Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:42

"Bu hökumətin əlindən yeşiyimi hara qoyum, bilmirəm"


Arxiv - foto
Arxiv - foto
“Koroğlu” metrosunun çıxışında uzun illər idi ki, alverlə məşğul olurdum. Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Rəfail Allahverdiyev o vaxt əlillərə, şəhid ailələrinə belə şəraitlər yaradırdı ki, başımızı saxlayaq. əvvəllər “Neftçilər”in çıxışında bir yeşik qoyub siqaret satırdım. Ötən yay yarli icra hakimiyyəti başçısının göstərişi ilə polis gəlib yeşiyi yığışdırdı. Mənə rəhmi gələnlər kömək əllərini uzatdılar, mənimçün “Koroğlu” stansiyasının keçidində yer düzəltdilər ki, alverlə məşğul olum. Dünən polislər gəlib onu da yığışdırdılar. Mən bu hökumətin əlindən harda yeşik qoyum, alver edim, çörək qazanım, bilmirəm. Uzun illərdir ki, bu hökumətlə metro çıxışlarında çörəyə görə mübarizədəyəm”.

Qarabağ əlili Namiq Ağayev deyir, iki gündür ki, evinə çörək apara bilmir. Yayın cırhacırında, qışın şaxtasında ümidini bağladığı alverini hökumət martın 14-də həmişəlik bağlayıb. Əlilin sözlərinə görə, 20 ildir bədənində 100-dən çox qəlpə, 2 güllə yarası gəzdirir:

İSTİLİK VƏ YAVAN ÇÖRƏYƏ HƏSRƏT AİLƏ

“1993-cü ildə aprelin 2-də Füzulidə gedən döyüşlərdə yaralanmışam. Qacar kəndi uğrunda gedən döyüşlərdə komandiri olduğum tank piyada əleyhinə minaya düşdü. O vaxt başımdan yaralandım. Tankdan düşəndə mərmi partladı, qəlpələri bütün bədənimə doldu”.

Əlil 20 ildir ki, öz hesabına mütəmadi müalicələr alır. Deyir, dərmana pul tapanda müalicə alır, tapmayanda vəziyyəti ağırlaşır. Ancaq onu səhhətindən çox ailəsinin, iki azyaşlı uşağının gələcəyi narahat edir:

“Gəlib yaşayışımızı görsəniz… Zirzəmidən fərqlənmir. Ötən qış əməlli-başlı işıq-qaz da görmədik. İki gün işıq görürdük, üçüncü gün gəlib kəsirdilər ki, borcunuz var. Gedib qəpik-quruş ödəyib yalvar-yapışla işıq xəttini birləşdirirdik, 2-3 gün sonra eyni hal təkrarlanırdı. Üç azyaşlı uşağım iki dəfə pnevmaniya diaqnozu ilə görə xəstəxanaya düşdü. İndi də hökumət belə zərbə altına atdı bizi…”

Qarabağ əlilinin sözlərinə görə, ev üçün dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Nazirlikdən ən yaxşı halda aldığı cavab bu olub ki, “sənədlərin itib”:

”Ev növbəm ona-buna satılır. Nazirliyin əlil, tənha və ahıllara sosial xidmətin təşkili şöbəsinin rəisi Azad Tağızadənin qəbulunda olmuşam. Hər dəfə məsələnin həllini işçiləri Rəhim Babayevə və Firudin Əliyevə tapşırır. Onlar da hər dəfə deyirlər ki, sənədlərin itib. Məndən 15 min manat pul istəyirlər. Mən də məcbur olub prezidentə müraciət etmişəm ki, mənə 15 min kredit ver, rüşvət verim, evimi alım”.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi rəsmi məktubda bildirib ki, Müdafiə Nazirliyinin sifarişi ilə 2008-ci ildə Bakının Binəqədi rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası istifadəyə verilib. Həmin binadakı mənzillərin növbəyə dayanan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri arasında bölüşdürülməsi üçün Nazirlikdə xüsusi komissiya yaradılıb. Namiq Ağayev 2008-ci ildə Binəqədi rayon icra Hakimiyyəti tərəfindən Müdafiə Nazirliyinə daxil olmuş Qarabağ müharibəsi əlillərinin siyahısında 106-cı sıra nömrəsi ilə mənzil növbəsinə dayanıb. Həmin yaşayış binasındakı mənzillər yaşayış yeri üzrə mənzil növbəsinə, Namiq Ağayevdən əvvəl mənzil növbəsinə dayanan və yaşayış yerinin yaxşılaşdırılmağa zəruri ehtiyacı olan şəxslərə paylanılıb. Binəqədi rayon icra Hakimiyyətindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olan məktuba görə, Müdafiə Nazirliyinin sifarişi ilə inşa olunan binalardan Binəqədi rayonuna mənzil ayrılmayıb. Namiq Ağayev hazırda ev növbəsində 72-ci sıradadır. Gələcəkdə Nazirliyin sifarişi ilə inşa olunacaq binalardakı mənzillərin bölgüsü zamanı Namiq Ağayevin də mənzillə təmin olunma məsələsinə növbəlilik qaydasında baxılacaq.

Metro çıxışlarındakı köşklərə gəlincə isə, strukturu və rəhbərliyi dəyişəndən sonra, Bakı Metropoliteninin ərazisindəki ticarət obyektlərinin yığışdırılmasına qərar verilib.
XS
SM
MD
LG