Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:55

Azərbaycan kommunistlərinin Rusiya manifesti [Video]


-
Kommunistlərin Putin-ə ünvanladıqları məktub müstəqilliyə təhlükə ola bilərmi?

Kommunist Partiyasının katibi Ədalət Abdinov, REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı və istiqlalçı-deputat İbrahim İbrahimli bu məktubu müzakirə edirlər.


Mövzu ilə əlaqədar oxu: Azərbaycan kommunistləri Putin-ə məktub yazdılar

«NƏ QƏDƏR Kİ, ƏZİLƏN TƏBƏQƏ VAR, KOMMUNİZM DƏ VAR»

Ədalət Abdinov məktubun proletariatın mənafeyini əks etdirdiyini deyir:

«Bizim yazdığımız məktub konstitusiyanın 47-ci maddəsinin tələblərinə uyğundur. Biz söz və fikir azadlığından istifadə edərək bu məktubu yazmışıq. Məktubda qaldırılan məsələlər Azərbaycanda proletariatın və burjuaziya əsarətinə məruz qalan təbəqələrin mənafelərinə tamam uyğundur. Məktubda Rusiyanın Suriyadakı siyasətinə müsbət yanaşmışıq. Gömrük İttifaqını da dəstəkləyirik. Rusiyanın siyasəti özünümüdafiə, Qərbin siyasəti isə imperializmdir. Azərbaycanda və dünyada kommunist hərəkatı var. Biz zəhmətkeşin, kəndlinin, fəhlənin yanındayıq. Nə qədər ki, əzilən təbəqələr var, kommunizm də var...».

«KOMMUNİZMİN TƏKLİF EDƏCƏYİ HEÇ BİR MÜASİR MODEL YOXDUR»


Azər Qasımlı məktubu əhəmiyyətsiz sayır:

«İkinci Dünya müharibəsində totalitar və avtoritar ideyalar toqquşdu. Kommunizm qalib gəlsə də, «soyuq müharibə» nəticəsində tamamilə darmadağın oldu. Bu gün dünyada sol hərəkatı var və onlar sosial-demokratlardır. Günümüzdə kommunizm ideyaları tükənmiş, heç bir əhəmiyyəti olmayan ideyalardır. Kommunizmin təklif edəcəyi heç bir müasir model yoxdur. Məktuba gəlincə isə, Azərbaycanda proletariat yoxdur, çünki istehsalat yoxdur. İkincisi, Putin kommunist ideologiyasının daşıyıcısı deyil. Sadəcə olaraq, Azərbaycanda Rusiya-Qərb «soyuq müharibə»sinin canlanmasından istifadə edən marqinallaşmış kommunist qruplar bu məktubla demək istəyirlər ki, biz də varıq, ideologiyamız ölməyib...».

«KOMMUNİZM MƏHV OLAN, SIRADAN ÇIXAN BİR İDEOLOGİYADIR»

İbrahim İbrahimli də belə bir məktubun yazılmasını absurd hesab edir:

«Son vaxtlar baş verən hadisələr 20 il bundan əvvəl başlamış milli azadlıq hərəkatının bir növ davamıdır. Rusiyanın təsirində olan ölkələrdə artıq demokratikləşmə yeni mərhələyə qədəm qoyub. Postsovet mərhələsi başa çatır. Azərbaycandan bu məktubu göndərilməsinin heç bir əhəmiyyəti yoxdur. Son baş verən hadisələrdə bütün dünya Rusiyanın mövqeyini pisləyir. Hətta Rusiyaya yaxın ölkələr belə onu ehtiyatla müdafiə edir. Azərbaycandan belə bir məktubun getməsi absurddur. Azərbaycanda kommunizm mövcud deyil. Kommunizm məhv olan, sıradan çıxan bir ideologiyadır. Bu gün kommunist ideologiyası sosial-demokrat ideologiyasına transformasiya olunub...».

Şərhləri göstər

XS
SM
MD
LG