Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:06

Şamaxının Muğanlı kəndində qəzalı evlərin sakinləri üçün yeni qəsəbə salınıb, amma...


torpaq sürüşməsi nəticəsində dağılan ev
torpaq sürüşməsi nəticəsində dağılan ev
-
Bu yaxınlarda Şamaxı rayonunun Meysəri kəndinin ərazisində dövlət hesabına salınan qəsəbəyə yeni sakinlər köçürülüb. Bu qəsəbədə rayonun Muğanlı kəndinin evləri uçan sakinləri yerləşdirilib. Yada salaq ki, 2 il öncə baş verən torpaq sürüşməsi nəticəsində bu kənddə 14 ev tamamilə, bir çox evlər isə qismən uçmuşdu. Yeni salınan qəsəbədə 100-ə yaxın ev inşa edilib. Ancaq Muğanlı kəndində hələ də narazı insanlar var. Onların bəzilərinə yeni qəsəbədə ev düşməyib, bəziləri isə otaqların sayından narazılıq edirlər. Narazılar hələ ki, yeni qəsəbəyə köçməkdən imtina edirlər.

“OĞLUMU QIZ KİMİ SİYAHIYA YAZIBLAR”
qəzalı ev
qəzalı ev
Kənd sakini Ziya Fətəliyev:

“Sürüşmə ilə əlaqədar kəndimizə yaxın olan Meysəri ərazisində evlər tikilib verilib. Ailədə beş nəfərik, ancaq uşağın biri oğlan olduğu halda qız yazılıb. Niyə qız yazıblar, gənc oğlandır, on səkkiz yaşı var. Rayon rəhbərliyi, prokurorluğu, Fövqəladə Hallar Nazirliyi səviyyəsində bu məsələni qaldırmışam, ancaq hələ ki, nəticəsi yoxdur. Evlər paylandı, hamıya açarlar verildi, biz isə hələ də burada qorxulu vəziyyətdə yaşayırıq. Yəni hər vaxt qəza baş verə bilər. Evlər paylananda nazir Kəmaləddin Heydərov, Abid Şərifov, eləcə də rayon rəhbərliyinin demək olar ki, bütün məmurları bu prosesdə iştirak edirdi. Həmin bu məmurların qəbulunda dəfələrlə olmuşam, vəziyyəti onlara danışmışam. Deyiblər ki, yaxın vaxtlarda tikiləcək. Ancaq artıq evlər paylandı, vəziyyətimiz də ki, gördüyünüz kimi göz qabağındadır. Bizləri siyahıya yerli icra nümayəndəsi, onun müavini və rayon icra hakimiyyəti başçısının müavinləri alıb. Bu işdə nə kimi fırıldaq olubsa elə bunlar ediblər”.

“ÖVLADIM SİYAHIYA ALINMADIĞINA GÖRƏ, MƏNƏ İKİ OTAQLI EV VERDİLƏR”

Digər kənd sakini Şirəli Fətəliyev:

“Mənim də ailəm beş nəfərdən ibarətdir. Kiçik övladımı siyahıya salmayıblar. Çünki dörd nəfərə iki otaq düşür, dörd nəfərdən yuxarı isə üç otaq verilməlidir. Övladım siyahıya alınmadığına görə mənə iki otaqlı ev verdilər. Mən də şikayətlər etmişəm, ərizələr yazmışam, xeyri yoxdur. Ancaq deyirlər ki, gözləyin, yaxşı olacaq. İcra nümayəndəmiz deyir ki, mən sənin ailəni bütünlüklə siyahıya yazmışam. Ancaq evlər paylananda, dövlətin tərtib etdiyi siyahıda kiçik övladımın adını tapmadım. Burada ailəm dörd nəfər kimi göstərilmişdi. Başa düşə bilmirəm bunu kim, nəyə görə edib?”

“BİZƏ DÜŞƏSİ EVİ BİLMİRƏM KİMƏSƏ VERDİLƏR, BİZİ ALDATDILAR”

Kənd sakini Adilə Nağıyeva:
qəzalı ev
qəzalı ev
“Problemimiz evlə bağlıdır, uçqun zonasında yaşayırıq. Mənə evlə bağlı sənədimdə üç otaq yazılmışdı, ancaq evlərin açarlarını bizlərə təhvil verəndə gördüm ki, iki otaqdır. Məni icra başçısının müavini Ağamustafa müəllim aldatdı. Beş nəfərlik ailəyik, iki oğlum bir qızım və mən. Bizə düşəsi evi bilmirəm kiməsə verdilər, bizi aldatdılar. Yazmadığımız, demədiyimiz yer qalmayıb. Baxın indi yağış yağır, bir az da yağış gur yağsa, sürüşüb gedib dərənin dibində duracağıq”.

DOQQUZ NƏFƏRLİK AİLƏYƏ İKİ OTAQ, ÜÇ NƏFƏRLİK AİLƏYƏ ÜÇ OTAQ

Kənd sakini Cümşüd Soltanov:

“Evlərin paylanması prosesində rayon icra hakimiyyəti böyük ədalətsizliyə yol verdi. Doqquz nəfərlik ailəyə iki otaq, üç nəfərlik ailəyə isə üç otaq verildi. Bunlar haqsızlıq deyilmi? Oğlumun 27 yaşı var, mənim qeydiyyatıma salmayıblar. Kənar şəxsləri gətirib mənim pasport qeydiyyatıma salıblar ki, qadınların sayı nə qədər çox olsa, otağın sayına təsir etmir. Mən rayon icra hakimiyyətində olmuşam, baş prokurorluğa yazmışam, Fövqəladə Hallar Nazirliyinə yazmışam, şəxsən Abid Şərifovun qəbulunda olub baş verənləri ona danışmışam. Heç bir xeyri olmadı. Biz bilmirik ki, dərdimizi kimə söyləyək. Dövlət bizə yiyə çıxsın da. Bir nəfər bizlərə yiyə duran yoxdur. Hazırda yağış yağır, kim qarantiya verə bilər ki, bu gecə mənim evim uçmaz?”

“MƏNİ EVLİ OLA-OLA SUBAY YAZIBLAR”
qəzalı ev
qəzalı ev
Kənd sakini Süphan Nağıyev:

“Mənim qırx iki yaşım var, yeddi ildir ki, evliyəm. Kəbin kağızım ola-ola məni subay yazıblar. Mən şikayət etmək üçün Fövqəladə Hallar Nazirliyinə getdim. Orda mənə dedilər ki, sizi bilə-bilə subay yazıblar ki, iki otaqdan artıq almayasınız. Hazırda mənim dörd nəfərlik ailəm var, qoca anam və birdə qırx beş yaşında xəstə qardaşım. İndi bu yerdə on dörd ev qəzalı vəziyyətdədir, bizim də evimizin bir tərəfi uçub. Bir tərəfində bir təhər yaşayırıq. Siyahıları icra nümayəndəmiz Təyyar Şeydayev və onun müavini Seymur Azayev yazıb. Rayon icra hakimiyyətində bizə dedilər ki, nümayəndəniz belə yazıb, biz də ona baxıb belə tərtib etmişik. Mən evli olmağımla bağlı kəbin kağızıyla birgə icra başçısı Asif Ağayevin qəbulunda olmuşam. Başçı dedi ki, araşdırarıq. İki aydır nə araşdırır, nə də ki səs-səmir var”.

ŞAMAXI RAYON İCRA HAKİMİYYƏTİNDƏ...

Baş verənlərə münasibət öyrənmək üçün, rayon icra hakimiyyətinə yollandıq. İcra hakimiyyətində bizi növbətçi qarşıladı. Növbətçiyə başçının birinci müavini Qasım Qasımovla görüşmək istədiyimizi bildirdik. Növbətçi ikinci mərtəbəyə qalxmağımızı məsləhət bildi. Qasım Qasımovun otağının qarşısında xeyli adam var idi. İçəridən hay-küy, qışqırıq səsi gəlirdi. Katibə Qasım müəllimə haradan gəldiyimizi dedi, ancaq o bizi qəbul etmədi.

Biz yenidən növbətçinin yanına qayıtdıq və o bildirdi ki, ictimai siyasi şöbənin baş məsləhətçisi Elnur Süleymanovla görüşək. Elə də etdik. Elnur Süleymanov bildirdi ki, Muğanlı kəndində baş vermiş işlərlə bağlı onda heç bir məlumat yoxdur:

“Yaxşı olar ki, başçının sosial iqtisadi məsələlər üzrə müavini Ağamustafa Vahidovla görüşək”.

Ancaq bizim gəlişimizi Ağamustafa Vahidova dedikdən sonra, necə oldusa o, icra hakimiyyətindən gedəsi oldu. Bizə isə yalnız bunu dedi ki, “rəsmi yazın göndərin, cavab alarsınız, mənim qonaqlarım var, gedirəm”

İCRA NÜMAYƏNDƏSİ: “ŞİKAYƏTÇİLƏR YALAN DANIŞIR”

Muğanlı kəndinin icra nümayəndəsi Təyyar Şeydayevin dedikləri:

“Birincisi bizə məlumdur ki, kimlərdi bu şikayəti edənlər. Onların hər birinin ailə tərkibi düz yazılıb. Bilirsiniz biz kim kimdi, ailəsində neçə nəfər var düz yazmışıq. Yuxarıda bunu kimlər belə yazıblar, qoy onu araşdırsınlar. Elələri var ki, Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər, onlar birbaşa araşdırılıb, yalan danışmasınlar. Adilə Nağıyevaya evi kim veribsə, açarı kim təqdim edibsə, gedib ondan soruşsun da... Burada elə adamlar var ki düz danışmırlar. Cümşüd Soltanovun oğlunun ayrı evi var, həm də atasının qeydiyyatından çıxıb. Bəs bunu niyə demir? Süphan Nağıyevin özü, həyat yoldaşı, anası və xəstə qardaşı da olduğu kimi yazılıb. Onun övladı yoxdur, axı necə artıq adam yaza bilərdik. Mən arayış kimi yazıb rayondakı fövqəladə hallar komissiyasına təqdim etmişəm və hamını ailə vəziyyətinə uyğun yazmışam. Qalanlardan xəbərim yoxdur ki, kim bunları dəyişdirib, hansı marağa edib, bilmirəm. İradların çoxu yalandır, böhtandır, haqsızlıq edirlər”.
XS
SM
MD
LG