Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:43

Novruzda «Qala» qoruğunda uşaqlar poni və uzunqulaqda gəzə biləcəklər


Novruz şənliyi, 2013

Novruz şənliyi, 2013

-
Bu barədə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

İdarə martın 20-dən 23-dək I Beynəlxalq Novruz Festivalının keçiriləcəyini elan edib.

FESTİVALA 8 ÖLKƏNİN TƏMSİLÇİLƏRİ QATILACAQ

Builki Novruz şənliklərinin özəlliyi odur ki, bu festivala ilk dəfə bayramı qeyd edən 8 ölkənin (Türkiyə, Rusiya, İran, Hindistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) nümayəndələri də qatılacaq.

Dörd gün davam edəcək bayram festivalı “Nar Mobile”, “Pasha bank” və “A+A Events” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçiriləcək.

Festival günlərində Qoşa Qala Qapısı meydanında “Meydan Bazarı” təşkil olunacaq.

Yerli və xarici ölkə nümayəndələrinin iştirak edəcəyi “Meydan Bazarı”nda hər bir ölkənin mədəniyyətini əks etdirən video-filmlər, milli-tətbiqi sənət məhsulları və suvenirlər sərgilənəcək.

Novruz bayramı şənliklərində bir-birindən maraqlı çoxsaylı tədbirlər nəzərdə tutulur.

PƏHLƏVANLAR, KƏNDİRBAZLAR, SEHRBAZLAR MEYDANA TOPLAŞACAQ

Hər gün səhər saatlarından pəhləvanlar, kəndirbaz və sehrbazlar meydanda öz məharətini göstərəcəklər.

Uşaq teatrının artistləri, bədii və tarixi personajlar Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanların bayram əhval-ruhiyyəsini daha da artıracaq.

Rəngarəng konsert proqramında muğam və klassik musiqi əsərləri, müxtəlif xalqların milli musiqiləri, müasir estrada və caz musiqisi səsləndiriləcək.

“MUĞAM ÜÇLÜYÜ” HƏVƏSKARLARI DA UNUDULMAYIB

Festival çərçivəsində hər gün Əliağa Vahid meydanında “Muğam üçlüyü”, Qız Qalası meydanında pantomima ustaları çıxış edəcək.

Böyük Qala küçəsi-19 ünvanında yerləşən İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində tələbələrin yaradıcılıq sərgisi keçiriləcək.

Bayram günlərində Kiçik Qala küçəsi-13 ünvanında yerləşən “İncəsənət Qalası”nın qarşısında həmin Mərkəzin uşaqlar üçün yaradılmış xüsusi proqram çərçivəsində “ustad dərsləri” təşkil olunacaq.

”QALA” QORUĞUNDA PONİLƏR VƏ UZUNQULAQLAR OLACAQ

Bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı, 20-21 mart tarixlərində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da “Nağıl şəhərciyi” adlı Novruz şənliyi keçiriləcək.

Rəngarəng konsert proqramı təşkil olunacaq, uşaqlar poni və uzunqulaqda gəzəcək, nağıl obrazları ilə canlı ünsiyyətdə olacaqlar.

Eyni zamanda qonaqlar milli sənət ustalarının iştirakı ilə Novruzun ənənəvi rəmzləri olan şirniyyatların hazırlanması, xınayaxdı mərasimi, xalça toxumaq kimi tədbirlərdə iştirak edə biləcəklər.

“QALA” QORUĞUNA QOŞA QALA QAPISINDAN PULSUZ GETMƏK OLACAQ

“Qala” Qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar martın 20-21-də İçərişəhərdən, Qoşa Qala Qapıları qarşısından yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG