Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:48
-

Məmur uşaqları da ancaq vertolyot sürsə, yaxşıdır. Biz kölələr, qullar onların ayaqlarına dolaşmayaq deyə...


Rüfət Əhmədzadə


CƏHƏNNƏMƏ EKSKURSİYA


Özümə nə qədər “bir də gecə evdən çölə çıxmayacam” deyə söz versəm də, heç cür alınmır: hər gecə saat 2-yə yaxın bütün siqaretlərimi çəkib qurtarıram və Masazırın Əliağa Vahid küçəsi ilə düzəlirəm bizdən 2 kilometrə qədər uzaqda olan növbətçi mağazanın yoluna.

Qabağıma çıxacaq küçə itlərindən qorunmaq üçün də, həmişə hər iki əlimdə xırda daşlar olur.

Elə vaxt olub ki, gecə saat 3-4 arası sərasər Masazırın canına düşüb siqaret satılan yer axtarmışam. Nə edim? Məqsədim və ehtiyacım sadəcə bir qutu siqaret almaqdır. Sonra evə qayıtmaq, 1-2 saat da yarımçıq yazılar, tərcümələr, hekayələr üzərində işləyib yatmaq.

Canıma və malıma nə qədər zərər olsa da, bunsuz ötüşmür. Bir çox yazıçı ilə eyni acı taleyi bölüşdüyümü də bilirəm.

Amma sözüm onda deyil, əsas məsələ odur ki, hər gecə bu yolda ölüb-dirilirəm. Bəli, mənim ailəm var, qayğıma möhtac valideynlərim və uşağım var, hələ xeyli arzularım... Yaşamaq istəyirəm!

Bu istəyimə qənim kəsiliblər:

1. Gecənin xəlvətliyinə arxayın olan avtoxuliqanlar, hansısa cəhənnəmdə yeyib-içən əhlikef qaqaşlar və bir də evinə “tələsən” başqa kateqoriyalı insanlar. Saatda 140-150 kilometrlə yanımdan şütüyüb keçəndə, mən özümü palçığın, kolluğun, ağac tinglərinin arasına necə atıram, oxucum təsəvvür etməz. Gözümün qarşısında biri sükanı itirib, maşını ilə birlikdə yolkənarındakı bir evin (dərədə yerləşirdi deyə hasarı alçaq idi) düz həyətinin içinə “uçmuşdu”. Başqa bir maşın isə heç nəyə yaramayan və işıqdan əsər-əlamət olmayan işıq dirəyinə çırpılmışdı. İndi bu uçmaqları və çırpılmaqları görəndən sonra, özüm də nə ağılla çölə çıxdığımı anlamıram.

2. Gecə-gündüz televiziyalarda “küçəyə rahat çıxırsınız” yalanlarını təbliğ edn hökumət qurumları. Nə yol kənarında bir işıq dirəyi var, nə 2-3 aydan bir “əsaslı təmir” etdikləri yolun səkisi, nə də sürət nişanları. Əliağa Vahid küçəsi Bakı-Sumqayıt yolunu Novxanı və Sarayla birləşdirir. Qəsəbəni isə şəhərə çıxaran yeganə yoldur. Amma bu yolda bir növbətçi yol polisi yoxdur. Nə icra orqanları, nə DYP, nə də Nəqliyyat Nazirliyi yiyəsiz-başsız qoyub getdiyi küçənin-yolun taleyi ilə maraqlanmır. Pulu olan da hasarını irəli çəkir. Ya palçıqla, ya da hasarların üzəriylə getməliyik. Ya yolda əl uzadıb sürətlə şütüyən taksilərdən birinə minməliyik.

Bura yaşayış məskənidir. Ən az 20-30 min əhalisi var. Yolun sağında da, solunda da insanlar yaşayır. İnsanlar yaşayırsa, deməli, bu insanlardan kimsə gecələr çölə çıxa bilər... Bəs sizin yaratdığınız firavan həyat?

Şəhərdəki həyatın necə olduğunu tam deyə bilmərəm. Bir-iki dəfə şəhərdə gecələmişəm, heç də rahat dolaşmağın mümkün olduğunu düşünmürəm. Kiyevdə burdan da pisdir. Amma yolda belə maşınların adam üstünə şütüməsinə rast gəlməmişdim. “Avara uşaqlar” ancaq metro girişlərində toplaşırdılar.

Nə isə... Hörmətli Ziya Məmmədov, bu yollara bir əncam çəkin, o lazımsız dirəkləri yığışdırın, birdən hansısa qohumunuz kefli halda gəlib onlardan birinə çırpılar, heç də yaxşı olmaz.

Hörmətli Ramil Usubov! Xahiş edirəm, göstəriş verin, sürücülük vəsiqəsinin imtahanla verilməsi ümumiyyətlə yığışdırılsın. O dəli-dolu adamların xatasına düzgün sürücülər düşə bilərlər.

Məmur uşaqları da ancaq vertolyot sürsə, yaxşıdır. Biz kölələr, qullar onların ayaqlarına dolaşmayaq deyə...

Bəzən evdən çölə çıxanda elə bilirik ki, öz ölkəmizdə hərəkət edirik. “Cəhənnəmə ekskursiya” imiş!

Günün bütün mövzuları

XS
SM
MD
LG