Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:05

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini vəzifəsindən azad edilib


-
Prezident İlham Əliyev Mübariz Mədətovun "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, M.Mədətov məmur adına yaraşmayan hərəkətlərə yol verdiyinə, məmur etikasına əməl etmədiyinə, övladı ictimai yerlərdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə vəzifəsindən azad edilib.

Qeyd edək ki, M.Mədədov 2 gün öncə xalq artisti Ağasəlim Abdullayevin 6 yaşlı nəvəsi və 55 yaşlı həyat yoldaşının ölümünə səbəb olmuş yol qəzasını törətməkdə şübhəli bilinərək saxlanılan Xalid Mədətovun atasıdır.

Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsinin birgə məlumatına əsasən, martın 15-də saat 00:30 radələrində Suraxanı rayonu, Zığ şosesində Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Mədətov Xalid Mübariz oğlunun idarə etdiyi "Mersedes-Benz G-55" markalı avtomobilin toqquşması nəticəsində "VAZ 2106"-da olan sərnişinlər 1959-cü il təvəllüdlü Briliyant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Surxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Yol-nəqliyyat hadisəsinin "Mersedes-Benz G-55" markalı avtomobilin sürücüsü X.Mədətov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Sürücü X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkaqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG