Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:44

Rusiya Azərbaycan münasibətlərinin «zəif bəndləri»...


Putin Bakıda - 13 avqust 2013

Putin Bakıda - 13 avqust 2013

-
BMT-də Ukraynanın ərazi bütövlüyünü təsdiqləyib, Krımın anneksiyasını qanunsuz sayan qətnamə lehinə səs verən 100 ölkə arasında Azərbaycan da var. Ermənistan da daxil olmaqla 11 ölkə sənədin əleyhinə səs verib, 58 ölkə isə bitərəf qalıb.

Rusiyanın Xarici İşlər Nazirliyi bu qətnaməni pisləyib. Nazirlik qətnamənin səmərəsiz olduğunu və bunun Ukraynadakı daxili siyasi böhranın həllinə yönələn səyləri çətinləşdirəcəyini bildirib.

Bu arada Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana Rusiyadan təzyiqlərin olacağı ilə bağlı ehtimallar da səslənməyə başlayıb.

«ƏSAS TƏZYİQ RIÇAQI QARABAĞ MƏSƏLƏSİDİR»


Politoloq Zəfər Quliyev də Azərbaycana qarşı risklərin olduğunu düşünür. Amma buna rəğmən Ukraynanın ərazi bütövlüyünü müdafiə edən ölkələr arasında Azərbaycanın olmasını doğru addım sayır. Zəfər Quliyev təzyiqlərin bir neçə yöndən ola biləcəyini düşünür. Onun fikrincə, Moskvanın Bakıya təzyiq menyusunda ilk yerdə Qarabağ məsələsi dayanır:

«Əsas təzyiq rıçaqı Qarabağ məsələsidir. Ermənistan Moskvanın işarəsi ilə Qarabağda referendum keçirə bilər. Deyə bilər ki, artıq beynəlxalq qanunlar işləmir, Qarabağı Ermənistana birləşdirək və s. Kosovodan sonra Gürcüstan oldu, növbəti dəfə Krım məsələsi var. Belə bir şəraitdə Moskva istəsə, Qarabağ məsələsi ilə yenidən Azərbaycana həm referendum, həm də təmas xəttində atəşkəsi pozmaq yolu ilə təzyiqlər edə bilər».
Zəfər Quliyev

Zəfər Quliyev

«MİQRASİYA QANUNUNUN SƏRTLƏŞMƏSİ YOLU İLƏ TƏZYİQLƏR EDİLƏ BİLƏR»

Zəfər Quliyev deyir ki, Rusiya miqrantlara təzyiqlər yolu ilə də Azərbaycana qarşı mənfi ssenarilərini işə sala bilər:

«Rusiyada 2 milyona yaxın azərbaycanlı var. Onlara qarşı miqrasiya qanununun sərtləşməsi yolu ilə təzyiqlər edilə bilər. Orda yaşayan azərbaycanlıların kütləvi şəkildə geri dönməsi Azərbaycanda sosial-iqtisadi problemləri artıra, sabitliyi poza bilər. Digər tərəfdən, Biryulyovda baş verənlər göstərdi ki, yerli əhali arasında miqrantlara qarşı emosional kampaniya aparıla bilər. Bu iki ölkə arasında münasibətləri gərginləşdirə və Azərbaycan üçün əlavə problemlər yarada bilər».

Zəfər Quliyevin fikrincə, əslində Azərbaycanın BMT-dəki sənədin əleyhinə səs verməsi də onu Rusiyanın təzyiqlərindən uzaqlaşdırmırdı:

«Rusiyanın bütün postsovet ölkələrinə təzyiq rıçaqları var. Yəni, Rusiya istəsə Azərbaycanda olan «5-ci kolon»u da işə sala bilər və s.».

«MOSKVANIN BU MƏSƏLƏDƏ AZƏRBAYCANA İRAD TUTMASINA HAQQI YOXDUR»

Deputat Rasim Musabəyov vaxtilə BMT Baş Assambleyasında Rusiyanın Azərbaycanın ərazi bütövlüyünün əleyhinə səs verdiyini yada salır:
Rasim Musabəyov

Rasim Musabəyov

«Moskvanın bu məsələdə Azərbaycana irad tutmasına haqqı yoxdur və onu yaxşı bilirlər. Azərbaycan Kosovonun müstəqilliyini tanımayıb. Rusiya Osetiya və Abxaziyanı işğal edib onların müstəqilliyini elan edəndə də Azərbaycan bunu tanımayıb. İndi də Krımla bağlı baş verənləri tanımır və bu, prinsipial bir mövqedir. Azərbaycan Ukrayna, Gürcüstan, Moldova məsələsində gedib Rusiyaya barmaq uzadıb onu ifşa etmir. Bunun da səbəbləri var. Nə Ukrayna, nə Moldova, nə də Gürcüstan Azərbaycan torpaqları işğal olunanda parlamentlərində hansısa qərar qəbul ediblər. Sadəcə, o ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, biz də qarşılıqlı addım atırıq».

Rasim Musabəyov deyir ki, əslində Rusiya Azərbaycana qarşı indiyə qədər nə qədər təzyiq mümkündürsə onu edib:

«Bir də edəcəksə, biz buna hazırıq»

Politoloq Rövşən İbrahimov isə Rusiyanın Azərbaycana qarşı ciddi addımlar atacağına inanmır. O, ölkələrin ərazi bütövlüyünün tanınması məsələsində Azərbaycanın mövqeyinin həmişə açıq və aydın olduğunu bildirir.

Şərhləri göstər

XS
SM
MD
LG