılayır ki, atın sahibi kişnərti səsinə eyvana çıxıb uzaqda qopan tozanaqdan atlıya çatmağın mümkünsüz olduğunu bilib ya bəs deyincə söyür, ya da üz tutur Zivərin üstünə.

Gürşadını tök, Tanrı, deyib qarşığ-nalə yağdırırdılar Zivərə. Üstünə ciskin təki ələnən nalələrdən başı gicəllənirmiş kimi gözlərini süzdürən Zivər, bilmir ki, qonum-qonşuya nə cavab versin. Zivərin üstünə gələn qonşulara bir həqiqət aydındı: burda Zivərlik bir iş yoxdur, oğlu namxudanın öhdəsindən gələ bilmir. Ancaq bütün bunlara baxmayaraq atı qaçırılanlar onun qapısına gəlirlər ki, heç olmasa söyüb ağızlarının acısını alsınlar.

Cavid belə Caviddir, bütün günü tozanaqlaya-tozanaqlaya yay-qış bilmədən qaçır, bircə adam yoxdu ki, onu yolundan əylədə. At tapanda atnan, tapmayanda da başına əski-küskü dolayıb ata oxşatdığı qarğıyla götürülür e.... Hərdən kiminsə atını qaçırdan günün axşamı anasının əlinə düşəndə Zivər bircə balasını isladıb çırpır ki, kürəyinə yaxşı yapışsın sillələr.

Ya da Zivər belə günlərdə Cavidə heç nə demir, ancaq Cavid bilir, anası qurdla qiyamətə qalmalı olsa da, bu heyfi onda qoyan deyil, ona görə səbrlə belinin qovuşacağı, sümüklərinin xırçıldayacağı günü gözləyir. Zivər oğlunu çox vaxt çimizdirəndə döyür, çünki, Cavid balaca daxmalarındakı lampa işığında onun əlindən heç yana lüt qaça bilməz. Zivər həftə boyu Caviddən yığdıqlarını, bircə-bircə onun yadına sala-sala şapartdayar daxmada. Çimən günləri Cavidə az halda divan-məhkəmə qurulmur. Ona görə də Cavidin çimməklə arası yoxdu, anası onu min bir bəhanəylə daxmaya salır. Bəzən Cavid çimməyə girməmişdən əvvəl anasına and verdirir:

- De atanın qəbri döyməyəcəm?

- Atanın yanına yanaşasan səni, keç daxmaya görüm.

Cavid döyülsə də, bəzən günlərlə evə salınsa da, daxmalarında yatmalı olsa da, qaçmağından qalmır. Kənd içində deyirlər ki, başı xarabdır bu uşağın, yiyəsi olsa saldırar dəlixanaya. Cavidin halına ona görə yanıram ki, hara getsə kirvəsi olmuşam, ətini yesəm də, sümüyünü tullamaram, ancaq Cavid yanımdan elə keçir ki, elə bil heç məni tanımır.

Düzü, ha çalışır, ha vurnuxurdum, bu uşağa əlim yetmirdi, elə nə vaxt baxsaydım görərdim ki, dabanına tüpürüb qaçır. Ancaq bu dünya hamının əlinin yetirdiyi, umduğunu tapdığı bir vaxt var...

***

Qoyunları otlağa boşlayandan sonra əlimi qulağımın dibinə qoyub, o vaxt universitetdən yadımdan qalan şeirlərdən sındıra-sındıra segah oxuyuram:

Ey sarvan, səfərə vermisən qərar,
Məni qoyub getmə, üzgün canım var,

Gözümü yuman kimi xurma yüklü dəvələr ağır-ağır, ləngər vura-vura yoldan ötür, bu bozluqda, tozanaqda karvanın sarvanı gözümün içinə baxa-baxa ağlayır, ağladıqca da uzaqlaşır.

Sənin dəvələrin adi yük çəkir,
Qəm yükü çəkirəm, məni də apar.


Boğazımın yoğun yerinə salıb daha uca səslə oxuyuram, ancaq nə çarə, sarvanı yolundan əylədə bilmədim. Uzaqlaşdıqca dəvələr sarı cücələrə oxşayırlar. Sarvan ayaq saxlasaydı, məni də bu xurma yüklü dəvələrin belinə mindirib 20 il əvvələ aparadı, yenə sevgilim gəlib balaca ayaqqabılarını əmisigilin pilləkənlərində çıxardıb mənə baxa-baxa içəri keçərdi. Bu mənzərə yadıma düşəndə bir az da yana-yana oxuyuram:

O qədər incəlləm dərddən-əzabdan,
Özüm öz gözümdən olaram nihan,
Elə üzülmüşəm, ah çəksəm özüm,
Naləmlə göylərə uçaram inan.

Səsimdəki nalədən fikrə getmiş Mənsur Həllac qəfil silkinir, fikirdən ayrılır. Hər halda bütün bunları mən gəlib biri nağıl eləyir ki: “Mənsur Həllacı xanəndə dinləyəndə gördüm. O sonra vəcdə gəlib nətər rəqs elədisə, elə bil ayaqları yerdən üzüldü. Sonra da dayana bilməyib bu şeiri oxudu:

ONU olanlara görə qınayanlar səhv edir
Üns məkanını ONA dəyişənlər yalqız qalarlar”.


Bu nədirsə heç şeirə oxşamır, ancaq neynək, mənə gördüklərini danışan adamın yadında nə qalıbsa fəqir onu da nağıl eləyir. Maraqlısı odur ki, mənim səsim Həllacı belə yerindən oynadıb.

Hər halda mənim tək çobanın belə ağıllı yuxu görməsi də hansısa hikmətdən su içir yəqin. Qoyun otarıb yorulanda bu mürgüləmək olmaya da...

***

Axır ki, bu vələduznanı tutdum. Cavid ayağının arasındakı qarğı atla aralığın tinindən qaça-qaça dönəndə bilmədən mənə nətər dəydisə, az qaldım yıxılam. Ancaq qızıl balıq tutmuş balıqçı kimi əlimə keçəni buraxmaq fikrindən uzaq idim, qolunu elə tutmuşdum ki, elə bil əllərimi qoluna məngənəylə sıxmışdılar, ha irəli-geri dartındı əlimdən çıxa bilmədi. Axırda zəhmətinin cifaydalığını anlayıb rahat durdu, ancaq bilirdim ki, iraq dədəsindən, köpəyoğlu nəsə bir qələt qarışdırıb çıxacaq əlimdən. Elə ürəyimdə bu fikri götür-qoy etməkdə ikən ayağı ilə toz-torpağa təpik vurdu və gözlərim qumla doldu, ancaq buraxmadım, çəkə-çəkə Cavidi divara dirədim.

***

Сavidi divara dirəyəndə gözümə qəfil öz əlimin üstündəki yazı dəydi. Qəfil əlim boşaldı. Yadıma əsgərlik günləri düşdü. Əsgərliyə təzə getmişdim, hərbi hissənin arxasında tək-tənha siqaret çəkirdim. Birdən saçları qıvrım heybətli bir oğlan yaxınlaşıb dedi: “Deyəsən, darıxırsan?”

Başımı yellədib “hə” dedim. O dəqiqə dedi ki, yəqin, sevdiyin var, adətən, hərbi hissənin həyətində tək gəzən olanda bilirik ki, anasından, atasından, evlərindən darıxmır. Çünki ana-atadan darıxanlar dərdini, sirrini danışan olur, ancaq sevgilisi olanın qarnının dərdini bilmək olmur. Sözü hərlədib-fırladıb gətirdi ki, gəl sevdiyin qızın adını yazım əlinin üstünə, gecə uzananda baxarsan. Quşbeyin olduğumdan tez razılaşdım, bəri başdan 3 manat zəhmət haqqısını ödədim. Əlimin üstünə sevdiyim qızın adını iynə ilə yazandan sonra özümü xoşbəxt hiss elədim. Nəysə, ay dolandı, il keçdi məzuniyyət vaxtım gəlib çatdı. Evimizə gələndə atam əlimin üstündəki yazını görən kimi qışqırdı:

– Köpəyoğlu, sən bu gün-sabah orda siqaretə də qurşanacaqsan, gedən kimi sildir o zibili əlinin üstündən. Sən hələ camaatın qızını almamış adını niyə yazdırırsan ki, qoluna, küçük – deyən kimi o dəqiqə beş atılan kimi atıldım.

– Alacam, nə olur, olsun, o qızı alacam.

Atam sözünün üstünə söz dediyimə görə əlinin arxası ilə bir-iki demədən mənə elə sillələr ilişdirdi ki, burnumun qanı ağzımın suyuna qarışdı. Nə qədər söydü məni eynimə də gəlmədi, ancaq bircə sözü hələ də yandırır məni:

– Əlinin yox e... dalının üstünə də adın yazsan o qızı sənə alan döyüləm.

Nədənsə xəyala dalıb əlimin üstünə baxdığım vaxtda Cavid əlimdən sivişib çıxmamışdı. Xəyaldan ayrılan kimi əlimi onun yaxasından daha möhkəm yapışıb soruşuram:

– Bu istidə, quş quşduğuynan uçmur, it-itdiyiynən kölgədə ləhləyir, nolub, nə həşirdəsən, hara qaçırsan? – Cavid başını qaldırmadan ötkəm səslə deyir:

– Atamın dalınca qaçıram.

Bu sözləri eşidən kimi əlim-qolum boşalır, ancaq birdən özümə gəlib dedim:

– Ayə, sən olmamışdan dörd ay əvvəl ölüb atan, özü də mənim yanımda, ələ salırsan məni?!

– Anam deyir ki, o məndən dörd ay əvvəl gedib dünyadan, o yəqin yeriyə-yeriyə gedib, yüyürürəm ki, çatım ona.

Qəfildən gözümdən yaş sellənir, əyilib Cavidi bağrıma basıram və hönkür-hönkür ağlayıram. Cavidin əlindən tutub kəndin ara yollarını keçə-keçə düz qəbiristanlığa gətirir və atasının qəbrini göstərirəm. Cavid ilk dəfə gördüyü məzar daşındakı şəkli öpüb doyunca ağlayır. Sonra yol boyu əlində möhkəm tutduğu qarğı atını sındırıb qəbiristanlıqdakı hündür böyürtikan kollarına sarı tolazlayır. Əlimdən tutub kəndə qayıdır, yolda söz verir ki, bir də qaçmayacaq. Kəndə gələn kimi xəbər verirlər ki, mən qəbiristanlıqda olanda sevgilim əri ilə gəlib atüstü əmisigilə, bir stəkan çay içib gedib, tfu belə bəxtə...
XS
SM
MD
LG