Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:48

"Bu işi durdurmalıydım və iş elə gətirdi ki, durdurdum da"


Pərviz Cəbrayıl
Pərviz Cəbrayıl
-

"Ömür gedir, cəhənnəmə getsin, onsuz da mövcud Azərbaycanda yaşayıb peşəkar və ciddi romançı olmaq mümkün deyil...

Şükür, tərpənmək istəyən, o peşəkar yazıçı-nəşriyyat münasibətlərinin mövcudluğu yolunu tutmuş nəşriyyatın da qol-qabırğasını elə qırırlar ki, olan-qalan ümidlər də boşa çıxır..."



Yazıçı Pərviz Cəbrayılla Namiq Hüseynlinin söhbəti


- Pərviz bəy, necəsiniz? İndi nə işlə məşğul olursunuz?Ara-sıra yayımlanan şeirlərinizdən başqa nə bir kitabınız, nə də köşə yazılarınız gözə dəyir. Çoxmu məşğulsunuz?

- Hər halda “yaxşıyam” demək mümkün deyil. Nə içimdə yaxşılıqdı, nə içində yaşadığım ölkədə. Ara-sıra, dediyin kimi, Facebook-da şeirlərimi paylaşıram, dostlar oxuyur. Yəni əslində elə bir zamandı ki, sosial şəbəkə kitab çapını əvəz edir. Halbuki bir kitablıq çap olunmamış şeirim var. Nəşr etmək üçün iki sərfəli təklif də olub, di gəl, səmimi deyirəm, həvəsim yoxdu. İllah da kitab bazarının olmadığı bir yerdə mənası nədir ki?

Köşələrə qalanda, bu, üzdən baxanda iş yerimi dəyişməyimlə bağlıdı, ancaq mahiyyətdə elə deyil. Yazsam, yeni iş yerimdə də yazaram. Yazmıram, çünki birincisi, indilər özünüifadənin ayrı formasıyla məşğulam, bu da öz peşəmdi, redaktoram. Köşə yazanda jurnalistliyimi, fikrimi, istəyimi köşəylə ifadə edirdim, əslində, bu da bir az məcburi seçim idi.

- Məcburən köşə yazdırırdılar?

- Yox, təbii. Sadəcə, çalışdığım “Azadlıq” qəzetində Hacı Qənimət məndən jurnalist kimi işimin formatını dəyişməyi xahiş etdi, razılaşdıq (bu bir az geniş mövzudu, danışmaq fikrində deyiləm), həm də ikisi də öz işimdi də - köşə yazmaq olsun, ya redaktorluq. İndi sadəcə, dediyim kimi, özünüifadə forması dəyişib. Dəyişən təkcə bu şəkildi. Yazmamağımla bağlı bunu da deyim ki, artıq yazmaqdan, həftədə 4-5 köşə yazmaqdan usanmışdım. Üstəgəl umudsuzluq. Heç nə dəyişmir və bu şərt altında sən dəyişik yazılar yazmalısan. O zaman məcbur olub içindən, ruhundan və ən əsası ədəbiyyatından qidalanmağa başlayırsan, ədəbiyyatın, konkret olaraq romanın payından yeyirsən, israf edirsən, romanın balını kəsib, şanı boş qoyursan, nə bilim quyunun suyunu tükədirsən. Bunu durdurmalıydım və iş elə gətirdi ki, durdurdum da. İndi suyu çəkilmiş quyuya yenidən su yığılır, ancaq bu dəfə o su ancaq roman üçün istifadə ediləcək. Çox az qalıb. Mənimçün ədəbiyyatdan, romandan kənar həyat yoxdu, özüm də yoxam. Ancaq özünü var eləmək bu ölkənin gerçəklikləri içində həddən ziyadə zor olsa da, olacaq. Yeni romanın üçüncü və ümid eləyirəm, sonuncu mətninin arxasınca gedib qayıtmağıma bir şey qalmayıb.

- Yeni roman üzərində işlədiyinizi dediniz, nə kimi mövzudadır? Roman üçün vaxt tapa bilirsinizmi?

- Mövzu umudsuzluqdu. Umudsuz Azərbaycan insanı. Yəni girdabına düşdüyümüz gerçəklik. İliyimizə qədər yaşadığımız gerçəklik. Şah damarımızdan da bizə yaxın umudsuzluq. Qeydlər üçün oğurluqla olsa da, vaxt tapıram. Ancaq yazmağa ikicə ay lazımdı. Quyu dolan kimi, başlayacam. O zaman məni yazmaqdan saxlaya biləcək heç nə, heç kim yoxdu. Ölüm-itimi çıxmaq şərtilə.

- Doğrudurmu bir romanı bir neçə formada yazırsınız, sonra ən uyğun variantı seçirsiniz? Buna aylarla vaxt lazımdır?

- Doğrudur. Ədəbiyyata biznes kimi baxmadığıma, ədəbiyyatla dolanmadığıma görə, sözün məsuliyyətini dərk etdiyimə, adıma və oxucularıma hörmətim sonsuz olduğuna görə tələsmirəm, tələsəcək yerim də yoxdu. Ömür gedir, cəhənnəmə getsin, onsuz da mövcud Azərbaycanda yaşayıb peşəkar və ciddi romançı olmaq mümkün deyil. Sırf iç ehtiyaclarımı ödəmək və mövcud reallıqlar içində özünü ifadə etmək üçün yazıram. Bu bir neçə forma üçün aylarla yox, illərlə vaxt lazımdı. Bu illər bir neçə dişi yeyilmiş çarx kimidi, hansında çarxların sağlam dişləri bir-birini tutacaq, mühərrik işə düşəcək, allah bilir. Ancaq mən cəhdlərimi dayandırmıram, əks halda heç vaxt işə düşə bilmərəm. Roman iki variantda yazılıb. İstədiyim birini götürüb nəşr etdirə bilərəm, bu gün nəşr olunan romanların heç birindən də kəm olmaz. Ancaq sözə və oxucuya hörmətsizlik olacaq bu.

- Heminquey deyirdi ki, şedevr o əsərdir ki, heç kim onu axıra kimi oxuya bilmir, amma hamı ondan danışır, ya da heç gözlənilmədən tarixdə qalır. Sizin “Yad dildə” romanınız məşhurlaşdı, amma çox adam onu axıra kimi oxuya bilmədiyini deyir. Belə demək olarmı ki, siz kütlə üçün yazmırsınız, daha çox gələcək üçün yazırsınız?

- Nə kütlə üçün yazmadığımı, nə gələcək üçün yazdığımı iddia edəcəyəm. Sadəcə, yazıram. Heminqueyə böyük hörmətim var, ancaq romanımın şedevr olduğunu da iddia etmək fikrində deyiləm. Nədirsə, odur. Nə olsun ki, onu şedevr adlandıranların sayı elə də az deyil. Ancaq bir yazıçı öz əsərini necə şedevr hesab edə bilər? Hələ başqaları mənimçün bu şedevr sözünü işlədəndə ölüb-yerə girirəm. Hə, yazanda şedevr yaratdığını düşünmək başqa məsələ. Əks halda yazmaq mümkün deyil. İnanmalısan ki, yazdığın məhz şedevrdi. O da ancaq yazı prosesinin gedişatında olur.

- Bir dəfə “Pen Klub” verilişində demişdiniz, köşə yazmaq yazıçını gücdən salır, böyük nəsr üçün özünü hazırlamağa mane olur, yeni kitablar yazmasını ləngidir. Bayaq da bu haqda danışdıq ki, daha köşə yazmırsınız, bəs indiki işiniz ədəbiyyatla məşğul olmağa nə dərəcədə əlverişlidir? Sayt rəhbərliyi ədəbiyyatla sizin aranıza girmir ki?

- Hə, bayaq bu haqda danışdıq. “Pen klub”da da bu mövzunu dartışmışdıq. Bəli, köşə mane olur. Redaktorluqdan daha çox mane olur. Redaktorluq da adamı ruh düşkünlüyünə salır. Məsələn, bir roman yazmalı olduğunuz halda kiməsə “da-də”nin haçan sözə bitişik, haçan ayrı yazıldığını, ədatın, şəkilçinin nə olduğunu, “çünki”dən sonra vergül qoyulmadığını, yaxud “çün”lə “ki”nin ayrı yazılmadığını, “və”dən sonra vergül qoyulmadığını və s. və i.a. hər gün, hər gün izah etmək zorunda qalmaq, düzəltmək adamı öldürür, sanki bərbad təhsilin faciəvi nəticələrinin hamısının sənin üstünə yükləndiyini, hansısa günahlarına görə bu məşəqqətə məhkum edildiyini düşünmək ürəyini bulandırır. Bu gün ali məktəbi bitirib gələnlər bizim çağın ikinci sinif şagirdi səviyyəsində bilir dili, bəzən nəzəri cəhətdən bilirlər, ancaq praktikada o nəzəriliyin necə tətbiq olunması haqda təsəvvürləri yoxdu. Bu savadlılar sözü necə tələffüz edirlər, elə də yazırlar. Məhz sözünü “məss”, “məhs” kimi təsəvvür edirlər. Ancaq bu, yenə də köşə yazmaqdan yaxşıdı, romanın enerjisini, mayasını səndən almır. Təkcə vaxtını və ömrünü alır. Yenə də bir ümidin var ki, eybi yox, haçansa bir möcüzə nəticəsində o dişlərinin yarısı qırlmış çarxlar bir gün tutacaq və sən yenidən yazacaqsan. Ədəbiyyatla mənim arama girmək isə mümkün deyil. O mənimlə mənim arama girmək olardı.

- Düşünmürsünüzmü ki, Azərbaycan mühitində yazar mütləq pul qazanmağa bir yol axtarmalıdır, ancaq pul qazanmaqdan qalan boş vaxtlarında yaza bilər?
Pərviz Cəbrayıl
Pərviz Cəbrayıl

- Nəinki düşünürəm, elədi ki, var. Nə qədər nəşriyyatlar özünün normal inkişaf səviyyəsinə çatmayıb, yazıçıyla romanı üçün müqavilə bağlayıb, onun hansısa bir işlə məşğul olmadan ailəsini dolandırıb yaza bilməsi üçün avans vermirsə, kitab bazarı bu cür faciəli durumdadırsa, belə də olacaq. Şükür, tərpənmək istəyən, o peşəkar yazıçı-nəşriyyat münasibətlərinin mövcudluğu yolunu tutmuş nəşriyyatın da qol-qabırğasını elə qırırlar ki, olan-qalan ümidlər də boşa çıxır. İstənilən nəşriyyatı bu cür çökürtmək mümkündü, çünki onların istənilən an boğulması üçün şəraiti qabaqcadan yaradırlar ki, anında istədikləri yerdən yapışa bilsinlər. Nəşriyyatlar da istəmədən o özünüməhv yoluyla getmək zorundadır, çünki əks halda beş gün ömür sürmədən məhv olacaqlar. Bizimki “ya nəsib, ya qismət” yolunu tutub getməkdi. Bəlkə heç ilişmədik. Bu reallıq cəmiyyətin istənilən sahəsinə və fərdinə də aiddir.

- Elə bu mövzuya toxunacaqdım, məni qabaqladınız. Hal-hazırda ədəbi mühitimizdə tarixi yeniliklər baş verir, müstəqillik dövründə kitab, ədəbiyyat qarşısında böyük xidmətləri olan “Qanun” nəşriyyatına altından qalxa bilməyəcəyi bir cərimə kəsilib, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərili də prokurorluğa çağırılır. Digər yandan sürətlə yeni, böyük kitab mağazaları, nəşriyyatları açılır, çoxlu saytlar açılıb ki, yazıçılara, ədəbiyyat adamlarına yüksək qonorarlar verir. Bütün bunlar sizin baxışınızda necədir? Nikbinlik oyadır, yoxsa bədbinlik, ədəbiyyatımızın gələcəyinə inamınız varmı?

- Yeni nəşriyyatların, kitab evlərinin açılması təbii ki, əladı. Ancaq ədəbiyyat işində əvəzsiz xidmətləri olan “Qanun”un qanundan kənar elan edilməsi çox ürəkağrıdıcıdı. Nəyə görəsə inanıram ki, bu iş müsbət həll ediləcək və “Qanun” yenə də şah olacaq. Fəhmim və məntiqim bunu deyir.

- Elə bu günlərdə gənc şairimiz Nicat Məmmədov “Ruskaya Premiya” mükafatını qazanadı, bundan əvvəl artıq iki yazarımız Kamal Abdulla və Əkrəm Əylisli Nobel mükafatına namizəd olublar. Sizcə, nüfuzlu ədəbimükafatların, Nobelin bizim ölkəyə gəlib çıxması üçün hələ çoxmu vaxt lazımdır?

- Nobelə namizədliyə namizəd göstərilmək başqadı, namizəd olmaq başqa. Hər bir halda inamı itirməmək yaxşıdı. Ancaq ədəbiyyatla peşəkar şəkildə məşğul olmaq üçün yazarına zərrəcə imkan tanımayan bir cəmiyyətdə, iqtisadi gerçəklikdə kiminsə nobellik əsər yazacağına inanmıram. Hə, çoxlu pulu, mənsəbi və bunların sayəsində əlaqələri olan, orda-burda əsərlərini tərcümə etdirib çıxartdıranların səviyyəli mətn yaza biləcəyinə inanmıram. O cür əsərlərin ömrü o pulun və əlaqələrin ömrü qədərdi. Ancaq heç vaxt ədəbiyyat vəsiqəsi ala bilməz o yazar və onun yazdığı cəfəngiyyat. Ədəbiyyat ürək kimidi, onu bir az sağlam saxlamaq olar, ancaq əbədi döyünməsini təmin eləmək mümkün deyil.

- Ədəbi təşkilatlardan nə gözləyirsiniz, onlar indiki vəziyyətdə ədəbiyyatı yeni bir mərhələyə çatdırmağı bacaracaqlarmı? Yoxsa bunun üçün onlar köhnəlib?

- Azərbaycanda indi mövcud olan ədəbi təşkilatların ədəbiyyata heç bir təsiri yoxdur, ola da bilməz. Ədəbiyyat həmişə olduğu kimi yenə də fərdlərin çiynindədi. Çünki bu ədəbi təşkilatların heç biri estetik xətt üstündə mövcud deyil. Sadəcə, cəbhələrdi. O buna güllə atıb öz mövcudluğunu yada salmaq istəyir, bu ona. Əksinə, ədəbiyyata mane olurlar. Hətta ədəbi alverlə də yox, ədəbiyyatın hesabına alverlə məşğul olub gün-güzəran çıxarırlar. Partiyalarımız kimi heç nəyə yaramırlar, sadəcə, kimlərinsə ömrü, yaradıclığını güdaza verirlər.

- Sizi müsahibəyə çağıranda razılaşmaq istəmirdiniz...

- Hə, bir qərar qəbul eləmişdim ki, ta romanı yazıb razı qaldığım mətni əldə etdiyimə əmin olmayana kimi heç bir müsahibə-filan olmayacaq. Bunu, yazmağa macal tapmayan adamın xalturası hesab eləyirəm. Mənə görə, yazıçı ancaq yazanda, davamlı yazı prosesində olduğu zaman yazıçıdı. Ona görə də bu qərara gəldim. “Məryəm surəsi” gələnə kimi mən yoxam!

Söhbətləşdi: Namiq Hüseynli

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG