Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:05

"Mən də o çirkli pullardan yemişəm..."


soldan sağa: Azad Qaradərəli və Şərif Ağayar

soldan sağa: Azad Qaradərəli və Şərif Ağayar

-

"O otaq bizim həm hamamımız, həm mətbəximiz, həm də yataq otağımız idi.

E
vdə hər kəsin yatmasını gözləyirdim, sonra paltar yuyulan vannanı çevirib onun üzərinə öz yazı makinamı qoyurdum. Bax belə şəraitdə də yazmışam...”

“Üç gün ərzində kitabımın əlyazmasını axtardılar, axırda Vidadi Babanlının evində, mətbəxindəki daxılın içindən tapıldı... Kitabımın üstünə yemək-zad da tökülmüşdü”.



Namiq Hüseynlinin yazıçı Azad Qaradərəli ilə söhbəti


- Azad bəy, bu yaxınlarda 60 yaşınız tamam oldu. Təbrik edirəm. İlk olaraq kim təbrik etdi sizi?

- Bu il mənim ilimdir, yubileyim hələ davam edir. Altmış yaşımı ilk olaraq Facebook dostlarım təbrik etdilər, təqribən yüzə yaxın Facebook dostum mənə təbrik yazdı. Sonra ailəm, dostlarım təbrik etdi. Bir çox dostum yazı ilə təbrik elədi.

- Siz bir dəfə demişdiniz ki, ilk kitabınız 33 yaşınız olanda çap edilib. Sizin imzanızla, ilk dəfə 2011-ci ildə Azadlıq Radiosunun keçirdiyi müsabiqədə qarşılaşmışam. Bundan əvvəl sizin imzanızla rastlaşmamışdım.

Amma son dövr yaradıcılığınızın xeyli məhsuldar olduğunu görürəm, tez-tez kitablarınız çıxır, yazılarınız yayımlanır. Demək olarmı ki, yaradıcılığınızın çiçəklənmə dövrü məhz 60 yaşınıza təsadüf edir?


- Belə də demək olar, amma mən yaradıcılığımı üç mərhələyə ayırardım. Birinci mərhələ kitabım çıxana qədər, özümü Azərbaycan oxucusuna gənc yazıçı kimi tanıtmağa çalışdığım dövrdür ki, bu çox əziyyətli dövr idi. O zaman kitabımın çap olunmasına qədər gəlib çatmışdım, amma qarşımda bir şlaqbaum vardı ki, onu qaldıran mərhum yazıçımız Sabir Əhmədli oldu. Mənim ədəbiyyata gəlişim 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində ilk hekayəmin çap olunması ilə başladı.
Azad Qaradərəli

Azad Qaradərəli


Onda mənim 22 yaşım vardı. Bunun ardınca, mən “Ulduz”, “Azərbaycan” jurnallarında mütəmadi çap olunmağa başladım. İlk kitabımın çap olunmasında Sabir Rüstəmxanlının böyük köməyi oldu. Gərək düzünü deyəsən, o vaxtlar gənc bir yazıçının bir kitabı çap olunanda müəllifə iki min manata yaxın pul verirdilər, buna görə də tanınmış yazıçılar süfrənin başını kəsdirmişdi və bizi oraya buraxmırdılar.

Yaradıcılığımın ikinci mərhələsi 1990-cı illərdir, bu dövr qaçqınlıq dövrü idi. Ümumiyyətlə həyatımın heç bir dövründə, elə bir il yox, elə bir ay da olmayıb ki, mən yazmayam. Yaşadığım Zəngilan rayonu ermənilər tərəfindən işğal olundu, mən ailəmlə birlikdə Bakıya gəldim. Burda yaxın bir dostum ailəmlə birlikdə yaşamaq üçün bizə bir otağını vermişdi.

Bu otaq bizim həm hamamımız, həm mətbəximiz, həm də yataq otağımız idi. Təsəvvür edirsən, səkkiz nəfərlik bir ailə idik. Deməli evdə hər kəsin yatmasını gözləyirdim, sonra paltar yuyulan vannanı çevirib onun üzərinə öz yazı makinamı qoyurdum. Bax belə şəraitdə də yazmışam. Düzdür o dövrdə yazdığım yazıların çoxu zəif olub, tələsik olub, hətta bəzən qonorar üçün olub.

Yaradıcılığımın üçüncü mərhələsi isə 2003-cü ildən başlayır. Onda mən Azərbaycan radiosunda çalışırdım, burda gözəl şairlər Eldar Baxış, Camal Yusifzadə, İsa İsmayılzadə ilə tanış oldum. Orda yaxşı bir ədəbi mühit vardı. Orda hekayələrim radio teatrında oynanılırdı. Daha sonralar - 2010-cu illərdə mən Azadlıq Radiosu ilə tanış oldum, “Ədəbi Azadlıq” müsabiqəsində hekayəm ikinci yerə çıxdı. Birinci romanım çap oldu, ardınca ikinci və üçüncü romanlarım çap olundu.
Azad Qaradərəli

Azad Qaradərəli


- Bilirik ki, sovet dönəmində çap olunmaq çətin idi. Xeyli istedadlı adam tanıyıram ki, sovet dönəmində Azərbaycan Yazıçılar Birliyində heç bir adamı olmadığından uzun müddət çap oluna bilməyib.

Siz indi Sabir Əhmədlinin adını çəkirsiniz, Eldar Baxışın adını çəkirsiniz, onlar sizinlə eyni regiondandır. Həmişə sizə kömək edən belə xeyirxahlarınızı yada salırsınız, bu o demək deyilmi ki, siz regionçuluğun hesabına o zamanlar hansısa istedadlı adamın yerini tutubsunuz?


- Siz inanırmısınızmı ki, məni Sabir Əhmədli ilə şair Tofiq Bayram tanış edib. Mən cəhd edirdim ki, yazılarım çap olunsun, amma, bilirsiniz, yazıları oxumurdular. O dediyiniz adamlar yazılarını oxuda bilmədikləri üçün çap olunmamışdılar, bəlkə o yazıları oxusaydılar çap edərdilər. Rafiq Tağının özünü də çap eləməmişdilər, niyə? Çünki, yazılarını oxuda bilmirdi.

- Bəs necə oldu ki, sizin yazılarınızı oxudular?

- Bizim bir qohumumuz vardı “obexes”də çalışırdı (OBXSS – sovet dönəmində sosialist mülkiyyətinin oğurlanmasının qarşısını almaq üçün yaradılmış idarə), bu bilirdi ki, mən yazıram, bir dəfə mənə dedi ki, bir dostum var, qəssabdır, onun qardaşı tanınmış şairdir, səni onunla tanış edim, o sənə kömək etsin. Həmin şair kim olsa yaxşıdır? Tofiq Bayram. Qohumum ona dedi ki, Tofiq müəllim, bu mənim qohumumdur, yaxşı hekayələr yazır, şeirlər yazır, bunun yazılarını oxuyasan, görəsən bundan bir şey çıxar.

Tofiq Bayram da dedi ki, mənim nəsrdən başım çıxmır, amma bizim redaksiyada bir Sabir var, gətirərsən ona verərəm oxuyar. Getdim Natəvanın heykəlinin yanındakı Zevin küçəsinə, “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasına. Burda düz dörd-beş Sabir işləyirdi, Sabir Rüstəmxanlı, Sabir Almazov, Sabir Əhmədli, Sabir Süleymanov, Sabir Məmmədov... Hekayəmi gətirib verdim.

Tofq Bayram dedi ki, Sabir müəllim, bu oğlanın hekayəsini də bir oxuyarsan. Sabir Əhmədli dedi ki, hekayəni qoy get, baxarıq. Hekayəni qoydum getdim, üstündən on gün keçdi, hekayəm çap olundu. Beləliklə, 1976-cı ildə ilk hekayəm çap olundu. Hekayənin adı beləydi “Yazdagülün yaz günləri”, “Yazdagül”ü tullamışdılar, hekayə “Yaz günləri” adı ilə çap olunmuşdu.
Sabir Əhmədli

Sabir Əhmədli


Allaha anda olsun ki, ilk hekayəm çap olunana qədər Sabir Əhmədov mənim onunla yerli olduğumu bilmədi. Ancaq ikinci hekayəmi gətirəndə soruşdu ki, haralısan, dedim Zəngilanlı, dedi, otur burda.

- Deməli, belə bir kömək olmasaydı, uzun müddət gedib gələcəkdiniz. Yerliçiliyin sizə kömək olduğunu qəbul edirsiniz?

- Xeyr, bu, Sabir Əhmədlinin ruhuna hörmətsizlik olar, o məni ilk dəfə yerlisi olduğumu bilməyə-bilməyə çap edib. Bilirsən, əslində o vaxt ədəbiyyata yeni gələn adamlara qarşı ciddi bir qadağa qoyulmuşdu.

Bu qadağanın birinci səbəbi qonorar idi, bölə bilmirdilər, istəyirdilər qonorarı özlərinə götürsünlər. İkinci səbəbi isə yerliçilik idi, “qazaxşina” var idi, hərə öz adamını çap edirdi. Sabir Əhmədli heç nəyə görə ədəbiyyatda güzəştə gedən adam deyildi, onun bir qardaşı Cəbrayıl rayon icra komitəsinin birinci katibi idi.

Sabir Əhmədlinin “Dünyanın arşını” adlı anti-sovet romanı vardı, orda başqa adla öz qardaşını kəskin tənqid edirdi. O romanın adı plenumda Heydər Əliyevin çıxışına düşmüşdü, Heydər Əliyev onu kəskin tənqid etmişdi, buna görə on il Sabir Əhmədlini çap etməmişdilər.

- Amma bunu qəbul edək ki, Sabir Əhmədli dissident deyildi, əksinə əsl sovet ruhlu adam idi, qatı kommunist idi.

- Doğrudur, dissident deyildi. Qatı kommunist olmaq böyük bir şərt deyil, o həm də böyük nasir idi. Nəyəsə ürəkdən bağlı olmaq yazıçıya əskiklik gətirməməlidir. Həm də o vaxt adam həm anti-sovet olub, həm də qatı kommunist kimi qala bilərdi. Şoloxovun əsərinin qəhrəmanları çoxu qatı kommunistlər idi, amma “Sakit Don” anti-sovet romanı hesab olunurdu.

Söhbət ondan gedir ki, Leninin prinsipləri ilə Stalinin prinsipləri arasında fərq vardı, Trotskinin prinsipləri ilə Stalinin prinsipləri arasında fərq vardı. Onu qəbul edək ki, Sabir Əhmədli öz xalqına, vətəninə bağlı insan idi və mənim fikrimcə, Azərbaycanda 2-3 yaxşı nasirdən biri idi.
Radioda çalışarkən

Radioda çalışarkən


- 33 yaşınızda ilk kitabınızın çap olunmasında da Sabir Əhmədlinin rolu olub yəqin?

- Xeyr, elə bir rolu olmayıb. Deməli, beş il idi kitabımı “Yazıçı” nəşriyyatına verib, oturub gözləyirdim. Axırda getdim nəşriyyatın direktoru Sabir Rüstəmxanlının yanına, şikayətləndim ki, beş ildir kitabımı vermişəm, amma bir xəbər yoxdur. Sabir Rüstəmxanlı işçilərin üstünə qışqırdı ki, bu adamın kitabını tapın gətirin.

Üç gün ərzində kitabımın əlyazmasını axtardılar, axırda Vidadi Babanlının evində, mətbəxindəki daxılın içindən tapıldı, məlum oldu ki, Vidadi Babanlı üç il bundan qabaq kitabı oxuyub, gözəl bir rəy də yazıb, amma yadından çıxarıb daxılda qoyub. Kitabımın üstünə yemək-zad da tökülmüşdü. Beləliklə 87-ci ildə ilk kitabım çap olundu, 1500 rubl qonorar yazdılar. Amma ədalətli dövr olsaydı kitab 28 yaşımda, yəni beş il əvvəl çap edilməliydi.

- Bizim indiki gənc yazarlar adətən müsahibələrində deyirlər ki, ailə yaradıcılıq üçün bir əyləcdir, yazıçı sərbəst həyat keçirməlidir, içməlidir, həyatında çoxlu qadınlar olmalıdır, bohem həyat tərzi sürməlidir. Bildiyim qədəriylə sizin böyük ailəniz var və yazıçı kimi olduqca məhsuldarsınız. Demək olar, yazmaqda gənc yazarlar sizin sürətinizə çata bilmir. Bunu necə izah edərdiniz?

- İnsan özünə bir həyat yolu müəyyənləşdirsə, o yolda sapmalar eləməsə, çox sərbəst bir həyat qura bilər özünə. Ailə hamıya lazımdır, yazıçıya da xüsusilə. Mənim beş övladım var və düşünmürəm ki, onlar nə vaxtsa yazmaqda mənə mane olar. İstəyirəm bunu bütün gənclərə çatdırım ki, hər şey birinci övladdan asılıdır, onu yaxşı tərbiyə eləsən, o biri uşaqlara çox vaxt ayırmasan da olar.
Şairə Sevinc Elsevər və onun həyat yoldaşı ilə

Şairə Sevinc Elsevər və onun həyat yoldaşı ilə


O ki, qaldı onları oxutmaq, dolandırmaq, etiraf edim ki, bu işdə çox əziyyət çəkmişəm, yuxusuz gecələr keçirmişəm, yazılar yazmışam, hətta dissertasiya da yazmışam. Gənclərə məsləhət görürəm ki, yazıçıdır və qadındırsa özünə uyğun ədəbiyyat adamı ilə ailə qursun, kişidirsə onun yazdıqlarına qiymət verən bir qadınla evlənsin. Yazıçı üçün onun qayğısını çəkən birinin olması mütləq lazımdır, axı yazıçı bir az uşaq kimidir, bu dünyayla, mühitlə bağlı olmur, ayrı bir dünyası olur onun.

Ona görə də düşünürəm yazıçıya ailə vacibdir. O hətta yazıçıya yazmaq üçün impuls da verir, yazıçı üçün ailə bədii materialdır, ailə olmasa yazıçı ailə təsvir edə bilməz. Ailənin problemlərini görməsə təbii yaza bilməz. Bunu da deyim ki, ailə qurmayan, ailənin əleyhinə olmayan gənc yazarlara da pis baxmıram, bu da onun seçimidir.

- “Qanun” nəşriyyatını bağlamaq üçün cəhdlərə münasibətiniz necədir? İstər-istəməz anlaşılır ki, kitab bazarına yeni hökümətyönümlü nəşriyyatlar girəcək və bunlar ədəbiyyatı nəzarətdə saxlamağa çalışacaqlar. Əgər müstəqil nəşriyyatlar bazardan çıxsa, yəqin daha kitab bumundan danışmaq mümkün olmayacaq...

- Mən bu yaxınlarda “Qanun” nəşriyyatı ilə bağlı yazımda qeyd etmişəm ki, müstəqil nəşriyyata toxunmayın, çünki ədəbiyyatı nəzarətdə saxlamaq cəhdi mümkün olmayacaq, bu sizin özünüzə ziyan olacaq. Çünki sovet hakimiyyətinin son illərində yazıçılar əsərlərini “samizdat” şəklində yayırdılar. Yəni bu, dövlət üçün daha qorxuludur, nəinki o kitablar “Qanun” nəşriyyatında çap olunanda.

- Axı sovet dövründə bunun da çarəsi var idi, yazarlara yaxşı qonorar verildiyi üçün heç nədən şikayət etmirdilər. Bəs sabah sizi çağırıb bir neçə saytda köşə yazmaq və əvəzində yaxşı qonorar təklif etsələr, yenədəmi “samizdat”a can atacaqsınız?

- Bu gün sənin tanıdığın, mənim tanıdığım o saytlar, çirkli pulların yuyulmasına xidmət edən saytlardır. Mən o saytlarda bəzən yazıram, bəli, o yerə qədər yazıram ki, mənim sözümü dəyişdirmirlər. O saytlardan birində bu yaxınlarda mənim hekayəmi çap etmədilər, bu artıq belə bir mesaj idi ki, bu saytda yazma. O biri yazılarımı çap edirdilər, amma hekayəmi iki həftə çap etmirdilər, axı mən yazıçıyam, mənim yazılarıma necə qadağa qoymaq olar? Təbii ki, bundan sonra o sayt üçün heç nə yazmayacam.

- Demək siz də çirkli pulların yuyulmasında iştirak etmisiniz?

- Bəli, mən də hiss edirəm ki, o çirkli pullardan yemişəm, az yemişəm, amma yemişəm, çünki bu pulların içində hamımız varıq, əslində bizim öz pulumuzdur. Təəssüf edirəm ki, o çirkli pullar artıq ədəbiyyata tərəf gəlir, kitaba tərəf gəlir. “Qanun” nəşriyyatını çökdürmələrinin səbəbi də əslində budur. Bu nəşriyyat gəncliyi çap edirdi, gəncliyi vursalar, elə bil məni vurdular, çünki mənim arxamda duran elə gənclikdir.

Onlar gəncliyi vurmaq üçün “Qanun” nəşriyyatını vururlar, ona görə vururlar ki, o gənclər nəşriyyatdan çıxıb getsinlər o çirkli pullarla işləyən saytlara, necə ki, bir çoxları artıq gedibdir. Gənclərin etiraz imkanlarını kəsirlər o pullarla, bunları qorxudurlar ki, əgər etiraz eləsələr o pul əllərindən çıxacaq.

Çox təəssüf edirəm ki, gəncləri bu yola cəlb edib, təhdid altında saxlayırlar. Bu çox acınacaqlı şeydir, dəhşətli şeydir. Amma bu da uzun sürməyəcək, çünki gənclik ən ayıq təbəqədir, bu təbəqə bir gün başını qaldırıb görəcək ki, onun bütün etiraz imkanlarını kəsiblər. Onda o necə püskürəcək, necə ayağa qalxacaq, bunu təsəvvür edə bilmirəm. Belə qərara gəlmişəm ki, gələcəkdə mənim əsərlərimin bu şəkildə çapına mane olsalar, artıq “samizdat” yoluna əl atacam.

- Bir qədər bizə “Şəhərcik” romanınız haqqında danışın. Siz deyirdiniz mən bu romanı çap etsəm, mənə çox baha başa gələcək, çoxlu etiraz doğuracaq.

- Bu roman əvvəlki romanlarımdan fərqli estetikada yazılıb, mən nəyi görmüşəm, nəyi düşünmüşəmsə, heç nəyi özlüyümdə senzura etmədən yazmışam. İndiki yazıçılar, elə sovet dönəmindəki yazıçılarımız kimi özlərinə senzura qoyurlar, ona görə də bizdə Rusiyadakı kimi, əsl həyat həqiqətlərini əks etdirən yazıçılar yetişmədi.

O romanda yazıçı kimi heç nədən çəkinmədim, bu günki Azərbaycan mühitindəki bütün rəzillikləri orda vermişəm, avtoritar bir rejimin törətdiyi anormal fizioloji, bioloji, qeyri-əxlaqi, korrupsioner münasibətləri əks etdirməyə çalışmışam. Bu romanı “Kuma-Manıç çökəkliyi”ndən əvvəl yazmışdım, amma bəzi gözləntilərim vardı, bəzi hissələri əlavə etdim, bəzi şeyləri yenidən işlədim.

Günün bütün mövzuları

XS
SM
MD
LG