Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:13

Rusiyanın döyüş təyyarələri Yerevanda təlimlərə başlayıb


Yerevanda təlim uçuşundan dönən Rusiyanın Mig-29 təyyarəsi. 14 mart 2014
Yerevanda təlim uçuşundan dönən Rusiyanın Mig-29 təyyarəsi. 14 mart 2014
-

Ötən həftə Rusiya hərbi hava qüvvələrinin Ermənistandakı bazası təlim uçuşlarına başlayıb. Paytaxt Yerevan yaxınlığındakı “Erebuni” bazasının rəhbəri, polkovnik Alexandr Petrov jurnalistlərə bildirib ki, bu təlimlər öncədən planlaşdırılmış, döyüş hazırlığının yüksəldilməsinə yönələn tədbirlərdən biridir və yaxın günlərdə təlim uçuşlarının sayı daha da artırılacaq.

Aleksandr Petrov bildirir ki, təlimlərdə Ermənistanın özünün döyüş vertolyotları da onlara dəstək verir.

Qeyri-rəsmi məlumatlara görə Erebuni bazasında Rusiyanın 16 ədəd MiG-29 tipli döyüş təyyarəsi var.

Bazanın rəhbəri say barədə bir söz deməsə də təyyarələrdən 3-nün artıq tam müasirləşdirildiyini bildirir. Onun sözlərinə yaxın vaxtlarda qalan təyyarələrin də elektron nişangahlar və naviqasiya sistemi yenilənəcək.

Rusiya bu ilin sonuna Erebuni bazasına daha 20 döyüş vertolyotu yerləşdirməyi planlaşdırır. Moskva bunu sərhədlərində yerləşən hərbi bazaların texniki təchizatının yaxşılaşdırılması planı çərçivəsində apardığını bildirir.
Rusiya pilotları təlim uçuşlarına hazırlaşırlar. Yerevan, 14 mart 2014
Rusiya pilotları təlim uçuşlarına hazırlaşırlar. Yerevan, 14 mart 2014

Son vaxtlar Rusiya Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasını intensiv olaraq möhkəmləndirir. Keçən həftə Moskvanın həmin bazaya əlavə hərbi texnika və canlı qüvvə yerləşdirməsi barədə məlumat yayılıb.

Keçən ilin oktyabrında 102-ci bazanın komandiri Andrey Ruzinski Azərbaycana qarşı qalmaqallı bəyanat da vermişdi. Rusiya Müdafiə Nazirliyinin qəzetinə müsahibəsində o demişdi ki, “Azərbaycan rəhbərliyi Dağlıq Qarabağı zor gücünə geri qaytarmağa cəhd etsə, 102-ci hərbi baza Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində Rusiya Federasiyasının öhdəliklərinə uyğun olaraq silahlı münaqişədə iştyirak edəcək.”
Bakı dərhal bəyan etmişdi ki, “Azərbaycan öz ərazi bütövlüyünün təmin olunmasına hər hansı tərəfin qarışmasına imkan verməyəcək.”

“Erebuni” aviabazasının komandiri, polkovnik Alexandr Petrov jurnalistlərin bu mövzuda suallarına cavab verməkdə imtina edib. Əvvəlcə «indi bunu şərh edə bilmərəm» deyən komandir sonradan əlavə edib:

«Biz konkret tapşırıqları icra edirik. Bizdə indi belə tapşırıq yoxdur. Biz aviabazanın döyüş hazırlığının bir il ərzində yüksəldilməsi məqsədilə qarşımıza qoyulan tapşırıqların icrası üçün tədbirləri həyata keçiririk».
XS
SM
MD
LG