Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:56

Varlılar məhləsinin Novruzu


Xuraman Hüseynzadə
Xuraman Hüseynzadə
-

Bayram günü qiyaməti görmək istəyən gəlsin məhləmizə, görsün sükutu, qaranlığı, bilsin ki, Bakının bir küncündə bayramların gəlişinə necə tabular qoyulub...


Xuraman Hüseynzadə


VARLILAR MƏHLƏSİNİN NOVRUZU


Sizi bilmirəm, bayramlar mənim ovqatıma təsir etmir.

Təkcə süfrələrin bol olacağını düşünəndə bir az toxdayıram. Çünki bəzilərinin hər gün yediyi, çox vaxt bəyənməyib itinə atdığı təamları çoxları bayramdan-bayrama dadır.

Nə qədər kasıb da olsa, Allah yox yerdən kasıbın ruzisini yetirir. Bayram dedikdə ağlıma tox kasıb gəlir. Buna görə hər gün bayram olmasını istərdim.

Əlamətdar günlərdə təbrik etmək ənənəm isə axına qoşulmaqdan başqa bir şey deyil. Vəssalam...


***

Novruzun bu mənada mistikası ayrı cürdü. Novruz bayramını qoruyub saxlayan, ənənə şəklində gələcək nəsillərə miras qoyan da aşağı, orta təbəqədi. Sosyete tonqal-papaq-Kosa-Keçəl həmrəyliyinə yuxarıdan aşağı baxır. Və ya heç baxmır.

Yaşadığımız məhləyə 2002-ci ildə köçmüşük. Qonşularımızın hamısı varlılardı. Belə adamlarla qonşu olmağın başqa bir özəlliyi də var. Məsələn, bütün Azərbaycana bayram gələr, bahar gələr, bizim məhlədən başqa.

Bayram günü qiyaməti görmək istəyən gəlsin məhləmizə, görsün sükutu, qaranlığı, bilsin ki, Bakının bir küncündə bayramların gəlişinə necə tabular qoyulub.

Zalım uşağının həyətindəki ağaclar da elimizin əkdiyi ağaclardan deyil-elin ağacları soyunanda soyunmur, çiçəkləyəndə çiçəkləmir.

11 ildir alışdığımız mənzərələrlə bir az da sizi tanış edim. Son təəssüratımı bölüşəcəm. Televiziya aparıcılarının sözü olmasın, elimizə, obamıza Novruz gəlib. Təbiət oyanır. Növbəti ilaxır çərşənbəni yola verdik, Novruzu hörmət-izzətlə qəbul edib keçirdik yuxarı başa. Bizim məhlədə Novruz təkcə bizim evə gəldi. Bizdən başqa heç kim ona qapı açmadı. Ürəyinin yoxsulluğunu göstərdi varı çox olanlar.

Sosial imkansızlıqdan belə çəkinməyərək yenə də lazımlı-lazımsız bütün işıqları yandırdıq. Küçə qapısını taybatay açdıq. Həyətdə ocaq qaladıq. Dedik, qoy, darvazası, qapısı bağlı qonşularımızın da həyət-bacası işıqlansın, ocağımızın işığı qaranlıq evləri aydınlatsın, soyuq ürəkləri qızdırsın. Amma illərdir, qaranlıq küçələrdən, həşəmətli evlərin həyətindən eşidilən yekəpər itlərin zingiltisindən qorxan uşaqlar yenə də papaq, torba atmaq ənənəsini biz tərəflərə gətirməyə ürək eləmədilər.

Yenə də küçə qapılarımız qonaq qarşılamadan bağlandı. Yenə də bayram xonçalarımız öz sahiblərini gözləyə-gözləyə qaldı. Xonçalarmızdakı yumurtalar utandığından qızardı elə bil... Eh...

11 ildi bu məhlədə bizə adət-ənənələrdən qopmağı öyrədirlər. Di gəl, mötəbər tədbirlərdə milli mentalitetə, adət-ənənəyə sadiqlik haqda elə yekə-yekə çıxışlar edirlər ki, gözlərin bərələ, ağzın açıla qalır.

Bu yazını bayramda dörd divarla baş-başa qalan tənhalara həsr edəcəkdim. Baxdım ki, həşəmətli evlərin, adamların ətrafında tənha qalan özümüzdən yazmışam. Nə fərqi var, tənhalıq tənhalıqdı. Adamlar var ki dörd divar onlardan canlıdı.

Hər kəsin bayramını təbrik edirəm. Sizə alqış, qonşularım kimi varlılara isə qarğış edirəm:

-Ocağınız yansın!
-Darvazanız bağlanmasın!
-Bayramlarda sizə papaq atsınlar!
-Həyət-bacanıza, ruhunuza bahar gəlsin!
XS
SM
MD
LG