Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:21

Naxçıvanda işadamı iri sahibkardan taksi sürücülüyünə düşdü...


Vasif Talıbov
Vasif Talıbov
-
«Naxçıvanda sahibkarlığın, kiçik və orta biznesin inkişafı üçün geniş imkanlar yaradılıb. Burada işadamlarının fəaliyyətinə süni müdaxilələr aradan qaldırılıb, onlara müxtəlif yardımlar olunur».

Bu sözləri Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov sahibkarlarla görüşündə səsləndirib. Ali Məclis sədri daha sonra sahibkarlara verdikləri dəstəkdən söz açıb:

«2013-cü ildə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən sahibkarlara 22 milyon manatdan artıq kredit verilib. Həmin vəsaitin yarıdan çoxu Sahibkarlığa Kömək Fondu tərəfindən verilib».

Bəzi naxçıvanlı işadamları isə onlara yüksək qayğı haqda deyilənlərlə razılaşmır. Həmin iş adamları bildirir ki, sadalanan imtiyazlar yalnız məmurlara yaxınlar üçündür. İşadamlarının sözlərinə görə, məmurlara yaxın olmayanlar sıxışdırılır, sahibkarlıqdan uzaqlaşdırılırlar. Bu cür sahibkarların bəziləri isə baş verən özbaşınalıqlardan Vasif Talıbovun xəbərsiz olduğunu düşünürlər.

«SAHİBKARLIĞA YARDIM FONDUNDAN MƏNƏ 80 MİN MANAT KREDİT VERDİLƏR»

Şərur rayonundan olan işadamı Həsən Məmmədov deyir ki, 2010-cu ildə sahibkarlıqla məşğul olmaq fikrinə düşüb. Elə həmin il də «Karvan» MMC şirkətini təsis edib. Həsən Məmmədovun sözlərinə görə, öncə Şərur rayonunda yanacaq doldurma məntəqəsi, 2011-ci ildə isə çörəkbişirmə və qənnadı sexi açıb. Bir müddət sonra isə yanacaqdoldurma məntəqəsini bağlayıb, sexlərini də söküblər:
«Çörək sexini açanda Naxçıvanın İqtisadi İnkişaf Nazirliyindən gəlib dedilər ki, Vasif Talıbovun tapşırığı var ki, Şərur rayonunda qənnadı sexi açılmalıdır. Sahibkarlığa yardım fondundan mənə 80 min manat kredit verdilər. Talıbovun qohumundan ikimərtəbəli mülk aldım. 150 min manat xərc qoydum, təmir etdim. Sonra başladım istehsala. Açılışda bütün dövlət orqanları nümayəndələri iştirak etdilər. Məni hər yerdə tərifləyirdilər. Bir müddət keçdi, 30 min manat da kredit verib tələb etdilər ki, kimyəvi təmizləmə sexi açım. Daha sonra onların tələbi ilə xalçayuma sexi də açdım. 2011-ci ilin avqustunda əsas göstərmədən gəlib yanacaqdoldurma məntəqəmi bağladılar. 2013-cü ilin may ayında isə sexlər olan mülkümü sökdülər».
Həsən Məmmədov
Həsən Məmmədov
«SƏHƏR GƏLDİM Kİ, MÜLKÜN İKİNCİ MƏRTƏBƏSİNİ YERLƏ YEKSAN EDİBLƏR»

Həsən Məmmədov deyir ki, 4 istehsal sexi fəaliyyət göstərən mülkü Şərur rayon İcra Hakimiyyəti heç bir xəbərdarlıq etmədən söküb:

«Gecə getdim evə, səhər gəldim ki, mülkün ikinci mərtəbəsini yerlə yeksan ediblər. İşçilərimi də tutub aparıb basıblar içəri. Dedilər ki, guya plana düşüb. 23 nəfər işçim var idi, hamısı işsiz qaldı. Mən onların sığortasını, qazancımın vergisini ödəyirdim. Hər ay YAP-a pul ödəyirdim. Bütün seçkilərdə də aktiv iştirak etmişəm. Cəmi 360 min manat xərcim çıxmışdı ora. Qanunsuz idisə, niyə fonddan kredit ayırırdılar? Sökəcəkdilərsə, niyə tikməyə icazə verirdilər? İqtisad məhkəməsinə müraciət etdim, onların xeyrinə qərar çıxardılar. Apellyasiya məhkəməsinə müraciət etdim, onlar da qərar çıxardı ki, dəymiş ziyanın 50 min manatını sığorta idarəsi ödəsin. İndi bank yapışıb boğazımdan yerdə qalan pulu istəyir. Evi girov qoymuşdum deyə, evi boşaldırlar . Tələb edirlər ki, çıxım evdən».

«ƏMİNƏM Kİ, CƏNAB SƏDRİN BUNLARDAN XƏBƏRİ YOXDUR»

İndi taksi sürücülüyü etdiyini deyən Həsən Məmmədov düşünür ki, başına gələnlərdən Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun xəbəri yoxdur:

«Məni bütün Naxçıvan tanıyır. Məni məhv elədilər. Mənim başıma and içən adamlar indi kabinetlərindən qovurlar. Vasif Talıbovun ətrafında olan 15 işadamından biri də mən idim. Mənim nə günahım var idi? Qanunsuz tərəfi var idisə, mənə niyə dövlət tərəfindən kredit verilirdi? Mənim heç nəyimi özümə qaytarmadılar. Əminəm ki, cənab sədrin bunlardan xəbəri yoxdur. Mənim istehsal etdiyim məhsullar hər zaman onun stolunun üzərində olurdu. Məni onun qəbuluna belə girməyə icazə vermirlər. Ona yalan məlumat veriblər ki, guya məni hər şeylə təmin ediblər. Məni eşitməsələr, özümü prezidentin maşınının altına atacağam».

YERLİ HAKİMİYYƏT ORQANLARI TƏKZİB EDİR...

Şərur rayon İcra Hakimiyyətindən isə Həsən Məmmədovun dediklərini rədd etdilər. İcra hakimiyyətindən bildirdilər ki, rayon ərazisindəki söküntü işləri yalnız qanun çərçivəsində aparılır.

Muxtar Respublika İqtisadi İnkişaf Nazirliyindən də bildirdilər ki, Naxçıvanda kimliyindən asılı olmayaraq sahibkarlara eyni şərait yaradılır:
«Ola bilsin ki, hansısa sənədi səhv olar, yaxud da başqa nə isə problem olar, sökərlər. Qanuni mülkə heç kim toxuna bilməz».
XS
SM
MD
LG