Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:15
-
«Yeni Müsavat» öz qaynağına dayanaraq Recep Tayyip Erdoğan-ın Azərbaycan prezidentinə məxfi sənədlər verdiyini yazır:

«Türkiyənin baş naziri nurçuların Azərbaycan hakimiyyətində şəbəkələşməsi barədə Milli İstihbarat Təşkilatının məlumatlarını Soçidə prezidentə şəxsən təqdim edib; paralel araşdırma isə xaricdən hakimiyyət daxilinə sızmaları təsdiqləyib və bundan sonra qəti hərəkətə keçilib, davamı da olacaq».

Qəzet mart ayının Azərbaycanda həmişə təlatümlü keçməsinə diqqət çəkib:

«1995-ci ildə OMON qiyamı, Elmar Hüseynovun qətli, büdcənin mart müzakirələrində parlamentdə məlum davadan sonra Hüseyn Abdullayevin həbsi və sair... Bu dəfə nə olacaq? Gözləyək...».

İLHAM ƏLİYEV: «MƏN TAM ƏMİNƏM Kİ...»

«Azərbaycan» qəzeti Bakıda «Novruz bayramına həsr olunmuş ümumxalq şənliyində» ölkə prezidentinin çıxışına ayrıca diqqət yetirib. Bayram təbriklərini dilə gətirən İ.Əliyev Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə əminliyini bildirib:

«Mən tam əminəm ki, Azərbaycanın artan gücü, bizim potensialımız və xarici siyasətlə bağlı apardığımız düşünülmüş, ölçülüb-biçilmiş siyasət bizə imkan verəcək ki, ərazi bütövlüyümüzü bərpa edək».
Qızıl «iPhone»

Qızıl «iPhone»


«HEYDƏR ƏLİYEVİN ADINI İLK DƏFƏDİR EŞİDİRƏM»

«Azadlıq» qəzeti Heydər Əliyevin imzasını daşıyan və qızı Sevil Əliyevanın ciddi narazılığına səbəb olan qızıl «iPhone»ların saxta olduğu barədə xəbər yayıb. Nüfuzlu «Gold&Co.» şirkətinin baş icraçı direktoru Amcad Ali-nin «BBC Azərbaycanca»ya müsahibəsinə istinad edən qəzet yazır:

«Amcad Ali deyib ki, «Gold&Co.» qızıl suyuna çəkilmiş mobil telefonlar və «iPad»lər üzrə ən böyük şirkət olduğundan bir çox istehsalçı bu telefonların saxta versiyasını buraxır».

Şirkət rəhbəri sözügedən müsahibədə «Heydər Əliyevin adını ilk dəfədir eşidirəm» sözlərini də dilə gətirib:

«Sizə qəti deyə bilərəm ki, bu adam kimdirsə, heç vaxt onun adını daşıyan telefon hazırlamamışıq... Telefonlarımızı yalnız zərgərlər və ya bahalı dükanlar vasitəsilə satırıq, mobil telefon dükanlarında yox».
Vladimir Zhirinovsky

Vladimir Zhirinovsky


«ZHIRINOVSKY... ŞİZOFRENİKDİR»

«Yeni Azərbaycan» qəzeti YAP icra katibinin müavini, parlament üzvü Siyavuş Novruzovun məqaləsini dərc edib. Bu məqalədə müəllif Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Zhirinovsky-nin hər fürsətdə Azərbaycan xalqını təhqir etməsinə diqqət çəkib: «V.Zhirinovsky-nin nə əxlaqı, nə də mədəniyyəti var, o, xəstədir, şizofrenikdir».

S.Novruzov belə təhqirləri cavabsız buraxdıqları üçün Rusiyadakı Azərbaycan diasporu fəallarının, özəlliklə Abbas Abbasov və Söyün Sadıqovu qınayıb:

«Təəssüflər olsun ki, orada olan nə bizim oliqarxlar, nə də digərləri bir fikir ortaya qoymurlar. Bu da ondan irəli gəlir ki, bunların ondan hansısa çəkinəcəyi var».
Vladimir Putin

Vladimir Putin


«PUTIN-I REALLIĞA QAYTARMAQ LAZIMDIR»

«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov Ukraynada baş verən olaylardan, Krımın Rusiyaya ilhaq qərarından sonra Cənubi Qafqaz ölkələrini, o sıradan Azərbaycanı gözləyən mümkün təhlükələrdən söz açır. Müəllif Rusiyanın mümkün hərbi müdaxiləsinin önünü kəsmək və «Putin-i reallığa qaytarmaq üçün» ABŞ və Türkiyənin də qatılmasıyla GUAM təməlli bir hərbi ittifaq yaradılmasının faydalı olacağını düşünür:

«Əlbəttə, bənzər layihəyə qoşulmağa rəsmi Ankara da razılaşsa. Bir müddətə – sadalanan ölkələr (GUAM-a daxil dövlətlər – red.) Şimali Atlantika Birliyinin tam hüquqlu üzvü olmaqdan ötrü NATO standartlarına uyğunlaşanadək».
İlham Əliyev dövlət nəşriyyatında

İlham Əliyev dövlət nəşriyyatında


«RƏSMİ MEDİA PREZİDENTİN SƏRƏNCAMINI NİYƏ YAYMADI?»

«Bizim yol» qəzeti bu sualı verir və «Azərbaycan», «Respublika» və «Xalq qəzeti»nin PA-nın keçmiş şöbə müdiri Elnur Aslanovun işdən çıxarılması barədə xəbəri niyə dərc etmədiklərini araşdırmağa çalışıb. Araşdırma gedişində aydınlaşıb ki, sözügedən qəzetlərlə yanaşı, «AzərTAc» və AzTV də bu barədə susublar. «Azərbaycan» qəzetinin baş redaktoru günahı «AzərTAc»da görüb, agentliyin bu sərəncamı qəzetə göndərmədiyini bildirib. Dövlət Agentliyinin özü həmin məsələyə münasibət bildirməyib. AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova deyib ki, artıq bir neçə ildir «AzTV kadr dəyişikliklərini efirə vermir». O bunun səbəblərini açıqlamayıb.

Media eksperti Ələsgər Məmmədli dövlət başçısına məxsus president.az saytında bütün fərman və sərəncamlarının yerləşdirildiyinə diqqət çəkib:

«Bu saytda Elnur Aslanovun işdən azad edilməsi ilə bağlı sərəncam elə həmin gün yerləşdirilmişdi». Ekspertin fikrincə, sərəncamın «AzərTAc»da, rəsmi qəzetlərdə və AzTV-də verilməməsini təxribat deyil, amma «qeyri-peşəkar yanaşma» saymaq olar: «Çünki bu sabotaj olarsa, onların özlərinə yönələ bilər».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG