Keçid linkləri

Təcili xəbərlər

İran İlham Əliyevi gözləyir


İran və Azərbaycan bayraqları
İran və Azərbaycan bayraqları
-
Bu günlərdə Ukraynada və Türkiyədə, xüsusən də Ukraynanın ətrafında cərəyan edən olduqca maraqlı siyasi hadisələrin fonunda bir məsələ kölgədə qaldı.

Bakıda səfərdə olan İranın xarici işlər nazirliyinin əməkdaşı bildirdi ki, onun səfərinin məqsədi İ.Əliyevin öz ölkəsinə səfərini razılaşdırmaqdır. İranlı diplomat onu da dedi ki, İ.Əliyev çoxdandır ki, İrana səfər etmir və elə bu səbəbdən İran hökuməti onu ölkəsində görməyə şad olardı.

Həqiqətən də son illərdə İrana bir neçə dəfə dəvət alsa da İ.Əliey İrana səfər etməyib. Bu dəvətlərin arasında mühüm regional tədbirlər də olmuşdu. Rəsmi Bakı səfərlərin baş tutmamasını üstüörtülü şəkildə həmin tədbirlərə Ermənistan prezidentinin də dəvət alması ilə bağlayırdı. Amma bu, yeganə və əsas səbəb idimi?

DOSTUMLA DOST, DÜŞMƏNİMLƏ DÜŞMƏN OL!

Bu suala birmənalı cavab vermək çətindir. Təbii ki, bu gün İranla münasibətlərdə 90-cı illərin əvvəllərinə təsadüf edən gərginlik aradan qalxıb. İqtisadi münasibətlər yoluna qoyulub. İndi iki dövlət arasındakı ticarət dövriyyəsi yarım milyard dollar tərtibindədir.

Amma münasibətlərin tam rəvan olmasını da demək çətindir. Hətta elə anlar olub ki, hər iki dövlətin rəsmiləri kəskin bəyanatlarla çıxış etməli olublar.

Məsələ bundadır ki, Rusiya kimi İran da bu vaxta qədər Bakının siyasətini öz maraqlarına cavab verəcək tərzdə tənzimləməyə çalışıb.

Bir dəfə prezident aparatının sözçüsü Ə.Həsənov demişdi ki, İran çalışır ki, biz onun dostları ilə dost, düşmənlərilə düşmən olaq.

Təbii ki, rəsmi Bakı heç bir halda belə bir təzyiqi qəbul edə bilməzdi. Ən azı ona görə ki, Tehran öz düşmənləri dedikdə birinci növbədə ABŞ-ı və Qərb dövlətlərini nəzərdə tutur.

İRAN MƏSƏLƏSİ GÜNDƏLİKDƏN ÇIXSA...

İranda hansı siyasi rejimin olduğu hamıya bəllidir. Üstəlik, İranın aparıcı dövlətlərlə yaşadığı problemləri də hamı bilir. İndi yeni prezident ölkəsinin siyasi kursunu nisbətən mülayimləşdirməyə çalışır.

Hazırda Qərb dövlətlərilə İran arasında danışıqlar gedir. İran uranın zənginləşdirilməsi sahəsindəki işlərini nisbətən təxirə salıb. Amma onları hələ dayandırmayıb. Ona görə də danışıqlar çox ağır gedir.

Amma əvvəlki illərdən fərqli olaraq, ABŞ daha İranla müharibə tonunda danışmır. Bunları ona görə qeyd edirik ki, bir çox müşahidəçilərin fikrincə bu ölkənin İranla münasibətlərinin sabitləşməsi Azərbaycanın, xüsusən də rəsmi Bakının siyasi və geosiyasi önəmini azaldacaq.

Düzdür, Bakı heç vaxt ABŞ-İran münasibətlərində tərəf kimi çıxış etməyib, əksinə öz ərazisindən İrana qarşı istifadə edilməsinə icazə verməyəcəyini və bu problemlərə qarışmaq niyyətində olmadığını bildirib.

Amma real siyasət bəyanatlardan həmişə mürəkkəb olub. Elə rəsmi Vaşinqtonun da bu ölkə ilə-İranla münasibətlərinin nisbətən mülayim fazaya qədəm qoyması daha çox onun böyük müttəfiqlərinin məsələyə münasibətinin birmənalı olmaması ilə bağlı olub. Üstəlik, ABŞ-ın özündə də bir sıra nüfuzlu politoloqlar, o cümlədən də Z.Bjezinsky bir neçə dəfə İranla müharibənin əleyhinə çıxış etmişdi.

Həm də təcrübə bir daha göstərdi ki, beynəlxalq sanksiyalar daha effektli təzyiq yoludur. İranın iqtisadiyyatı qısa müddət ərzində bu sanksiyların təsiri nəticəsində mürəkkəb duruma gəldi. Problem özünü dərhal seçkilərdə biruzə verdi- prezident seçkisini Qərblə münasibətləri mülayimləşdirmək yolunu təklif edən namizəd uddu.

AZƏRBAYCANA HANSI İRAN LAZIMDIR?

İranla Qərbin münasibətləri Azərbaycan üçün bir neçə aspektdən mühümdür. Burada əsas odur ki, Azərbaycan İrana qarşı hansı siyasəti yürüdür?

Əgər bir neçə il bundan əvvəl olduğu kimi Azərbaycan üçün İranda yaşayan soydaşların problemi daha önəmlidirsə, onda Qərbin İrana qarşı sərt münasibəti və ona permanent təzyiq göstərməsi Azərbaycanın maraqlarına daha çox cavab verir.

Yox, əgər Azərbaycan özünün cənub qonşuluğunda birinci növbədə sakitliyin və sabitliyin olmasını arzulayırsa, bu halda onun üçün İranla Qərb arasında mülayim münasibətlərin olması xüsusi əhəmiyyət kəsb edir.

Birinci variant, iranlı azərbaycanlıların problemi rəsmi Bakı üçün çoxdan öz önəmini itirib, daha Azərbaycanda “Cənub problemi” haqda danışan siyasət romantikləri qalmayıb, hətta İran azərbaycanlılarının hüquqlarının müdafiəçiləri kimi tanınan şəxsləri, o cümlədən də M.Çöhrəqanlını Bakıya buraxmırlar.

Deməli, rəsmi Bakı üçün daha çox sərfəli olan ikinci varinat- Qərblə İran arasında daha mülayim münasibətlərin olmasıdır. Bu halda rəsmi Bakı da bu məsələyə özünün töhfəsini verə bilər. Buna görə hətta İrana səfər də etmək mümkündür...


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG