Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:05
“2012-ci ilin dekabr ayında işdən evə qayıdanda “Koroğlu” metrostansiyasının qarşısındakı yolu keçərkən məni “Mersedes S-Klass” markalı, 90AH881 dövlət nömrə-nişanlı maşın vurub. Sürücü məni əvvəl Neftçilər Xəstəxanasına apardı. O xəstəxana pullu olduğuna görə qəbul etmədilər, maşınına qoyub götürdü 1 saylı Şəhər Klinik Xəstəxanaya”.

Ramanada yaşayan Cəbrayıl köçkünü Elman Ağayev AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edib. Onun sözlərinə görə, avtomobil qəzasını törədən vəzifəli bir şəxsin yaxın qohumu olsa da, həmin sürücünü məsuliyyətdən kənarda qoymaq üçün başqa birisini ortaya atıblar:

"MƏNİ VURAN ADAMIN ADI CİNAYƏT İŞİNDƏ YOXDUR"

“Əməliyyat olundum, dalağımı çıxartdılar, qaraciyərim partlamışdı, çanağım sınmışdı, boğazımı dörd yerdən əməliyyat elədilər. 2 ildir ki, ayağım aparatdadır. Hələ o vaxt xəstəxanada özümə gələndə məlum oldu ki, məni vuran sürücü Samur Səmədzadə vəzifəli adamın yaxın qohumudur. Əvvəl işi Nizami rayon polis idarəsi aparırdı. Gördüm iş birtərəfli aparılır, şikayət yazdım. İşi həmin idarədən alıb Bakı Şəhər Baş Polis İdarəsinə verdilər. Müstəntiq Vüqar İsmayılovun xeyli müddət süründürməçiliyindən sonra xəbər tutdum ki, məni vuran adamın adı cinayət işində yoxdur, tamamilə başqa bir adamın adı var. Samur Səmədzadəni gözlədiblər, ortaya əvvəllər dəfələrlə həbsxanada cəza çəkmiş bir nəfəri atıblar ortaya ki, səni vuran bu adamdır”.

Elman Ağayevin sözlərinə görə, müstəntiq onun yaşadığı ünvana gələrək cinayət işinin tamamlandığını deyib, ittiham aktını qəbul etməsi və sənədlərə imza atması üçün ona təzyiqlər göstərib:

“Evimə gəlib, mənə sənədlərə qol çəkdirmək istəyir. Mən də baxdım ki, Samur Səmədzadənin adı yoxdur, mənə tanış olmayan başqa birisinin adı keçir. İmza atmaqdan imtina etdim. Dedim, gedin, ittiham aktını düzgün tərtib edin, imza atım. Mənimlə elə danışırdı ki, sanki cinayətkar mənəm. Deyirdi, sən istəsən də, istəməsən də, bu iş tezliklə məhkəməyə getməlidir”.

Orxan Mansurzadə

Orxan Mansurzadə

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qaynar xətt”ə bildirib ki, 26 dekabr 2012-ci il tarixdə Nizami rayonu ərazisindəki “Alov” istirahət parkının qarşısındakı yolu piyada keçən Elman Ağayev Bakı şəhər sakini Həmid İskəndərovun idarə etdiyi “Mersedes” markalı 90-AH-881 dövlət qeydiyyat nişanlı maşınla vurulub. Onu Neftçilər Xəstəxanasına da həmin sürücü aparıb. Elman Ağayev ilkin izahat və ifadəsində də onu avtomobillə vuran şəxsin Həmid İskəndərov olduğunu göstərib. Ancaq sonradan iddia edib ki, onu viran sürücü Həmid İskəndərov yox, Samur Səmədzadə olub:

"TƏQSİRSİZLİYİNİ SÜBUT EDƏN DƏLİLLƏR GÖSTƏRİB"

“Zərərçəkmişin nümayəndəsi Janna Bağırova cinayət prosesində iştirak etməyə buraxıldıqdan sonra vəsatətlə müraciət edərək Elman Ağayevi avtomobillə vuran şəxsin "Mersedes"in sahibi Samur Səmədzadə olduğunu göstərib. Bundan sonra Elman Ağayev də ifadəsini dəyişərək nümayəndəsinin dediklərini təsdiqləyib. İfadəsi alınmış Samur Səmədzadə yol-nəqliyyat hadisəsinin onun tərəfindən yox, sürücüsü Həmid İskəndərov tərəfindən törədildiyini bildirib. Öz təqsirsizliyini sübut edən dəlillər göstərib. Qeyd edib ki, o, Elman Ağayevin nümayəndəsi tərəfindən şantaj olunur. Şahid qismində dindirilmiş qohumları və tanışları da qəza hadisəsinin məhz Həmidİskəndərov tərəfindən törədildiyini, hadisədən sonra sonuncunun bu barədə onlara məlumat verib xəstəxanaya çağırdığını göstəriblər”.

Orxan Mansurzadə bildirib ki, zərərçəkmişin yataq xəstəsi olduğunu nəzərə alan xüsusilə mühüm işlər üzrə baş müstəntiq Vüqar İsmayılov Elman Ağayevin yaşadığı ünvana gedərək istintaqın başa çatması barədə məlumat vermək, cinayət işinin materialları ilə tanış etmək istəyib. Ancaq zərərçəkmiş şəxs bundan imtina edib. Bu isə istintaqın tamamlanmasına, cinayət işinin ittiham aktı ilə prokurorluğa göndərilməsinə əngəl yaradıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG