Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:35

Krımın ilhaqını dəstəkləməsi Ermənistan-Avropa Birliyi münasibətlərinə əngəl olur


Arxiv foto: İsveçin Xarici İşlər naziri Carl Bildt (solda) Ermənistan prezidenti Serzh Sarkisian-la görüşərkən. 14 iyun 2011

Arxiv foto: İsveçin Xarici İşlər naziri Carl Bildt (solda) Ermənistan prezidenti Serzh Sarkisian-la görüşərkən. 14 iyun 2011

-

İsveçin Xarici İşlər naziri Carl Bildt hesab edir ki, Avropa Birliyinin Ermənistanla daha sıx əməkdaşlığa dair yeni sənədlər imzalaması yaxın perspektivdə real görünmür. Xüsusilə də Rusiyanın Krımda apardığı ilhaq siyasətini Yerevanın dəstəkləməsindən sonra.

Son 7 ildə Avropa Birliyinin Qonşuluq Siyasəti ilə bağlı tədbirlərinin ən fəal iştirakçısı olan Carl Bildt bu barədə fikirlərini martın 23-də Brüsseldə AzadlıqRadiosunun müxbiri Rikard Jozwiak-la söhbətdə səsləndirib.

Jurnalist ondan soruşub ki, Avropa Birliyi Ukrayna ilə Assosiasiya Razılaşmasının ilkin sənədlərini imzaladı. Buna bənzər sənədlər Ermənistanla da imzalana bilərmi? Çünki Ermənistan çoxdandır bildirir ki, ticarətlə bağlı şərtlər istisna olmaqla Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalaya bilər.

İsveçin Xarici İşlər naziri bu suala cavabında deyib:

- Məncə, onlar (Ermənistan və Ukrayna – red.) müxtəlif mövqelərdə dayanıblar. Assosiasiya Razılaşması həm də bir növ müxtəlif sahələrdə siyasi mövqenin siqnalıdır. Məsələn, biz görürük ki, indi Ermənistan Ukraynaya qarşı siyasəti müdafiə edir. Ona görə də düşünmürəm ki, Ermənistan seçdiyi indiki siyasi kursa görə yaxın gələcəkdə Assosiasiya Razılaşması kimi sənədlərin imzalanmasına münasib olsun.

Ermənistan prezidenti bugünlərdə bəyan edib ki, Rusiyanın Ukraynanın Krım yarımadasını özünə birləşdirmək siyasətini müdafiə edir. Buna etiraz olaraq Ukrayna Yerevandakı səfirini geri çağıracağını bildirib.

Bundan əvvəl – keçən ilin noyabrında Ermənistan həmçinin Rusiyanın himayəsindəki Gömrük Ittifaqına qoşulacağını bəyan edib. Yerevanda hesab edirlər ki, Ermənistan həm Gömrük İttifaqına qoşula, həm də ticarət razılaşması istisna olmaqla Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalaya bilər.

Amma Avropa Birliyinin rəsmiləri həm Rusiyanın himayəsində olan Gömrük İttifaqı, həm də Avropa Birliyinin Assosiasiya Razılaşmasında imtirak etməyin mümkün olmadığını bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG