Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:45

Günel Mövlud. Ədəbiyyat və ana-bacı söhbəti


Günel Mövlud
Günel Mövlud
-

Dünyanın var-yoxunu söyən yazıçını tanıyırsınızmı?


Günel Mövlud


BIZ NIYƏ SÖYÜŞ SÖYÜRÜK?


Əslində biz, yəni nə mən, nə də yazar dostlarım heç vaxt söyüş söymürük.

Heç kimi, heç nəyi nalayiq ifadələrlə təhqir etmirik.

Biz, sadəcə, lazım olanda açıq ifadələrlə yazırıq, hər şeyi öz adı ilə çağırırıq.

Yazının adına gəldikdə isə, bu, barəmizdə tez-tez ittiham, qınaq kimi işlənən «onlar niyə söyüş söyürlər», «niyə mentalitetimizə yaraşmayan sözlər işlədirlər», «anamız-bacımız var, bu nə yazıdı?» kimi suallara aydınlıq gətirmək cəhdidi.

Yəni biz, sadəcə, açıq ifadələrdən istifadə elədiyimizə, hər şeyi öz adı ilə çağırdığımıza görə bizə «söyüş söyənlər» yarlığı yapışdırırsınızsa, o yarlığa bir izah verək.

Sizin gördüyünüz

Mən belə başa düşürəm ki, açıq ifadələrdən istifadə edərək yazan yazarlar barədə təsəvvür təxminən belədir. Elə bilirlər ki, minlərlə kitab oxumuş, yüzlərlə yazı yazmış, filosofların, mütəfəkkirlərin yazdıqlarından xəbəri olan, bəşəri dəyərləri bölüşən adamların tək dərdi budur ki, əlinə qələm alıb, «penis» və ya «vagina» sözünü yazsın və bununla xoşbəxt olsun. İlahi, bunu düşünmək üçün, adam nə qədər dünyadan xəbərsiz olmalıdır?! Axı, vərəqə və ya kompyuter səhifəsinə söyüş, təhqir, vulqar ifadə yazmaq dünyanın ən asan işidir. Bunun üçün kitablar oxumağa, özünü inkişaf etdirməyə heç bir ehtiyac yoxdur.

İkincisi, dünyanın qəbul elədiyi kifayət qədər yazar var ki, onların üslubları məhz belədir. Açıq, söyüşlü, vulqarizmlərlə dolu, bəzənsə lap qəddar…

«Söyüşcül» yazarlar

Şəxsən mənim sevimli yazıçılar iyirmiliyimdə dörd-beş yazıçı var ki, onlar kifayət qədər açıq-saçıq ifadələrdən istifadə edirlər. Bəzilərinin mətni söyüşlərlə doludur. Adlarını məmnüniyyətlə çəkə və sizə də oxumağı məsləhət görə bilərəm. Vladimir Sorokin, Eduard Limonov, Çarlz Bukovski, Pyer Giyota, Henri Miller… hələ ki, bəsdir, bunları həzm edə bilsəniz, bu artıq, inkişafdan xəbər verəcək.
Eduard Limonov
Eduard Limonov


Dünyanın var-yoxunu söyən yazıçı

Eduard Limonov Amerikada yaşadığı mühacir həyatından bəhs edən romanlarında dünyanın, Amerikanın, Sovetlərin, onu əzab çəkməyə vadar edən insanların barəsində ən vulqar təhqirlərlə, söyüşlərlə yazır. Bədii dillə təsvir etsək, bu romanların mətnini geniş bir «penis qamışlığı»na bənzətmək olar.

Amma ədəbiyyatdan az-çox başı çıxan, mütaliəsi və ən əsası, əxlaqı olan oxucu bu söyüşləri normal qəbul edir, bəzən heç fikir də vermir, çünki mətnin əsas qayəsinin yanında bu söyüşlər nəinki əsəbiləşdirmir, iyrəndirmir. Hətta heç görünmür, hiss olunmur da. Mühacirət, sovet insanlarının yanğı və ehtirasla can atdığı Amerikada üzləşdikləri məyusluqlar, yaşadıqları şokdan sonra düşdükləri faciəvi vəziyyət barədə təsvirlər, məlumatlar o qədər təsirli, o qədər ağrılıdı ki, bu söhbətləri qoyub, mətndəki söyüş və vulqarizmlərə, türklər demiş, kafayı takmak, oxucunun mütaliə səviyyəsinin də, insan kimi əxlaqının da olduqca aşağılığından xəbər verir.

Əsl yazıçı əxlaqsızlığı nədir?

Yaxud, götürək Sorokini. «Daxauda bir ay» povestində, başqa şeyləri demirəm, Sorokin yüz dəfələrlə «sperma» sözü işlədir. Orta statistik azərbaycanlı oxucu povestin bütün qayəsini bir qırağa qoyub, mütləq buna ilişəcək. Sorokinə xatırladacaq ki, onun anası-bacısı var. Bunların fikrincə, Sorokin bir-bir bütün oxuculara izah eləməlidi ki, nasistlərin əsir qadınlardan ibarət fahişəxana açdıqları, təhqiramiz işgəncələrdən tutmuş ən qəddar qətllərə, qeyri-insani tibbi təcrübələrə qədər hər şeyi sınaqdan keçirdikləri bir toplama düşərgəsi barədə güllü-çiçəkli, nazlı-qəmzəli yazı yazmağın özü əxlaqsızlıqdır. Daxau barədə elə Daxaunun ovqatında yazmaq lazımdır.

Yazıçının vəzifəsi budur.
Vladimir Sorokin
Vladimir Sorokin


Bizim oxucu isə anasının-bacısının qeyrətini çəkməyin daşını bir az buraxıb, vaxtında Daxau barədə bir-iki məlumat oxusaydı, Sorokinə də belə yanaşmayacaqdı.

Romanına 20 il qadağa qoyulan Pyer

Bukovskidən danışmıram, onu demək olar, ictimai sektorun bütün gəncləri azdan-çoxdan oxuyublar. Buna görə keçək birbaşa Pyer Giyotaya.

Ümumiyyətlə, bu yazıçını oxumağı çox adama məsləhət görmürəm. Əsəbləri zəif olanlar heç oxumasınlar. Giyota oxuduğum ən qəddar, ən manyakal təxəyyülə sahib, insan təxəyyülünün sərhədlərini ən çox zorlayan yazıçıdır. Azərbaycanı boş verin, yazıçının öz vətənində, Fransa kimi bir ölkədə, düz iyirmi il ( 1961-1981) onun «Edem, Edem, Edem» romanına qadağa qoyulub. «Büş yüz min əsgər üçün qəbir» və «Fahişəlik» romanları da ağırlıq və qəddarlıq sarıdan geri qalmır.

Seksuallığın ən qeyri-adi, ən ekstremal ifadələri, ekskrementlər, zorakılığın ən qəddar təsvirləri Giyotanın romanlarına xas cəhətlərdir. Bu mətnlərə hazırlıqlı olmayan oxucu, ən azından Pazolininin filmlərinə baxmayan, mətnlərdəki açıq ifadələri həzm etməyə öyrəşməyən oxucunun bu əsərləri oxuması məsləhət deyil. Özünüzə yazığınız gəlsin, məhv olarsınız.

Məhv olarsınız və Giyotanın mətnlərindəki əxlaqi nəticələri anlamazsınız. Mesajı: seksin, cinsi münasibətlərin güclü ilə zəifin, varlı ilə kasıbın, ağa ilə kölənin, cəlladla qurbanın arasındakı sərhədləri götürməyə, hətta yerlərini dəyişdirməyə qadir tək şey olduğunu başa düşməzsiniz.

“Camahatın anası-bacısı var!”

Kifayət qədər mütaliəsi olmayan, seksual və digər komplekslərə sahib, ən əsası əxlaqi göstəriciləri aşağı olan oxucu heç vaxt əsərlərdəki açıq-saçıq ifadələri, söyüşləri, vulqarizmləri qəbul edə bilməz.

Əxlaqi göstəriciləri aşağı olan oxucu heç vaxt mətnə ədəbiyyat, cərəyanlar, üslublar kontekstindən baxa bilməz. Əxlaqi göstəriciləri aşağı olan oxucu üçün, xüsusilə də onun apellyasiya elədiyi «ana-bacı» üçün «penis», «vagina», «sperma» ədəbi təsvir, mesajı ötürmək üçün vasitə hesab oluna bilməz. Onun görməmiş, çirkli, iyrənc, bayağı dünyası üçün «penis» elə «penis»dir. Bu sözlərin, ifadələrin heç bir ədəbi yükü, bədii çəkisi ola bilməz.

O ki qaldı, bütün bunlara yazıçının münasibətinə, mən bircə şey deyə bilərəm.

Ədəbiyyata «camahatın anası-bacısı var» məntiqi ilə yanaşan insan, toplum, xalq əxlaqlı ola bilməz…

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG