Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:21

Çarizm – bir epidemiyadır (Seyfəddin Hüseynlinin tərcüməsi)


Anatole France

Anatole France

-

Fransız xalqı heç bir xalqa qarşı çarla birləşəsi deyil – istər Qərbdə olsun, istər Şərqdə. Fransız xalqı bütün xalqların dostudur – həm ingilislərin, həm də almanların; həm rusların, həm də yaponların...


Anatole France


RUSLAR VƏ RUSIYA HAQQINDA

(Seyfəddin Hüseynli ruscadan çevirib)


Paris Universitetinin mitinqində rus xalqına dəstək nitqi


(ixtisarla)

Yoldaşlar! Nəyə görə bir-birinin ardınca mitinqlər keçirilir, nə üçün azad insanlar toplaşmağa ehtiyac duyurlar, niyə ölkəmizin bütün düşünən və çalışan adamları bu yığıncaqlara axışırlar? Bu təlatüm nədəndir, bu qəzəb dalğası hardandır belə? Almaniyada, İtaliyada, Amerika Birləşmiş Ştatlarında alimlər, mütəfəkkirlər çox uzaqlarda törədilən cinayətlər barədə eşidəndə bizimlə birgə təlaş keçirirlər – nəyə görə?

Ona görə ki, artıq “xaricdəki cinayət” deyilən bir şey yoxdur, “uzaqlardakı cinayətlər” anlayışı qalmayıb daha. Ona görə ki, insanlar bir-birinə çox yaxınlaşıblar, sivilizasiya və elm əqli-mənəvi fərqlilikləri aradan qaldırıb.

Ona görə ki, qorxunc silahlara, zənginlərin köhnə, nimdaş zehniyyətinə, barbarlığın bu dəfə savaşqanlıq və milliyyətçilik qiyafəsində zühur edən qalıqlarına rəğmən, xalqlar öz aralarındakı yaxınlaşmanı hiss edir və dinc yaşamağa can atırlar.

Ona görə ki, beynəlxalq həmrəylik çox tezliklə bərqərar olacaq; əslində isə, o, yenidən dirçələcək, çünki siz onun məğzində hələ Roma – bütpərəst dediyimiz, ancaq bizə hər şeyi öyrədən Roma dövründə təlqin edilmiş insan sevgisini dərhal duyub-tanıyacaqsınız.

Ona görə ki, geniş, müntəzəm bir hərəkat bütün dünyanın işçi insanlarını yaxınlaşdırmaqda və yenidən bir araya gətirməkdədir...

Bax elə indilərdə çökməkdə olan aristokratik quruluşun, can verən yüksək zümrələrin tör-töküntüləri, kapitalist cəmiyyətin xarabazarlığı üzərində dinc, əməkçi proletariat yüksəlməkdədir və o, sabah tam mənada dünyanın sahibinə çevriləcək.

Yeni dövrün bir əlamətdar cəhəti də özünü bunda göstərdi ki, Neva sahillərində rus fəhlələrini yerə sərən güllələrin vıyıltısını hamımız eşitdik...

O qanlı gündə çar, əslində, özünü – çarı qətlə yetirdi. Çar ölüb! Qalan isə, yalnız onun kabusudur; divarlarına qəddarlıq və dəhşət havası hopmuş Çarskoselsk sarayındakı o mənfur və miskin kabus qətlinə fərman verdiyi, doğma ata kimi ona pənah aparıb imdad diləyən fəhlələrin bu “qəbahət”ini sırtıqcasına, həyasızcasına “əfv etdi” guya. Romanovların sonuncusu haqda bu qədər yetər: onun aqibəti bəllidir. Ondan da artıq günahkar olan, ona havadarlıq, ortaqlıq edən böyük knyazları isə məhz onların amansızcasına aldatdıqları, soyub-taladıqları, alçaltdıqları, zülm verdikləri xalqın mühakiməsinə buraxaq. Qoy onları Rusiya özü mühakimə etsin! O böyük knyazlar əyləncə dalınca Parisə gələ bilməzlər daha...

“Siz heç kirimirsiniz, – deyirlər bizə. - Yaman çox danışırsınız, bu hiddətli çağırışlarınız aradakı ittifaqa, çox gərəkli ittifaqımıza qarşı açıq təhdiddir”, – buyururlar.

Cavab verərik buna. Bizim buna veriləcək cavabımız var. İttifaq!... Əgər mərd, cəsur, nəcib rus xalqı ilə ittifaqdan söhbət gedirsə, biz ona elə şövqlə qucaq açar, elə ürəkdən dostluq təklif edərik ki! Biz, onunla bərabər, xalqların birlik, qardaşlıq dünyasına elə fərəhlə qoşularıq ki! Amma monarxiya ənənələrinə çox meylli olan bu respublikaçı hökumətimiz bizə Rusiya ilə ittifaq təklif etmir axı. Yox, o bizi müttəfiq adıyla çara calayıb. Belə bir calağın – bu qədər hay-küylü, həm də bunca sirli, lap əvvəldən irticaçı burjuaziyanın maraqlarını güdən müttəfiqliyin nəticəsi nə olacaqdı?... Uzaq Şərqdə alovlanan, çar Rusiyası ilə birgə özümüzün də ağılsızcasına hazırladığımız dəhşətli müharibə! Sonra da durub taledən aman diləyirik ki, müttəfiqimiz bizi özüylə bərabər Mançjuriya çöllərinə sürükləməsin, bəlalarını, müsibətlərini onunla bölüşməyə vadar etməsin.

Yox, yekəxana nazirlər bizə vətənpərvərlik və diplomatiya dərsi keçə bilməzlər! Fransız xalqı heç bir xalqa qarşı çarla birləşəsi deyil – istər Qərbdə olsun, istər Şərqdə. Fransız xalqı bütün xalqların dostudur – həm ingilislərin, həm də almanların; həm rusların, həm də yaponların...

Fransanın çarla ittifaqı bütün dünyanı silkələdi, Uzaq Şərqə od saldı, özüylə dəhşətli dağıntılar gətirdi. Bizə isə heç nə gətirmədi, çarizm təhlükəsindən başqa. Çarizm – bu, bir epidemiyadır. Sürəkli yayılmasına, irəliləməsinə görə orta əsrlərdəki tauna - Şərqdən Qərbə doğru yuvarlanan qara günəşə bənzəyir o. Biz onun Rusiyadan Almaniyaya necə keçdiyini, orada bütünlüklə yayılmasa da, ən azı imperator Vilhelmə, Şpreye sahillərindəki ağalara necə yoluxduğunu gördük. Sonra da gəlib Fransaya çatdı. Bizim ölkədə o, bəlkə hardasa mülayim görünən, ancaq son dərəcə sırtıq və zəhlətökən bir cildə - millətçilik donuna girdi...

Buraya toplaşmış gəncliyə, oğlanlara və qızlaradır sözüm: tezliklə siz bizi əvəzləyəcək, həyatdakı, cəmiyyətdəki yerimizi tutacaqsınız. Siz bizdən xoşbəxt yaşayacaq və daha çox işlər görəsəksiniz. Ancaq hər halda, biz sizə bəzi şeylər öyrədə bilmişik və bu dərsi unutmamağınızı rica edirəm...

Biz sizə vicdanınızın səsini boğmamağı öyrətdik. Biz sizə nəhəng cinayətkar gücün önündə əyilməməyi öyrətdik. Biz sizə həqiqəti - qılıncların cingiltisini, kütlənin qara-qışqırığını batıracaq qədər - uca səslə bəyan etməyi öyrətdik. Hakimlərin səslərini çıxarmadıqları, nazirlərin yalan danışdıqları bir vaxtda mərd adamların necə davranmalı olduğunu öyrətdik biz sizə. Və buna görə də, bütün nöqsanlarımıza, yanılmalarımıza rəğmən, nəticə etibarilə, biz yaxşı müəllimik...

3 fevral 1905-ci il


Bütün azad insanlara...

MAKSİM QORKİNİN MÜDAFİƏSİ ÜÇÜN ÇAĞIRIŞ

Dövlət təhlükəsizliyinə qəsddə ittiham olunan böyük yazıçı Maksim Qorki yaxın vaxtlarda məhkəmə qarşısında dayanacaq.

Onu, doldurulub ayağa çəkilmiş tüfənglərlə silahsız fəhlələrin açıq sinələri arasına – hələ gec deyilkən - atılmaq cəhdinə görə suçlayırlar.

Çar hakimiyyəti istəyir ki, o öz “günah”ını yusun. Qırğının baiskarları - öz qorxaqlığı üzündən ona yol verənlər, onun planını quranlar və başlanmasını əmr edənlər, əmri vəhşicəsinə yerinə yetirənlər birləşiblər ki, Qorkinin timsalında, nifrət bəslədikləri hər şeyə - düşüncəyə, vətəndaş qeyrətinə və xalq sevgisinə zərbə vursunlar.

Sivil dünyanın vicdanı bu qanuni don geyindirilmiş zalımlığa qarşı səssiz qala bilməz. Çarizmin saysız qurbanlarından biri olan Qorki indiki halda insan şəxsiyyətinə məxsus təməl haqların təcəssümüdür: düşünmək haqqının, yaratmaq haqqının, ictimai mənafeyə açıq şəkildə xidmət etmək haqqının...

Odur ki, insan adlanmağa layiq hər bir insan, Qorkinin şəxsində, bu müqəddəs haqların müdafiəsinə qalxmağa borcludur!

Aprel 1905-ci il


Lev Tolstoy haqqında

Möhtəşəm, ilahi dərəcədə gözəl təfəkkürü indi bütün insanlığın üzərində dalğalanan Tolstoyun qarşısında baş əyək.

Epik lövhələrin dahi müəllifi Tolstoy, xarakterlərin zahiri əlamətlərinin və ruhun gizli davranışlarının ifadəsinə yönələn hər addımda bizim hamımızın ustadıdır; yaratdığı obrazların zənginliyinə, yaradıcı təxəyyülünün gücünə görə də o hamımız üçün ustaddır; oxucuya həyatı onun bütün sonsuz mürəkkəbliyi ilə yaşadan halları qüsursuz tərzdə seçib-ayırmaqda da hamımızın ustadıdır o.

Tolstoy dühasının bu müstəsna cizgilərini biz onun yaradıcı fəaliyyətinin hər bir dövrünə aid əsərlərində görürük.

Tolstoy həm də yüksək mənəviyyatı, mərdliyi və nəcibliyi ilə bizdən ötrü misilsiz nümunədir. Qanunlardan yalnız bircə şey – ondakı ədalətsizliyi və zorakılığı möhkəmləndirməyi tələb edən cəmiyyətin cinayətkar əməllərini Tolstoy əsl qəhrəmanlara xas dəyanətlə, müdhiş mərhəmət hissi ilə ifşa edib. Və bu cür hərəkət etməklə o, yaxşıların ən yaxşısı olub.

Görünür, Tolstoy kimi mübarək bir insan olmadan, dünyanın şərindən qorunmağın əsasında mənəvi sadəlik və təvazönün dayandığını söyləyə bilmərik, amma, hər halda, bu tunc əsrimizin nəhəng, idbar şəhərlərində haqq sözü dilə gətirməklə də biz öz qəlbimizdə o böyük Panın, İncilə sadiq patriarxın, Yasnaya Polyanadakı tarlalar və meşələr yarımtanrısının surətini qoruyub saxlayırıq. Qədim Yunanıstanda Homerin dünyaya gəlməsi üçün şəhər-dövlətlərin birləşməsi və ahəngdar yaşanan neçə əsr lazım oldu, Rusiyada isə təbiət birdən-birə bu möcüzəni gerçəkləşdirdi: Tolstoyu – böyük bir xalqın ruhunu və səsini ifadə edən, yüzilliklər boyu körpələrin, yetkin insanların və onların rəhbərlərinin susuzluğunu yatıracaq çeşməni yaratdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG